XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Noyabr 2017 - 17:08

Sərdar Cəlaloğlu:“Məzahir Pənahov bu sözləri deməklə səlahiyyət həddini aşıb”

“Mən düşünmürəm ki, seçkidə namizədlərin sayı çox olacaq. Çox güman ki, 7-8 nəfər namizəd olacaq. Ən uzağı keçən seçkilərdəki sayda namizədin olacağını düşünürəm. İndi namizədliyini elan eləmiş adamların bir çoxunun, ümumiyyətlə, seçkidə iştirak eləmək üçün praktiki olaraq imkanı yoxdur. Məsələn, Rəsul Quliyev və Hüseyn Abdullayev seçkidə iştirak edəcəyini bəyan edib. Halbuki onların gəlib burada seçkidə iştirak etmək imkanları yoxdur.

Strateq.az bildirir ki, bu sözləri ADP sədri Sərdar Cəlaloğlu 2018-ci ildə keçiriləcək prezident seçkilərinin perspektivini musavat.com-a şərh edərkən bildirib.

Onun sözlərinə görə, müxalifət partiyalarından isə hələlik cəmi bir neçə şəxsin namizədliyi elan olunub. Onlar da bəyan edib ki, mümkün olsa müxalifət olaraq seçkiyə vahid komanda, vahid namizədlə gedilə bilər: “Neçə nəfərin seçkidə iştirak niyyətini bildirməsi seçkidə neçə nəfərin iştirak edəcəyini dəqiq söyləməyə imkan verməz. İstəyini açıqlayanların elələri də ola bilər ki, tələb olunan sayda imzaları toplaya bilməzlər. Seçki ağır prosesdir, bunun texniki, hüquqi, maliyyə, insan resursları tərəfləri var. Seçkidə bu tələbləri yerinə yetirə bilən çox az sayda adam olacaq”.

ADP sədri MSK başçısı Məzahir Pənahovun  seçkidə iştirak üçün namizədlərin çox olacağı ilə bağlı dediklərini tənqid edib: “MSK-nın sədri və ya hansısa üzvünün seçkilərdə namizədlərin sayının çox və ya az olacağı barədə hansısa fikir bildirməsi səlahiyyət həddini aşmaqdır. Çünki MSK seçkinin texniki tərəfini təşkil etmək vəzifələrini yerinə yetirən qurumdur. Neçə nəfərin namizədliyini verib-verməyəcəyinin MSK-ya heç bir aidiyyəti yoxdur”.

Hakimiyyətə namizədlərin sayının çox, yoxsa az olmasının sərf etdiyinə gəlincə, ADP sədri bildirdi ki, rəqib düşərgədən namizədlərin sayının çox olması iqtidara sərf edir: “Seçki bataqlığı deyilən anlayış var. Bu, namizədlərin sayının çox olmasından yaranan vəziyyətdir ki, iqtidara daha çox sərf edir. Hakimiyyətdən bir namizəd olur. Müxalifətdən isə o qədər tanınmayan çoxlu sayda adam namizədliyini verəndə seçicilər seçimdə çətinlik çəkir, müxalif düşərgənin səsləri parçalanır, bir çox seçicilər isə seçim anında hakimiyyətin namizədinə səs verir. Ona görə müxalifətin mümkün qədər az sayda namizədinin olması həmişə seçkilərdə daha məqsədəuyğun sayılır. Hakimiyyətə namizədlərin sayının çox olması həm də ona görə sərf edir ki, beynəlxalq aləmə ölkədə hər bir iddiaçıya, çoxlu sayda siyasi partiyaya seçkidə iştirak etmək imkanı yaradıldığı göstərilsin”.