XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2017 - 16:26

Hökumət deputatların təkliflərini qəbul edib –Büdcəyə 141,3 milyon əlavə artım olunub  

2018-ci il üçün Azərbaycanda ehtiyac meyarının həddi 14 manat, yəni 12 faiz artırılmaqla 130 manata çatdırılıb. Odur ki, 2018-ci il dövlət büdcəsində dəyişikliklər etmək zərurəti yaranıb.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdəki çıxışı zamanı bildirib. Nazir deyib ki, ölkə prezidenti tərəfindən MM-ə təqdim olunan 2018-ci ilin büdcə zərfinin parlamentdəki müzakirəsi zamanı səslənən təkliflər barədə prezidentə məruzə olunub. Nəticədə bir sıra məsələlərlə bağlı əlavə vəsaitlərin ayrılması barədə qərar verilib. Belə ki, eşitmə qüsuru ilə yeni doğulmuş və ürək qüsuru ilə doğulmuş uşaqların müalicəsi üçün əlavə 4 milyon vəsait büdcə xərclərinə əlavə olunub. Növbəti ildən həmin xəstələrin müalicəsinə başlanacaq. S.Şərifov dedi ki, siyasi partiyalar üçün əlavə 500 min manat ayrılmaqla ümumi vəsait 3,1 milyon manata, QHT-lərə əlavə 600 min manat ayrılmaqla ümumi vəsaitin 5,6 milyon manata çatdırılması nəzərdə tutulur. Milli Məclisə isə 1 milyon 200 min manat əlavə vəsaitin ayrılması nəzərdə tutulub.

Bundan başqa ölkə prezidentinin tapşırığı əsasında Üzeyir Hacıbəyli adına simfonik orkestrinə, Naxçıvan Muxtar Respublikasına da əlavə vəsait ayrılacaq. Həmçinin təhsil sahəsinə ayrılan vəsait də artırılıb ki, bu da tələbə təqaüdlərinin verilməsinə imkan verəcək. Ümumilikdə 2018-ci ilin büdcə xərcləri 141,3 milyon manat artırılıb. S.Şərifov onu da dedi ki, səslənən digər təklif və təşəbbüslər də hökumətin diqqətində olacaq.

Ümumilikdə büdcə xərcləri 21,047 milyard manat olacaq. Spiker Oqtay Əsədov hökumətə deputatların təkliflərini nəzərə aldığı üçün təşəkkür etdi. Büdcə zərfi səsverməyə çıxarıldı və qəbul edildi. (musavat.com)