XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

30 Dekabr 2017 - 09:13

Dimitri Roqozinin Bakıya qəfil səfəri nə üçün açıqlanmadı? –“Qoy ermənilər baş sındırsınlar...”

Rusiya baş nazirinin müavini Dmitri Roqozinin qəfil Bakıya gəlib və prezident İlham Əliyevlə görüşüb.  Roqozinin Azərbaycan səfəri barədə heç bir rəsmi məlumat olmayıb. Bu barədə Roqozinin özü “Facebook” səhifəsində status paylaşandan sonra onun Azərbaycana səfər etdiyi məlum olub.

“Bakı. Ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın görüşünün yekunları üzrə Azərbaycan prezidenti ilə danışıqlar”, – D.Roqozin statusunda belə yazıb.

Rusiya baş naziri müavininin ilin sonunda ölkəmizə səfər etməsi, yüksək səviyyəli görüşlər keçirməsi bəzi suallar yaradıb.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu xəbərin Azərbaycan tərəfdə yayılmamasında qəbaət görmür: “Gün ərzində mən də xəbər agentliklərini izlədim, Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Bakıya səfərinə və prezident İlham Əliyevlə görüşməsi xəbərinə rast gəlmədim. Halbuki, Roqozin özü facebook səhifəsində Bakıda olduğunu və Azərbaycan prezidenti ilə görüşdüyünü yazıb, yazıya İlham Əliyevlə fotosunu da əlavə edib. Bakıya səfərinin işgüzar xarakter daşıdığını deyən Roqozin belə bir cümlə yazıb: "Ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın görüşünün yekunları üzrə Azərbaycan Prezidenti ilə danışıqlar apardıq". Roqozin Bakıdadırsa və Azərbaycan prezidenti ilə danışıqlar aparıbsa, bu haqda agentliklərimiz niyə xəbər yaymayıb? Roqozin Rusiyada hərbi-sənaye kompleksinə cavabdehdir. Azərbaycan Rusiyadan milyardlarla dollar silahı da məhz Roqozinin vasitəçiliyi ilə alıb. Roqozinin Bakıda olması, ən yüksək səviyyədə görüşlər keçirməsi və bunun xəbərinin yayılmamasında qəbahət görmürəm. Bəlkə də tam əksinə, Ermənistanla informasiya savaşının tərkib hissəsi kimi qiymətləndirmək mümkündür. Böyük ehtimalla Bakıda söhbət yenə silah alqısından gedib. Qoy ermənilər baş sındırsınlar ki, Roqozin niyə Bakıdadır və bu haqda rəsmi xəbər niyə yoxdur?".

Politoloq Roqozinin səfərinin məxfi  olmasının planlaşdırıldığını düşünür: “Roqozinin Bakıdakı görüşlərinin yarıgizli olması razılaşdırılıb. Buna rəğmən, Roqozinin görüş haqqında status yazması və şəkil paylaşması bizim xeyrimizədir. Roqozinin Azərbaycana hər səfəri hərbi-texniki əməkdaşlıqla bağlıdır, bunu erməni separatçıları da bilir. Ancaq mənə elə gəlir ki, bu səfərdən sonra Azərbaycanın rəsmi mediası və rəsmi xəbər agentlikləri də bu səfərə toxunmalı, hətta geniş təhlil aparıb Ermənistan hakimiyyətinə gözdağı verməlidir. Məsələn, mənim bu səfərlə bağlı yazdığım statusdan sonra televiziya kanallarından biri mənə reportaj üçün müraciət etdi və mən bu səfərlə bağlı fikirlərimi dedim. Ermənistanla müharibə tək cəbhə bölgəsində getmir, informasiya müharibəsi də davam edir. Bunu nəzərə almalıyıq. Roqozinin Bakıya səfərləri təsadüfi olmur. O, Rusiya prezidenti Vladimir Putinə yaxın şəxsdir. Ermənistan hakimiyyəti Roqozinə düşmən gözü ilə baxır. Bu, Roqozini narahat etmir. Çünki o, ölkəsinə pul qazandırır. Azərbaycan Rusiyadan 5-6 milyard dollar silah alıb və bunda Roqozinin də xidməti var. Kasıb Ermənistan Rusiyaya nə qazandırıb? Heç nə”.

“Yeni Müsavat”