XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

17 Dekabr 2017 - 14:10

Misir Mərdanov:“Heydər Əliyev əsəbi halda mənə “bu nə siyahıdır, təzə hökumət yaradırsınız?” dedi”

Sabiq təhsil naziri, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru,  professor  Misir Mərdanov mərhum prezident Heydər Əliyev haqqında xatirələrini yazıb. “525-ci qəzet”də çap olunan bu xatirələrdə sabiq nazir eks-prezidentin təhsil və pedaqoji məsələyə diqqətindən və digər məqamlardan söz açıb.

Strateq.az qısa ixtisarla həmin yazını oxucularına təqdim edir:

 

“Bu qərarı olmasaydı, bir çox dövlət universitetləri fəaliyyətlərini  dayandırmalı olacaqdı”

 

Bəzən məndən soruşurlar ki, Heydər Əliyevlə işləmək çətin idimi? Bəli, ulu öndər çox tələbkar, verdiyi hər bir tapşırığın icrasında maksimum mükəmməllik tələb edən bir rəhbər idi. Heç nə onun yadından çıxmırdı, ən xırda detal belə nəzərindən yayınmırdı. Amma Heydər Əliyevin etimadına layiq olmaq, onun qarşıya qoyduğu vəzifələri yerinə yetirmək, həm də böyük şərəf və məsuliyyət idi.

Nazir vəzifəsinə təyin edərkən o, mənə bir çox tapşırıqlar vermişdi. Bunlar, əsasən, ali təhsil sistemindəki qeyri-qənaətbəxş vəziyyətlə bağlı idi. Heydər Əliyev özəl ali məktəblərə lisenziya verən komissiyanı – Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasını ləğv etdi. Tezliklə, Azərbaycan Respublikasında Təhsil İslahatları üzrə komissiya yaradıldı və bu komissiyanın sədri təyin olundum. Komissiya bir il ərzində Azərbaycanda məktəbəqədər tərbiyədən ali təhsilə qədər bütün istiqamətlər üzrə islahatlar proqramı hazırladı. Heydər Əliyev iki dəfə Prezident Administrasiyasında bu proqram üzrə müzakirə keçirdi. Dünya Bankını da prosesə cəlb etdi. Proqram 1999-cu ilin 15 iyununda Milli Qurtuluş Günü təsdiqləndi. İndi fikirləşirəm ki, bu simvolik məqamın özü də Heydər Əliyevin təhsilə qayğısının təzahürü idi.

1993-cü ildən başlayaraq büdcədən təhsil üçün nəzərdə tutulan vəsaitin həcmi ildən-ilə artırılırdı. Əgər 1995-ci ildə təhsilin ehtiyaclarına ümumi büdcənin 17 faizi ayrılmışdısa, 2001-ci ildə bu rəqəm artıq 23 faiz idi. Ərazisinin 20 faizi işğal altında olan, 1 milyondan çox əhalisi məcburi köçkün vəziyyətində yaşayan ölkə üçün bu, çox yüksək göstərici sayıla bilərdi. Heydər Əliyevin hakimiyyəti dövründə dövlət ali məktəblərində pulsuz təhsillə yanaşı, ödənişli təhsilin də tətbiqi bu təhsil müəssisələrinin maddi problemlərinin həllinə böyük kömək göstərdi. Bu, dövlət ali məktəblərinin qismən maliyyə müstəqilliyi qazanmasına, gəlir əldə etməsinə və həmin gəlirlər hesabına pedaqoji heyətin əmək haqlarının artırılmasına, bir sıra maddi-texniki problemlərin həllinə böyük kömək oldu. 1994-cü ildən ali məktəblərə ödənişli təhsildən vəsait daxil olmağa başladı. Yalnız bundan sonra müəllimlərin xaricə axını dayandı, müəllimlərin əmək haqlarına əlavələr edildi. Universitetlərin maddi-texniki bazası tədricən möhkəmləndirildi. Belə bir addım azad bazar iqtisadiyyatı prinsiplərini aydın dərk edən, qabaqcıl ölkələrin təhsil sistemindəki müasir inkişaf meyllərini yüksək fəhmi ilə dərindən duya bilən Heydər Əliyevin ölkənin təhsil həyatına qazandırdığı böyük nailiyyət idi. Tam məsuliyyətimlə bildirirəm ki, əgər Heydər Əliyevin bu qərarı olmasaydı, bir çox dövlət universitetləri fəaliyyətlərini sadəcə dayandırmaq məcburiyyətində qalacaqdı.

Azərbaycanın ilk xalq müəllimi 

1998-ci ilin 25 sentyabrında müstəqil Azərbaycan müəllimlərinin birinci qurultayı keçirildi. Qurultaya hazırlıqla bağlı bütün məsələlərə rəhbərlik edir və onları Prezident Administrasiyasının müvafiq şöbəsi ilə razılaşdırırdım. Qurultay indiki Heydər Əliyev sarayında təşkil olunmuşdu. Səhər saat 10-da Ulu öndəri sarayın girişində qarşıladıq, müşayiətimizlə zala daxil oldu.

Onu da xüsusi qeyd edim ki, qurultayda Heydər Əliyevə Azərbaycanın xalq müəllimi adının verilməsi üçün ölkə müəllimlərindən təkliflər daxil olmuşdu. Biz qərara gəlmişdik ki, qurultayda müəllimlərin bu arzusunu yerinə yetirək.

Amma bu həm də riskli iş idi. Çünki o ərəfələrdə ona fəxri akademik adı vermək istəmişdilər. Heydər Əliyev isə etiraz etmişdi ki, axı, mən elm xadimi deyiləm. Amma hər halda diplomu hazırlamışdım. Qurultaydakı çıxışıma da ciddi hazırlaşmışdım. Nazirliyin aparatından, eləcə də tabeliyində olan digər təşkilatlardan mütəxəssislər qrupu toplamış, bir neçə ay məruzənin məzmunu üzərində işləmişdik.

Qurultay başlandı, Heydər Əliyev ağsaqqal müəllimlər, ölkəmizin hörmətli ziyalıları sırasında əyləşdi. Qurultaydakı çıxışım bir saata yaxın çəkdi, aparıcı fasilə elan edəndə Heydər Əliyevə yaxınlaşıb həyəcanla onun reaksiyasını gözlədim.  Prezident əlimi sıxdı:

– Çox sağ ol, məruzən xoşuma gəldi, indi planınızda nə var?

Bildirdim ki, foyedə sərgi açılıb, baxmaq istərdinizmi?

– Əlbəttə. Mütləq.

Sərgiyə tərəf getdik. Foyedə izdiham toplaşmışdı. Mühafizəçilər sədd yaratmışdılar ki, kütlə Prezidentin eksponatlara baxmasına mane olmasın. Heydər Əliyev bunu görüb şəxsi mühafizə dəstəsinin rəisini yanına çağırıb etiraz etdi: – Sən niyə müəllimlərlə aramda sədd yaradırsan? Adamlarını oradan yığışdır. Məni müəllimlərdən qorumaq lazım deyil.

Pedaqoqlar bir anda Heydər Əliyevi əhatəyə aldılar. Onlarla ünsiyyət Heydər Əliyevə çox xoş idi. Hamılıqla sərgiyə baxıb yenidən zala qayıtdıq.

Azərbaycanda təhsil şurasının yaradılması haqqında məsələ qaldırmağı da planlaşdırmışdıq. Bu şuraya təhsillə, tədris müəssisələri ilə bu və ya digər dərəcədə əlaqəsi olan bütün nazirləri daxil etmişdik. Təxminən yüz nəfərə yaxın bir qrup alınmışdı. Siyahıdakı adları oxuyanda Heydər Əliyev əsəbiliklə ayağa qalxdı:

– Bu nə siyahıdır belə, siz təzə hökumət yaradırsınız, nədir? Bu, ictimai təşkilat olmalıdır. Onun üzvlüyünə bir nəfər belə vəzifə sahibi  daxil olmamalıdır. Təklif edirəm ki, siyahıya təzədən baxasınız.

Onun bu replikasını hamı alqışladı. Sonra Ulu öndər qurultay nümayəndələri qarşısında həqiqətən də tarixi, proqram xarakterli nitq söylədi. Bundan sonra iclasa sədrlik edən Sona Tağıyeva Heydər Əliyevin "Azərbaycanın xalq müəllimi" fəxri adı ilə təltif edilməsi barədə qurultayın qərarını oxudu. Gözlədiyimizin əksinə olaraq, Heydər Əliyev bu mükafatı böyük məmnuniyyətlə qəbul etdi. Biz əvvəlcədən  hazırladığımız diplomu ona təqdim etdik. Onu da qeyd edim ki, o vaxt Ulu öndər Azərbaycanın xalq müəllimi adını daşıyan ilk və yeganə insan oldu. Fikrimcə, bu, ümummilli liderin şərəfli müəllim adına, ümumən təhsil işçilərinə böyük hörmət və ehtiramının təcəssümü idi.

Televiziyada bildirmişdilər ki, təhsil naziri Allahsızdır 

Bir vaxtlar məktəb kursuna islamın əsaslarının gətirilməsi barədə cəmiyyətdə müzakirələr gedirdi. Dünyəvi və çoxmillətli bir dövlətin təhsil naziri olaraq, təbii ki, bunun əleyhinə idim. Müxtəlif çıxışlarımda bu barədə mövqeyimi gizlətmirdim. Fikrimi ən çox belə əsaslandırırdım ki, onsuz da, məktəb proqramlarında ayrı-ayrı humanitar fənlərin tərkibində dinlərin, o cümlədən, islamın öyrənilməsinə 150 saatdan çox vaxt ayrılır. Belə olan halda məktəb proqramına islamla bağlı əlahiddə bir fənnin daxil edilməsinə ehtiyac yoxdur.  Ona görə də müxtəlif dairələrdən mənə qarşı güclü təzyiqlər başlamışdı. Hətta bir dəfə televiziya ilə veriliş təşkil edib, orada təhsil nazirinin Allahsız olduğunu çatdırmışdılar. Məni məhkəmə ilə hədələyənlər də vardı. Bir sözlə, fəal surətdə ictimai rəy yaradılır, məsələ qızışdırılırdı. Tərslikdən Heydər Əliyevin də qəbuluna düşə bilmirdim. Hiss edirdim ki, yolumu bağlayanlar var.

Vəziyyətdən çıxmağa bir təsadüf kömək oldu. Onda Bakıda Çin səfirliyi açılırdı. Açılış mərasiminə Ulu öndərin də gəlməsi nəzərdə tutulmuşdu. Amma onun əvəzinə Milli Məclisin sədri Murtuz Ələsgərov gəldi. Mərasimdə, İlham Əliyev və Mehriban xanım Əliyeva ilə yanaşı dayanmışdıq. Yaranmış ünsiyyət imkanından istifadə edərək məsələni onların diqqətinə çatdırdım. Müəyyən şübhələrimi söylədim. Dedim ki, İlham müəllim, çətin problem qarşısında qalmışam. Müəyyən adamlar məni məcbur edirlər ki, məktəb proqramlarına islamın öyrənilməsini ayrıca fənn kimi salım. Bu isə dövlətimizin dünyəviliyi prinsiplərinə ziddir. İlham Əliyev onların kimliyini soruşdu. Mən konkret adlar çəkərək bildirdim ki, bu adamlar hətta kitab da yazıblar. İlham Əliyev güldü. Dedi, narahat olmayın, Misir müəllim, hər şey yaxşı olacaq.

Bu söhbətin nəticəsini elə ertəsi gündən hiss etməyə başladım. Doğrudur, mənə heç kim heç nə demədi. Amma hiss etdim ki, daha bu mövzunu gündəmə gətirib qızışdıran yoxdur. Deməli, Prezident özü də bu məsələnin əleyhinə imiş. 

"Polad Bülübüloğlu dedi ki, "Küçələrə su səpmişəm" mahnısının sözlərini bilmirəm"

Hərdən onu da soruşurlar ki, heç Heydər Əliyevi qalstuksuz görmüsənmi?! O, qeyri-rəsmi məclislərdə necə idi? Bununla bağlı bir hadisəni xatırlayım. Heydər Əliyevin yaxın dostu, məşhur həkim, Türkiyənin tanınmış ictimai xadimi İhsan Doğramaci Prezidentin dəvəti ilə Azərbaycana gəlmişdi ki, öz yubileyini burada onunla birgə keçirsin. Heydər Əliyev səfərin və yubileyin təşkilati işlərini mənə tapşırmışdı.

Yubiley günü zəng vurub Heydər Əliyevin mənimlə danışmaq istədiyini dedilər. Bir azdan dəstəkdə Ulu öndərin səsini eşitdim:

– Hə, hazırlıq işləri necə gedir?! Mənə çatdırıblar ki, hər şey qaydasındadır.

Cavab verdim ki, tapşırılan bütün işlər yerinə yetirilib. Hədiyyələr, mehmanxanada yer, hamısı hazırdır. Bir azdan hava limanına gedib qonağı qarşılayacağıq.

– Bəs kim çıxış edəcək? – deyə xəbər aldı.

  Çıxış edəcək adamların adlarını bir-bir sadaladım. Heydər Əliyev gözlənilmədən soruşdu:

– Bunları bildim, bəs sən nə edəcəksən?!

Mənə ancaq hazırlıq işlərinin tapşırıldığını və bu işləri yerinə yetirdiyimi söylədim. Ulu öndərin  təklifi  sanki ürəyimdən xəbər verdi:

– İclası apara bilərsənmi?

Beləliklə, iclasın aparıcılığını mən etməli oldum. Yaddaqalan bir yubiley mərasimi alındı. Yığıncaqdan sonra kiçik əhatədə şam yeməyi oldu. Orada Heydər Əliyev, ailəsi ilə birgə yubilyar özü, mən, o vaxt mədəniyyət naziri olan Polad Bülbüloğlu, Türkiyənin ölkəmizdəki səfiri və başqa bir neçə nəfər vardı. Küncdə piano qoyulmuşdu. Heydər Əliyev üzünü Polad Bülbüloğluna tutdu:

– Polad, burada piano da var, bəlkə bizim üçün bir mahnı oxuyasan?

Polad Bülbüloğlu dərhal piano arxasına keçib soruşdu:

– Hansı mahnını dinləmək istərdiniz?

– "Küçələrə su səpmişəm"…

– Əfsus ki, bunu oxuya bilməyəcəyəm, – Polad məyusluqla gülümsündü, – Mahnının sözlərini bilmirəm.

  – Necə yəni bilmirsən?! – Heydər Əliyev güldü, – Yaxşı, narahat olma, mən sənə kömək edərəm.   

Polad pianoda ifaya başladı. Heydər Əliyev ayağa durub, İhsan Doğramacini da qaldırdı. Təəssüf ki, həmin epizod videoya çəkilməyib. Görəydiniz, Heydər Əliyev orada necə gözəl oxuyurdu! Bunu unutmaq mümkün deyil.