XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

20 Yanvar 2018 - 15:42

Rahid Ulusel yazır:Yeni Dünya Düzəninə Kissincer yanaşmasında açar ideya - esse


Dövlət və siyasətin son min ili – Şərqin 700 ili (XI-XVII əsrlər), ardınca Avropanın 300 ili (XVIII-XX əsrlər) əsas tendensiyasında belə olub: baş dövlətlərin hegemonluq uğrunda çarpışmaları digər dövlətlərin gücdən düşüb zəifləməsinə, özünə nəzarəti itirməsinə, beynəlxalq tarazlığın pozulmasına və yoxalmasına gətirib çıxarıb. Birinci fazanın sonunda Şərq Avropanın, ikinci fazanın sonunda Avropa ABŞ-ın “çətiri” altına girib (Bu “çətir” Avropanın başı üzərində daha nəzakətli tərzdə qaldırılıb – “Qərb alyansı”). Deməli, dünya sistemi daxilində birin dominantlığı çoxun enerji israfına və nəticədə, iflasına səbəb olur. Bu reallığı XX əsrdə İkinci Dünya müharibəsindən sonra dərk edən Avropa suveren dövlətlərin paritet əsaslarda birlik yaratmasını həyata keçirmişdi. Ona görə də belə hesab etmək mümkündür ki, Avropa İttifaqı – Avropanın tarixi tərəqqi epoxalarında qazandığı dəyərlərin cəmi, siyasi kulminasiyasının başlanğıcıdır. Bu prosesin başa çatdırılmaması, yaxud hansı bir şəkildəsə ondan geri çəkilmə və ya imtina təkcə tarixdə planetar konvergensiyasının ilk rasional təməlini qoymuş Avropa dövlətlərinin deyil, bütün dünyanın itkisi olardı. Amerika Birləşmiş Ştatları isə müasir dünya siyasətində sırf ABŞ-təməlli strategiyanı yeritdiyi üçün qlobal miqyasda həmin planetar konvergensiya imkanları itirilir və dövlətlər sanki özünümüdafiə stixiyası ilə dayanıqsız konfiqurasiyada müvəqqəti, hətta məcburi koalisiyalar yaradırlar. Bəşəriyyəti onun bütün tarixi boyu didən bu parçalayıcı tendensiyasının dəf edilməsi indi praktiki deyil, yalnız nəzəri planda düşünülür.    

Dövrümüzün böyük strateq-politoloqlarından Henri Kissincer beynəlxalq siyasətin praktikasından (təbii ki, həm də özünün zəngin iş təcrübəsindən) və nəzəriyyəsindən çıxış edərək, dünya düzənini (“world order”) formalaşdıran amilləri onların başlıcası – aparıcı dövlətlərin qüvvələr balansı nüvəsində şərh edir və məhz həmin tarazlığın dəyişmə motivləri əsasında beynəlxalq siyasətin tarixi təkamülünü izləməklə onun müasir mənzərəsini yaradır. Digər Amerika politoloqlarından (məsələn, Zbiqnev Bjezinski və Corc Fridmandan) fərqli olaraq, ABŞ-mərkəzli siyasətdən dünya-mərkəzli siyasətə doğru labüd transformasiyanı görən və bütün ziddiyyətləri ilə birlikdə ölkəsinin dünya demokratiyasının inkişafındakı rolunu obyektiv qiymətləndirən Kissincer müasir beynəlxalq sistemin bundan sonra hansı təsirlər altında hansı dəyişikliklərə uğraya biləcəyi proseslərini də  təsəvvür etməyə imkan yaradır: dünya düzənini strukturlaşdıran “böyük güclərin” balansına “arxa planda” qalan potensial dövlətlərin də qoşulması aktuallaşır. Beynəlxalq sistemi təşkil edən həmin subyektlərin daha dönməz və keyfiyyətli demokratikləşməsi – qüvvələr balansının xarakterinə həlledici dərəcədə təsir edir. Qüvvələr balansı orbitinə daxil olan demokratik dövlətlərin çoxalması və sıralarının sıxlaşması dövlətlərarası münasibətlərdə konfliktyaradıcı situasiyaların meydana çıxma ehtimalını minimuma endirir. Beləliklə, bəşəriyyətin siyasi tarixində yeni bir durumun – indiyədək mövcud olmuş, dominantların yaratdığı və hər dəfə də yeni güclərin meydana gəlməsi ilə dəyişmələrə məruz qalan, hətta alt-üst olan dayanıqsız dünya düzəni əvəzində demokratik dünya düzəninin təməli qoyulur. Beynəlxalq siyasətin konstruktivləşməsinin və buna paralel şəkildə beynəlxalq hüququn demokratik dünya düzəni modelində konstitusiyalaşdırılmasının açar ideyası budur.

Rahid Ulusel, fəlsəfə elmləri doktoru, professor