XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

14 Aprel 2015 - 07:07

Üzeyir Cəfərov: “Bütün hərbi hissələrdə bir nömrəli post döyüş bayrağının saxlandığı yer sayılır”

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissədə olub. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq fərmanı ilə hərbi hissələrə verilmiş döyüş bayraqlarını komandirlərə təqdim edib.

Təntənəli mərasimdə çıxış edən general-leytenant Rövşən Əkbərov ölkə rəhbərliyi və Müdafiə Nazirliyinin komandanlığı tərəfindən hərbi hissələrə göstərilən etimada görə xüsusi minnətdarlığını bildirib.

Əlamətdar gün münasibətilə müdafiə naziri, general-polkovnik Zakir Həsənov şəxsi heyəti təbrik edərək deyib:

“Bu gün sizin hərbi hissələrə döyüş bayraqları təqdim olundu. Bu münasibətlə sizin hamınızı təbrik edirəm. Döyüş bayrağı hərbi hissənin şərəf və şöhrət rəmzidir. Biz istəyirik ki, döyüş bayraqlarımız bütün döyüşlərdən şərəflə keçərək işğal olunmuş bütün torpaqlarımızı azad etməklə Azərbaycanımızın ayrılmaz hissəsi olan Qarabağda dalğalansın. Biz hamımız buna inanırıq və əminik!

Bu gün Silahlı Qüvvələrimiz möhtərəm Ali Baş Komandanımızın rəhbərliyi ilə elə bir səviyyədə döyüş hazırlığı keçir ki, artıq düşmən qorxur və vahimə içindədir. Düşmənlərə bizim layiqli cavabımız onun ordusunda nizam-intizamın aşağı düşməsinə və şəxsi heyətin işğal olunmuş torpaqlarda xidmətdən yayınmasına gətirib çıxarır. Biz xüsusilə qeyd etmək istəyirik ki, ön cəbhədəki qəhrəman əsgər və zabitlərimiz düşmənə bu gün layiqli cavab verir. Düşmənin uğursuz əməliyyatları onlar üçün sonda böyük itkilərlə nəticələnir. Bu da düşmən ordusunda, ümumilikdə Ermənistanda problemlər yaradır.

Bir daha bildiririk ki, qısa bir müddətdə öz torpaqlarımızı azad edəcəyik. Möhtərəm cənab Prezident xüsusi qeyd edib: “Biz heç zaman razı olmarıq ki, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Əgər erməni əsgəri ölmək istəmirsə Ağdama, Füzuliyə gəlməsin, yoxsa nəticəsi bundan da ağır olacaq”.

Bu gün mən sizin hərbi birliyin xidməti-döyüş fəaliyyətini yüksək qiymətləndirirəm və tam əminəm ki, siz qarşınızda duran bütün vəzifələri, indiyədək olduğu kimi, bundan sonra da yüksək səviyyədə yerinə yetirəcəksiniz. Bir daha sizi təbrik edir və xidmətinizdə uğurlar arzulayıram”.

Mərasimin sonunda hərbi hissələr təntənəli marşla tribuna önündən keçiblər.

Döyüş bayraqlarının hərbi hissələrə təqdim olunması hansı mənanı daşıyır və bunun əsgərlərin döyüş ruhunun artırılmasında nə kimi rolu var?

Hərbi ekspert üzeyir Cəfərov açıqlamasında bildirdi ki, döyüş bayraqları istənilən hərbi hissənin ən vacib elementlərindən sayılır: “Bütün hərbi hissələrdə bir nömrəli post döyüş bayrağının saxlandığı yer sayılır. Bu və ya digər səbəbdən hərbi hissənin döyüş bayrağı itirilirsə, düşmənin əlinə keçirsə, həmin hərbi hissənin komandiri dərhal müharibə qanunlarına uyğun olaraq həbs edilir. Nəticədə həmin hərbi hissə ləğv edilir. Bu, nizamnamə tələbləridir. İndiyə qədər də bizim hərbi hissələrdə döyüş bayraqları olub. İndi isə hamısı müasirləşdirilib. Ora aid olan bütün elementlər yenilənib. Əvvəl həmin bayraqların təqdimatı təntənəli şəkildə həyata keçirilmirdi. Artıq 2 güc strukturu belə təqdimatlara başlayıb. DİN-in Daxili Qoşunlarında və MN-in bəzi hərbi hissələrində belə mərasimlər olub. Bunun özünün də böyük bir tərbiyəvi əhəmiyyəti var. Məğzi bundan ibarətdir ki, dövlət üçün onun atributları nə qədər müqəddəs sayılırsa, hərbi hissə üçün isə döyüş bayrağı eyni anlamı daşıyır. Bir sözlə, belə təntənəli təqdimetməni təqdirəlayiq sayıram”.

Məhəmmədəli QƏRİBLİ