XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

14 Aprel 2015 - 06:30

Oqtay Haqverdiyev: “Monopoliyanın bir ucu gedib məmurlara çıxır”

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında ölkənin dərman bazarında hökm sürən vəziyyətdən kəskin narazılığı medianın ən çox müzakirə edilən mövzularından birinə çevrilib.

Xatırladaq ki, Prezident dərmanların baha satıldığını deyib və səhiyyə nazirinə bu sahədə hökm sürən özbaşınalıqların aradan qaldırılması üçün tapşırıqlar verib.

Bu mövzunun nazirlərin iştirakı ilə keçirilən müşavirədə diqqətə gətirilməsi Prezidentin ölkədə baş verən bütün proseslərdən detallıca məlumatlı olmasından xəbər verir.

Göründüyü kimi, bu problem o qədər ciddiləşib ki, Prezident Nazirlər Kabinetinin iclasında məsələni kəskin qoymalı olub.

Artıq dərmanlara vahid qiymətin tətbiq edilməsi barədə qərarın verildiyi və yaxın günlərdə Nazirlər Kabinetinin vahid tarifləri təsdiqləyəcəyi haqda fikirlər var. Təbiidir ki, bu qərar monopolistlərin ürəyincə olmaya bilər. Ancaq ortada ciddi siyasi iradənin olmasının simptomları nəzərə çarpır və təbiidir ki, belə vəziyyətdə hansısa iqtisadi sabotaj meyllərinin olmasından söhbət belə gedə bilməz. Qeyd edək ki, monopoliyanın ləğvi məsələsində yalnız dərman satışı nəzərdə tutulmur. çünki etiraf olunmalıdır ki, bəzi sahələrdə bu xoşagəlməz təzahürlər özünü göstərir.

Prezidentin inhisarçılara qarşı cəbhə açması Azərbaycan iqtisadiyyatına nə verə bilər?

İqtisadçı Oqtay Haqverdiyev açıqlamasında bildirdi ki, monopoliyanın olması mətbuatda çoxdandır səsləndirilirdi: “Belə mənfi təzahürlər hər yerdə var. Təbiidir ki, bütün bunlar iqtisadiyyatda parazit amillər sayılır. Korrupsiya, monopoliya olan yerdə iqtisadi irəliləyiş zəif olur. Nazirlər Kabinetinin iclasında bu fikirlərin Prezidentin çıxışında səsləndirilməsi məsələnin ciddiliyindən xəbər verir. Düzdür, Prezident daha çox dərman inhisarçılığından danışdı, ancaq bu o demək deyil ki, digər sahələr kənarda qalacaq. Monopoliya ilk növbədə sağlam rəqabətin qarşısını alır. Sağlam rəqabət olmayan yerdə isə iqtisadi irəliləyişdən söhbət gedə bilməz. çünki bazar tələb və təklif əsasında formalaşır. Təklif çox olanda alıcı seçim edə bilir. Bu da yaxşı və keyfiyyətli əmtəələrin daha çox satılmasına gətirir. Mən sadə izahını verdim. Böyük mənada da bu belədir. Araşdırsanız görəcəksiniz ki, ölkəmizdə olan monopolistlər daha çox inzibati rıçaqlardan istifadə edir. Bunun bir ucu gedib çıxır məmurlara. Hər zaman deyirdilər ki, bu amillə mübarizə üçün güclü siyasi iradə ortaya qoyulmalıdır. Həmin iradə artıq var və bundan güclüsü ola bilməz. İndi söz əlaqədar qurumlarındır. Birmənalı şəkildə bəyan edirəm ki, monopoliyanın aradan tam qaldırılması nəticəsində ölkənin iqtisadiyyatında sürətli sıçrayış olacaq”.

Məhəmmədəli QƏRİBLİ