XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

12 Dekabr 2017 - 17:22

Çingiz Əsgərovdan Avropa Məhkəməsinin qərarı haqda açıqlama:"Maddi və mənəvi təzminat çox azdır”

“Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının müəyyən etdiyi maddi və mənəvi təzminat çox azdır”.

Bunu AzVision.az-a açıqlamasında Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov bildirib:

“Avropa İnsan Haqları Məhkəməsi 2015-ci il iyunun 16-da Ermənistan Respublikası tərəfindən 6 nəfərin hüquqlarının pozulması, onların evlərinin dağıdılması, yurdsuz qalması, məcburi köçkün vəziyyətinə salınması və digər pozuntular barədə qərar qəbul etmişdi. Bu qədər pozuntu qarşısında Avropa Məhkəməsinin hər bir şikayətçiyə 5 min avro həm maddi, həm mənəvi ziyana görə kompensasiya müəyyən etməsi gülüncdür. Digər qərarlara baxanda, məsələn, kiminsə bir gün həbsdə qalmasına görə 10 min avro təyin etməsi qarşılığında bu qərar anlaşılan deyil”.

Ç.Əsgərov hesab edir ki, bu qərar Avropa Məhkəməsi tərəfindən ikili standartların tətbiq edilməsindən xəbər verir: “Qərardan şikayət verilə bilməz. Çünki qərarı Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası qəbul edib. Bundan şikayət vermək mümkün deyil. Ermənistan tərəfi bu günə qədər “Çıraqovlar və digərlərinin Ermənistana qarşı” işi üzrə qərarın icrası ilə bağlı hansı tədbirlərin görüləcəyi barədə Avropa Şurasının Nazirlər Komitəsinə Tədbirlər Planı təqdim etməyib. Bu məsələ ilə bağlı necə davranacaqlarını isə bilmirik”.

Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzə yeni qərar çıxarıb. Qərara əsasən Ermənistan hökuməti vurduğu maddi və mənəvi ziyan qarşılığında 6 şikayətçinin hər birinə 5 min avro və ümumi xərclər üçün 28 642 funt-sterlinq ödəniş etməlidir. Ermənistan hökumətinə təzminatın ödənilməsi üçün 3 ay vaxt verilib.