XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Dekabr 2017 - 09:52

Mehman Əliyev:“Qərbin Azərbaycanda heç zaman hakimiyyəti dəyişmək planı olmayıb”

“Azərbaycandakı seçkilərdə heç zaman hakimiyyəti dəyişmək planı olmayıb. Sadəcə, iqtidarla istədikləri maraqlarını həyata keçirmək üçün addımlar atılır, istər seçki dövrü, istərsə də ondan sonra olsun. Bu baxımdan hesab etmirəm ki, indi də hakimiyyəti seçkilərdə devirmək planı olsun.

Bu sözləri “Turan” Agentliyinin baş direktoru Mehman Əliyev gələn il Azərbaycanda keçiriləcək prezident seçkisinə xaricdən müdaxilə cəhdləri ilə bağlı səslənən fikirləri musavat.com-a şərh edərkən deyib.

Onun fikrincə, qonşu Rusiyada da proses rahat cəryan edəcək: “Əslində Rusiya da qarşıdan gələn seçkiləri rahat keçirir. Hətta bizdən də rahat keçirəcəyini demək olar. Çünki Rusiyada seçkilərə, hakimiyyətə münasibət xüsusi bir piar kampaniyasıdır və bu kampaniya çərçivəsində hər şey həll olunur. Biz də isə güc hesabına həll olunur. Piar hissə bizdə demək olar yoxdur. Məsələn, 2003-2005-ci illərdəki seçkilər güc vasitəsilə həll olundu. Rusiyada seçkilər saxtalaşdırıla bilər, amma gücün tətbiq olunmadığı reallıqdır. Bizim bu məsələlərdəki siyasətimiz kifayət qədər primitivdir.

M.Əliyevin sözlərinə görə, hazırda Qərblə münasibətlərdə Azərbaycanın problemləri var. Qarşıdan seçki ili gəlir və bundan istifadə ediləcəyi real görünür: “Çünki çox böyük bir prosesdir. Hər bir hakimiyyət maraqlıdır ki, güc strukturlarının rəğbətini qazansın. Münasibətlərdə bu faktorlar öz rolunu oynayacaq. Qərb onu narahat edən və marağında olan məsələləri qaldıracaq. İki tərəfin atacağı qarşılıqlı addımlar əsasında məsələlər həll olunacaq. Qərb çox maraqlıdır ki, Azərbaycanda islahatlar prosesi getsin. Bəzi məsələlərdə müəyyən addımlar atılsa da, demokratiya, insan haqları və bu kimi məsələlərdə ciddi problemlər var. Düşünürəm ki, qəbul edilən məlum yol xəritələri ilə bağlı gələn il addımlar atılacaq.

Ekspertin sözlərinə görə, müəyyən şeylərdən istifadə edərək, hakimiyyətin Qərblə razılığa gələ biləcəyini düşünür.  Bu  baxımdan siyasi məhbusların azadlığa buraxılması məsələsi də önə çəkilə bilər: “Bunlar çətin proseslər olsa da, hesab edirəm ki, tərəflər daha çox razılığa hazırdırlar, nəinki  ciddi qarşıdurmaya. Seçkilərə qədər Qərb Azərbaycanla bağlı mövqeyini dəqiqləşdirəcək. Bu proses indi də var. İyul ayına qədər əsas məsələlər öz həllini tapmalıdır”.