XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

08 Dekabr 2017 - 12:58

“Növbəti aylar Ermənistanın ciddi tərəfdaş olub-olmadığını nümayiş etdirəcək” –Məmmədyarov

“Danışıqların yenidən başlanması üçün ön şərtin irəli sürülməsi cəhdləri uğursuzluğa məhkumdur”.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 7-si Vyanada, ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında belə deyib. Mfa.gov.az-ın rəsmi məlumatına görə, nazir çıxışında dekabrın 6-sı ermənistanlı həmkarı və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə saatlarla danışıqlar apardığını vurğulayıb: “Substantiv, nəticə yönümlü danışıqların canlanması müəyyən nikbinlik verir. Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 16-sı Cenevrədə görüşməsi doğru addım idi. Görüş sübut etdi ki, substantiv danışıqların yenidən başlanması üçün ön şərtin irəli sürülməsi cəhdləri uğursuzluğa məhkumdur.

Cenevrə görüşünün ardınca Azərbaycan həmsədrlərlə birlikdə münaqişənin həlli istiqamətində tərəflərin mövqelərini yaxınlaşdıracaq yolların tapılması məqsədilə substantiv məsələlərə diqqət yönəldib. Buna baxmayaraq regiondakı bəzi qüvvələrin qəbuledilməz və qeyri-davamlı vəziyyətin dəyişdirilməsinə yönəlmiş zəruri siyasi addımlar atmaqda maraqlı olmaması ciddi narahatlıq doğurur. Rəsmi Yerevan Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki mənzərəsinin dəyişdirilməsinə yönəlmiş qeyri-qanuni addımlarını davam etdirməklə hərbi işğalın möhkəmləndirilməsinə istiqamətlənmiş məqsədyönlü siyasət apardığını nümayiş etdirir. 1993-cü ildə işğal olunana qədər yalnız azərbaycanlıların yaşadığı Cəbrayıl rayonunda kilsənin açılması Ermənistanın beynəlxalq humanitar hüququ kobudluqla pozmasının daha bir göstəricisidir. Ermənistan təxribatçı addımlarına paralel olaraq işğal olunmuş ərazilərə müvafiq beynəlxalq qurumlardan ibarət missiyaların göndərilməsinə dair təkliflərimizi rədd edir.

Təmas xətti boyunca həyata keçirdiyi hərbi təxribatlar daxil olmaqla Ermənistanın işğal olunmuş ərazilərdə keçirdiyi hərbi təlimlər və bu kimi digər addımları sülh səylərini pozur. ATƏT-in Minsk qrupu və həmsədrlər bütün bunlarla bağlı hərtərəfli tədbirlər görməlidir. Harada olmasından asılı olmayaraq ATƏT dövlətləri fiziki və hüquqi şəxslərin qeyri-qanuni iqtisadi və digər xarakterli fəaliyyətlərinin qarşısını almaq məqsədilə beynəlxalq humanitar hüquq və insan hüquqları üzrə alətlərdə təsbit edilmiş öhdəliklərini yerinə yetirməlidir”.

Elmar Məmmədyarov qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktının prinsipləri, ATƏT-in sənədləri Dağlıq Qarabağ münaqişəsinin həlli və Minsk qrupu həmsədrlərinin mandatının əsasını təşkil edir: “Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş qətnamələri işğalçı qüvvələrin Azərbaycanın bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir, qarşılıqlı addım olaraq kommunikasiya və nəqliyyat xətlərinin açılmasına çağırış edir və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmalarına yardım edilməsinə israr edir. Bu yanaşmanın əsas mahiyyəti münaqişənin nəticələrinin aradan qaldırılmasına və həll olunmamış siyasi məsələlərin sülh konfransı çərçivəsində müzakirə edilməsinə əsaslanır. Ermənistan həqiqətən də münaqişənin siyasi yolla həllini tapmaqda maraqlıdırsa, o zaman münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməlidir. Növbəti aylar Ermənistanın sülhün əldə edilməsində ciddi tərəfdaş olub-olmadığını, münaqişənin həllində irəliləyişin əldə edilməsi və onun həlli üçün substantiv danışıqlarda konstruktiv şəkildə iştirak edib-etməyəcəyini və yaxud əlavə qeyri-sabitlik və münaqişəyə doğru yuvarlanacağımızı nümayiş etdirəcək. Azərbaycan BMT nizamnaməsinin 7-ci fəsli əsasına təsbit olunmuş hüquqlarını özündə saxlayır”.

Nazir əlavə edib ki, ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulması Ukrayna, Gürcüstan və Moldovada da müşahidə olunur: “Hesab edirik ki, sözügedən münaqişələrin davamlı həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə ATƏT ölkələrinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini toxunulmazlığına hörmət vasitəsilə təmin oluna bilər”.

Dekabrın 7-si Vyanada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat da yayılıb. APA-nın məlumatına görə, Minsk qrupu həmsədrlərinin ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasındakı nümayəndə heyətlərinin rəhbərləri – Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Reks Tillerson və Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronika Roger Lacanın birgə bəyanatında deyilir ki, həmsədr ölkələr Helsinki Yekun Aktında göstərilən güc tətbiq etməmə, güc tətbiqi ilə təhdid etməmə, ərazi bütövlüyü, bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyin etmə prinsiplərini əsas götürərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçilik missiyasında birgə mövqedən çıxış edirlər: “Biz region xalqlarının həqiqətən barışması üçün yeganə yol olan danışıqlara dair birgə öhdəliyimizi bir daha təkrarlayırıq. Danışıqların oktyabrın 16-da Vyanada yüksək səviyyədə bərpasını və Minsk qrupu həmsədrlərinin təşkilatçılığı ilə xarici işlər nazirlərinin 6 dekabr görüşünü alqışlayırıq. İntensiv dialoqdan razılığımızı ifadə edirik və tərəfləri öz səylərini siyasi nizamlanmanın substantiv məsələlərində güzəştli həllə kökləməyə çağırırıq”.

1988-ci ildə başlayan Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını, eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib. 1994-cü ildə elan olunan atəşkəsdən bəri sülh danışıqları heç bir nəticə vermir.

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimləməsi üçün 1992-ci ildə yaradılan Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.

Novator.az xatırladır ki, hazırda Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri əsasında aparılır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin – Rusiya, Fransa və ABŞ-ın 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılmasını; Dağlıq Qarabağa aralıq statusun verilməsini; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını; gələcəkdə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatını nəzərdə tutur.