XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

14 Aprel 2015 - 03:00

İranla razılaşma: Azərbaycana təhlükə, yoxsa fayda?

İranla razılaşma: Azərbaycana təhlükə, yoxsa fayda?

Əli Məsimli: “İranda yaşayan bacı və qardaşlarımızın əmin-amanlığı, rifahı bizim üçün prioritet məsələlərdən biridir”

İranın nüvə proqramı ilə bağlı əldə olunan razılaşmaya, Vaşinqtonla Tehranın mühüm anlaşma əldə etməsinə Azərbaycanın maraqları baxımından müxtəlif cür yanaşanlar var. Bəzi ekspertlər bunu Azərbaycan üçün müstəsna əhəmiyyətli hadisə sayır, digər bir qisim isə ölkəmizin regionda əhəmiyyətinin azalacağı qənaətindədir.
İqtisadçı alim, deputat Əli Məsimlinin isə yanaşması fərqlidir: “Belə bir razılaşma qlobal təhlükəsizliklə yanaşı, Azərbaycanın da yerləşdiyi və dünyanın ən qaynar nöqtələrindən biri hesab olunan regionumuzda təhlükəsizlik, sabitliyə xidmət etmiş olar. Bu, həm də İranın iqtisadi durumunun yaxşılaşmasında mühüm rol oynayacaq. Azərbaycan Respublikasının rəsmi statistikasında əhalinin sayı 10 milyon nəfərə çatmasa da, biz yeni bir müstəqil dövlət olaraq 50 milyondan artıq azərbaycanlı soydaşlarımızın mənəvi yükünü də daşıyırıq. Onların da əksər hissəsi İranda yaşayır. İranda yaşayan bacı və qardaşlarımızın əmin-amanlığı, rifahı bizim üçün prioritet məsələlərdən biridir. Bu baxımdan sözügedən saziş İranda yaşayan soydaşlarımızın mənafeyinin reallaşmasına xidmət etməsi böyük önəm daşıyır. Sanksiyaların götürülməsi iqtisadi canlanmaya səbəb olacaq və bu da xüsusən hər iki ölkənin sərhəd zolağında yaşayanların həyat və fəaliyyətinə müsbət təsir göstərəcək. Sanksiyalar götürüldükdən sonra İranın Avropanın enerji təhlükəsizliyində yeni rolu meydana gələ bilər”.
Ə.Məsimli deyir ki, İranın nüvə proqramı ilə bağlı əldə olunan razılaşmanı praqmatizmin ideologiya üzərindəki qələbəsinin yeni nümunələrindən biri kimi dəyərləndirmək olar: “Bu saziş bir daha məşhur bir kəlamı gündəmə gətirdi ki, “bizim daimi müttəfiqlərimiz və düşmənlərimiz yox, daimi və əbədi maraqlarımız var və həmin maraqları müdafiə etmək bizim borcumuzdur” . Bu baxımdan açılmaz düyünə düşmüş bu məsələnın məhz indi çözülməsinə başlanmasında bir nüansa daha çox diqqət yetirilməsini vacib hesab edirik. Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın Şərqində separatizmi dəstəkəməsi nəticəsində dünya düzənindəki yeni tendensiyalar bir qütblü dünyanın mütləq favoriti olan Amerikanın statusunu azaldaraq rəqibsiz superdövlətdən güclü qlobal oyunçulardan birinə çevrilməsi, Rusiyanın isə güclü regional oyunçudan qlobal oyunçuya çevrilməsi prosesini bir-birinə qarışdırıb və çox təhlükəli bir durum yaradıb. Ona görə də böyük ehtimalla Amerika İranın nüvə proqramı məsələsini saziş müstəvisində çözməklə Rusiya ilə daha çox məşğul olmağa əlavə şans qazanır. Bununla belə, hazırkı mürəkkəb və təhlükəli bir geosiyasi şəraitdə İran və dünya gücləri arasında sazişə aparan yolda çərçivə sazişinin əldə olunması öz özlüyündə çox mühüm hadisədir. Əgər bu ilin ortalarına qədər tam razılaşma əldə oluna və maraqların konfliktindən BMT Təhlükəsizlik Şurasının Rusiya qarışıq bütün beş üzvünın maraqların balanslaşmasına nail oluna bilinsə, bunu “tarixi razılaşma” adlandırmaq olar. çünki BMT Təhlükəsizlik Şurasının beş üzvü və Almaniya (P5+1) ilə İran gələcək hərtərəfli sazişin “əsas parametrləri” barədə tam razılığa gəlməsi qlobal və regional təhlükəsizliyə öz töhfəsini verməklə yanaşı, həm də Ukrayna ətrafındakı böhran nəticəsində yaranmış qeyri müəyyənliyə də danışıqlar stolu arxasında aydınlıq gəlməsinə yeni bir şans yaranmasına özünəməxsuss şəkildə təsir edə bilər”.
Ə.Məsimlinin sözlərinə görə, bu razılaşma neftin qiymətinə hələlik yalnız psixoloji cəhətdən təsir edə bilər: “Ona görə ki, hələlik söhbət böyük sazişə aparan yolun çərçivə sazışındən gedir. Əgər BMT Təhlükəsizlik Şurasının beş üzvü və Almaniya (P5+1) ilə İran gələcək hərtərəfli sazişin “əsas parametrləri” ni də razılaşdıra bilsə və yekun saziş imzalansa, onda Amerikanın və BMT-nin sanksiyaları mərhələlərlə aradan qaldırılacaq. Yalnız bundan sonra İran beynəlxalq izolyasiyadan çıxa, zəngin neft-qaz resursları ilə dünya enerjidaşıyıcıları bazarına çıxa, neft-qaz bazarında öz potensialına uyğun mövqeyini sərgiləyə və enerjidaşıyıcıları bazarına müəyyən təsir edə bilər. Amma bu, hipotezadır. çünki reallıqdan çıxış edəndə, neftin qiymətinə qlobal tələb-təklif amilini inkar etmədən əsas təsiri, istəyəndə ABŞ və Səudiyyə Ərəbistanı göstərə bilir. Həm də İran neftinin maya dəyəri aşağı olduğundan, onu neftin qiymətindən daha çox dünya bazarına çıxması maraqlandırır”.