XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

05 Yanvar 2018 - 10:17

İtaliya ATƏT-sədri kimi Qarabağ üçün nə edə bilər? –Ekspert rəyi

Yanvarın 1-dən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik İtaliyaya keçdi. Aralıq dənizi regionunun mərkəz dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəallıq nümayiş etdirə bilərmi? Artıq İtaliya rəsmiləri və Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olacaqlarını açıqlayıblar.

Ancaq politoloq Elxan Şahinoğlu bu ifadəni 25 ildə ATƏT-ə sədrlik edən bütün dövlətlərin səsləndirdiklərini bildirib. Teleqraf.com xəbər verir ki, E.Şahinoğlu yaxın keçmişdə ATƏT-ə sədrlik edən Qazaxıstan və Almaniyadan daha çox fəallıq umduğumuzu xatırladıb: “Alınmadı. Əlbəttə, Astana bəlkə də hamıdan çox Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək istəyirdi. Ancaq ATƏT-ə sədrlik simvolik xarakter daşıyır, nə qədər fəal olsan da, o birilərdən səs çıxmasa, nəticə olmayacaq. Əsas söz sahibi isə böyük dövlətlərdir ki, onlar Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək üçün heç nə etmirlər”.

E.Şahinoğlu daha sonra deyib: Tutaq ki, İtaliya münaqişənin həlli məqsədilə “mərhələli həllplanının qəbulunu vacib saydı, ancaq Ermənistanyoxdedikdən və Kreml həminyoxu gizli və açıq dəstəklədikdən sonra Roma nə edə biləcək? ATƏT Minsk Qrupunun ilk illərdə sədrlərindən biri məhz italiyalı deputat və diplomat Mario Rafaelli idi. O da münaqişənin həlli üçün ilk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunmasının vacibliyini bildirirdi. O vaxtdan 25 il keçib, dəyişən bir şey yoxdur”.

Qeyd edək ki, ATƏT-in 2018-ci il üzrə fəaliyyətdə olan sədri kimi İtaliyanın prioritetləri sırasına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi və səyləri ilə həll edilməsi də daxil edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bunu müsbət qiymətləndirdiklərini açıqlayıb. H.Hacıyev deyib: “Biz ATƏM-in (sonradan ATƏT adlandırıldı) Minsk Konfransının və sonradan ATƏT-in Minsk Qrupunun sədri olmuş İtaliya parlamentinin üzvü və İtaliyanın xarici işlər nazirinin müavini Mario Rafaelli tərəfindən BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinə əsasən hazırlanmış Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan “Təcili tədbirlər haqqında vaxt cədvəli”ni çox yaxşı xatırlayırıq. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair “Təcili tədbirlər haqqında vaxt cədvəli” BMT TŞ-nın 853 saylı qətnaməsinin əlavəsi kimi təqdim edilib. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair “Təcili tədbirlər haqqında vaxt cədvəli” ATƏM-in Minsk konfransının o zaman üzvü olan 9 ölkə tərəfindən birlikdə hazırlanıb. 1993-cü ilin 28 iyulunda ATƏM-in Minsk Konfransının sədri statusunda Minsk Konfransının 9 ölkəsi adından Mario Rafaelli verdiyi bəyanatında və BMT Baş katibinə təqdim etdiyi hesabatında bildirib: “Güc yolu ilə işğal olunmuş ərazilərdən qoşunların dərhal çıxarılması sülh danışıqlarının irəli aparılması üçün ən mühüm amildir”.

Biz ümid edirik ki, İtaliya Respublikası ATƏT-in fəaliyyətdə olan sədri statusunda BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsi üçün öz mövqeyində davamlılıq nümayiş etdirəcək”.