XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Noyabr 2017 - 00:15

“Lavrovun səfərinin məqsədi Brüssel sammiti qabağı Kremlin postulatlarını çatdırmaqdır” –Zahid Oruc

“Lavrovun Bakı və İrəvana səfəri sözügedən ölkələrlə münasibətlərin keçmişinə dair hesabat vermək, yaxud Moskvanın gələcək regional strategiyasını təqdim etməkdən daha çox qarşıdakı Brüssel sammiti ilə bağlı Kremlin əsas postulatlarını bölgə dövlətlərinə çatdırmaq məqsədi güdür”.

Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc Musavat.com-a Rusiya XİN rəhbəri Sergey Lavrovun Azərbaycan və Ermənistana səfərini şərh edərkən bunları bildirib. Rus diplomatın səfəri ətrafında səslənən şərhlərə, Kremlin Qarabağ məsələsini, yoxsa digər məsələni prioritet sayması ilə bağlı fikirlərə gəldikdə, deputat bunları deyib: “Doğrudur, informasiya məkanına verilən mesajlar daha çox Qarabağ münaqişəsi ətrafında son vəziyyətə yönəlib və görünür, Rusiya məxfi xidmət orqanları Cənubi Qafqazdakı ictimai-siyasi atmosferin hansı platforma üzərindən tez fəth olduğunu yaxşı bildiklərindən yenə də xarici işlər nazirinin dilindən Moskvanın yeganə çözüm qarantı olduğunu bizlərə xatırladır. Hələ üstəlik, belə qorxu mövcuddur ki, Qərblə yaxından inteqrasiya dövlətlərarası konfliktlərin həllini də əhatə edər və regionda fərqli geopolitik düzənə yol açar. Daha dərindən yanaşanda, belə ehtimallar qətiyyən əsassız deyil. Çünki 24 noyabrdan sonra Ermənistan və Azərbaycan rəhbərləri Avropa paytaxtları ilə imzalanmış öhdəliklər və “yol xəritəsi” fonunda təmaslarını getdikcə daha da artıracaq və nəticədə, Moskvanın tərəflərə təsir rıçaqları qat-qat zəifləyə bilər. Bir gün Quzey Kıprıs problemində olduğu kimi, Avropa Birliyi tərəfindən Qarabağ probleminin həlli üçün Rusiyadan daha cazibədar təkliflərinə şahid olar və bölgədə təhlükəsizlik təşəbbüslərini əldən verə bilər. Onda necə olsun? Pis-yaxşı köhnə dünya düzəninə əsaslanıb Amerika və Rusiyanın birgə səyləri ilə Qafqazda münaqişələrin qarşısı alınır və Lavrovun Diplomatik Akademiyada suallara cavab verərkən “bizim Ağ Evlə münasibətlərimizin pisləşməsi Qarabağ məsələsinə təsir etməyib” sözləri də dediklərimizi sübut edir”.

Z.Oruc qeyd etdi ki, Moskva Cənubi Qafqazda yeni geopolitik inqilab və ya toqquşma gözləmir: “Ona ikinci Ukrayna cəbhəsi açaraq, Avropa Birliyinə üzünü çevirməyə hazırlaşan keçmiş müttəfiqlərə təzyiq və hədələrlə yanaşı, mütləq birgə maraqlarını qoruya biləcək təşəbbüslər də gərəkdir. Resurs baxımından Qərb nə qədər güclü olsa da, Rusiyanın keçmiş sovet respublikaları üzərindəki təsir gücünü sındırmağa və cızdığı “qırmızı xətti” keçməyə gücü çatmır. Ona görə Lavrovun gətirdiyi təkliflər paketində təkcə diktat elementləri axtarmağına dəyməz. Çünki getdikcə daha çox sanksiyalara məruz qalan bir ölkə yalnız sərt hərbi dillə tərəfdarlarını artıra bilməyəcək. Vaşinqtonun Moskvanı iqtisadi-siyasi cəhətdən təcrid etmək xətti bizim ölkələri çətin vəziyyətdə qoyur. Ona görə də Rusiyanın xarici siyasət idarəsinin rəhbəri qlobal toqquşmada qonşuların özünü necə aparacağını bilmək istəyir”.

İrəvan səfəri ilə bağlı gözləntilərə gəldikdə, Z.Orucun fikrincə, Ermənistanda görüşlər zamanı hər kəs əmin olacaq ki, Moskva regiona hansı siqnalları vermək istəyir: “Ərdoğanın Putinlə görüşündən çıxış edərək, deyə bilərik ki, Ermənistan və Azərbaycan arasındakı gələcək sülh Qərbdən asılı olmamalıdır. Sadə dillə desək, Putin Suriyadakı tərəfdaş 3 ölkə ilə elə Qarabağ məsələsini də həll etmək istəyərdi. ATƏT-də iş görmək qeyri mümkün olduğundan alternativ format artıq ortadadır. Nəticə effektli olsa, onu başqa konfliktlərə də tətbiq edəcəklər”.