XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

25 Dekabr 2017 - 17:05

“Chatham House”un analitiki:“Xəzərin statusu ilə bağlı danışıqlar yekun mərhələyə daxil olub”

Dekabrda Moskvada Xəzəryanı ölkələrin – Azərbaycan, İran, Rusiya, Qazaxıstan, Türkmənistan Xarici İşlər Nazirlərinin iclası keçirildi. Görüşün yekunları ilə bağlı Rusiya xarici işlər naziri Sergey Lavrov bildirdi ki, tərəflər Xəzərin hüquqi statusunun müəyyən olunması ilə bağlı bütün başlıca məsələləri razılaşdırıblar. Nazirin sözlərinə görə, sənəd 2018-ci ilin birinci yarısında, Xəzəryanı "beşliy”in Astanada keçiriləcək toplantısında təsdiq olunacaq. Ən önəmlisi odur ki, əksəriyyət görüşün nəticəsini birmənalı olaraq ciddi irəliləyiş kimi qiymətləndir.

Məsələn, Rusiya və Avrasiyanın tədqiqi ilə məşğul olan "Chatham House” Beynəlxalq Münasibətlər İnstitutunun analitiki Stanislav Pritçin "Nezavisimaya qazeta” qəzetində qeyd edir ki, 20 ildən artıq sürən intensiv danışıqlar nəticəsində tərəflər nəhayət ki, region üçün böyük əhəmiyyət kəsb edən və Xəzərin beynəlxalq-hüquqi statusunu müəyyən edəcək sənədin imzalanması mərhələsinə daxil olublar. Müəllif yazır ki, XİN rəhbərlərinin Moskva toplantısı əvvəlcə optimist əhval-ruhiyyə üçün hər hansı bir ciddi əsas vermirdi. O, xatırladır ki, Xəzərin statusu ilə bağlı rəsmi danışıqlar 1996-cı ildə başlayıb. O zaman nazir müavinləri səviyyəsində xüsusi işçi qrup yaradıldı. 21 il ərzində işçi qrup səviyyəsində 40 görüş, nazirlərin 5, dövlət başçılarının isə 4 sammiti keçirilib. "Demək olmaz ki, bütün bu danışıqlar nəticəsiz başa çatıb. Məsələn, Tehranda 2007-ci ildə tərəflər təhlükəsizlik və ekologiya sahəsində əməkdaşlıqla bağlı əsas məsələləri razılaşdırdı. "Beşlik” dəniz mühitinin qorunması üzrə 25 bənddən ibarət  Konvensiyanı qəbul etdi. 2010-cu ildə Bakıda Xəzəryanı dövlətlərin liderləri Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı əhəmiyyətli bir sənədə imza atdılar. Bu sənəd qeyri-hərbi sahədə qarşılıqlı münasibətləri reqlamentləşdirdi. 2014-cü il oktyabrında Həştərxanda keçirilən növbəti sammitdə isə belə bir təəssürat yarandı ki, tərəflər danışıqları başa çatdırmağa hazırdırlar. Bunu görüş iştirakçıları da tədbirdən qabaq bəyan edirdilər. Lakin bu, baş vermədi. Prezidentlər əhəmiyyətli siyasi bəyanat verdilər, eləcə də, iqtisadi və balıqçılıq sahələrinin ölçülərini razılaşdırdılar. Lakin yekun konvensiya qəbul edilmədi. Prinsip etibarilə, növbəti görüş rotasiya qaydasında Qazaxıstanda keçirilməli idi. Özü də Həştərxan görüşünün yekununda prezidentlər qərara almışdılar ki, növbəti görüş 2016-cı ildə keçirilsin. Lakin nə ötən il, nə də bu il görüş baş tutmadı. Bu səbəbdən də XİN rəhbərlərinin dekabr ayında keçirilən toplantısından heç kim ciddi irəliləyiş gözləmirdi. Lakin bu, baş verdi. Rusiya XİN rəhbərinin bəyanatına görə, görüşün yekununda tərəflər açıq qalan məsələlərlə, o cümlədən yekun sənədin qəbulu ilə bağlı razılığa gələ biliblər. Nazirin sözlərinə görə, Konvensiyanın mətni hazırdır. Yazın vaxtlarda redaktə tipli düzəlişlər ediləcək, mili dillərə tərcümə ediləcək. Sənədin imzalanması 2018-ci ilin birinci yarısında Qazaxıstanda imzalanacaq”, – deyə ekspert yazıb.

Onun sözlərinə görə, Rusiya XİN rəhbəri yekun çıxışında iki əsas problemi sadalayıb.

"Bu, ərazi məsələsi və transxəzər boru kəmərləri layihələrinin taleyidir. Xəzərin bölgüsü problemi ən mürəkkəb və əhəmiyyətli məsələ kimi uzun müddət həlini tapmayıb. Sovet-İran razılaşmalarının hüquqi varisi qismində çıxış edən Moskva və Tehran əvvəllər israr edirdilər ki, bölgü kondominium prinsipi ( birgə istifadə) ilə  həyata keçirilsin. Bu da Xəzəryanı dövlətlərin dənizin resurslarından birgə istifadə etməni nəzərdə tuturdu. Lakin müstəqil dövlətlər Xəzərin müstəqil şəkildə mənimsənilməsini milli suverenliyin təminatında əhəmiyyətli şərt kimi qəbul edirdilər. Məsələn, Azərbaycan 1994-cü ildə "Azər-Çıraq-Günəşli” yataqlarının işlənilməsi üzrə konsorsiuma imza atdı. 1995-ci ildə isə qəbul edilən yeni Konstitusiya Xəzər dənizinin Azərbaycan sektorunun hər hansı bir coğrafi koordinat göstərmədən, ona məxsus olduğunu təsdiq etdi. Belə olan halda, Rusiya diplomatiyası dənizin bölgüsü məsələsi istiqamətində yeni yanaşmalar axtarışına çıxdı. Əsas formul kimi də dənizin dibinin bölgüsü götürüldü. Bu prinsipi əsas götürən Rusiya, Azərbaycan və Qazaxıstan 2003-cü ildə dənizin şimal hissəsi ilə bağlı sərhədi müəyyən etdilər. İran isə son ana kimi bu prinsipi yaxın buraxmadı, qonşuların imzaladıqları üçtərəfli sazişi qəbul etmədi. İndi isə danışıqlarda irəliləyişin olmağı o deməkdir ki, Tehran Xəzərin orta xətt üzrə bölgüsünün tərəfdarıdır. Bunu ötən həftə xarici işlər nazirinin müavini Xələf Xələfov da təsdiq edib. O, bildirib ki, Xəzərin dibi sektorlara bölünəcək. Onun sözlərinə görə, İran və Türkmənistanla danışıqlar Xəzərin bölgüsü ilə bağlı razılaşmalar başa çatanadək davam edəcək. Mübahisəli neft-qaz yataqları ilə bağlı məsələlər isə beynəlxalq hüquq çərçivəsində – birgə və yaxud digər variantlarda həllini tapacaq”, – deyə müəllif yazır.

Beləliklə görüş iştirakçılarının da bəyanatlarından belə qənaətə gəlmək olar ki, orta xətt üzrə bölgü – Xəzər probleminin həllində baza prinsipi kimi tanınır. Məhz bu mexanizm prezidentlərin qəbul edəcəyi yekun Konvensiyada da öz əksini tapacaq. İran və Türkmənistan digər üç ölkənin imzaladığı sazişin legitimliyini tanıyır və öz aralarında, eləcə də Azərbaycanla dənizin cənub hissəsinin bölgüsü barədə sazişi imzalamağa start verirlər. Müəllif yazır ki, danışıqlar bir neçə il çəkə bilər, lakin ən əhəmiyyətlisi odur ki, bu proses dənizin statusu ilə bağlı beştərəfli dialoq çərçivəsində aparılacaq. "İkinci məsələ dənizin dibi ilə çəkiləcək boru kəmərləri layihələri ilə bağlıdır. Türkmənistanın mövqeyi belədir ki, hər hansı bu tip layihə yalnız iştirakçılar arasında həllini tapmalıdır. Digər tərəfdən, Rusiya və İran israrla tələb edirlər ki, transsərhəd layihələr mürəkkəb ekoloji durum nəzərə alınmaqla, beş ölkə tərəfindən razılaşdırılıb həyata keçirilməlidir. Xələf Xələfovun bəyanatı bizə belə bir əsas verir ki, " formula tapılıb” deyə bilək. Boru xətlərinin qoyulması həmin kəmərlərin yerləşdiyi ölkələrlə razılaşdırılacaq”, – deyə nazir müavini bildirib.

Bu, ilk növbədə onu deməyə əsas verir ki, Rusiya və İran kompromisə gəliblər və bu məsələdə güzəştə gediblər. Lakin bəlli olur ki, heç də hər şey normal axarda deyil. "Transxəzər layihələr məsələsinə Rusiya prezidentinin delimitasiya məsələləri üzrə xüsusi nümayəndəsi, Xəzər danışıqları üzrə məsul Oqor Bratçikov da toxunub. Onun açıqlamasından bəlli olmur ki, Rusiya kompromisə gedir, ya yox. O bildirib ki, Rusiya infrastruktur layihələrinin reallaşmasında ekoloji imperativliyin qorunub saxlanılmasının tərəfdarıdır. Lakin onu da əlavə edib ki, Konvensiya layihəsində bu prinsipial məsələ ilə bağlı razılıq əldə olunub. Yəni tərəflər transxəzər qaz kəmərləri ilə bağlı razılığa gələ biliblər. Bu da pozitiv siqnaldır. İnformasiya qıtlığına və danışıqların iştirakçılarının təzadlı fikirlərinə baxmayaraq, Astanada Xəzəryanı dövlətlərin liderlərinin yubiley sammiti keçiriləcək. Bu beştərəfli razılaşma dənizin bölgüsündən tutmuş onun biomühitinin qorunub saxlanılması məsələlərini həll edəcək. Yəni biz uzun illər  davam edən danışıqların yekun mərhələyə daxil olduğunu deyə bilərik. Lakin bu o demək deyil ki, Konvensiya Xəzərdə bütün əməkdaşlıq məsələlərini müəyyən edən sənəd olacaq. Hələ dənizin cənub hissəsi ilə bağlı məsələ, eləcə də təhlükəsizlik, ekologiya, bioresursların qorunması və s. məsələlərlə bağlı hüquqi sənədlər həllini tapmalıdır. Bu səbəbdən də Astanadakı sammit Xəzər dialoqunda yekun nöqtəni qoymasa da, onu digər keyfiyyət səviyyəsinə qaldıra biləcək. Bu hal əməkdaşlıq və qonşuluq münasibətlərini konstruktiv formada həll etməyə imkan verəcək”, – deyə müəllif fikrini tamamlayıb.

“Kaspi”