XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 January 2018 - 19:56

“Əsas fiqur hazırkı prezident Serj Sərkisyan olacaq” –Politoloq şərhi

“Ermənistanda yeni prezidentin seçilməsi ilə bu dövlətin xarici siyasətində dəyişikliyin baş verəcəyini düşünmürəm”.

Bu fikri Azadinform-a politoloq Fikrət Sadıqov Ermənistanın hakim partiyası tərəfindən Böyük Britaniyadakı səfir Armen Sərkisyanın prezidentliyə namizədliyinin irəli sürülməsi məsələsini şərh edərkən deyib. Politoloq qeyd edib ki, Ermənistanın geostrateji xətti var. Yəni digər ölkələrin ərazilərinə iddia etmək Ermənistandakı siyasi partiyaların bir çoxunun proqramlarında da var. F. Sadıqov deyib ki, onlar Böyük Ermənistan yaratmaq xülyasındadır.

Digər tərəfdən isə, politoloq əlavə edib ki, bu il parlamentin seçdiyi prezident ölkədə  heç bir şeyi həll etməyəcək. Çünki prezident nominal fiqur olacaq: “Ölkə parlamentli üsul idarəsinə keçdiyi üçün çox güman ki, əsas fiqur, yəni baş nazir postunda hazırkı prezident Serj Sarkisyan olacaq. Sarkisyanın siyasətində isə dəyişikliyin olacağını düşünmürəm”.

F. Sadıqovun sözlərinə görə, Ermənistan elə bir ölkədir ki, təzyiq edilməyənə qədər siyasi xəttini dəyişməyəcək: “Bu dövlət öz siyasi prioritetlərini dəyişən deyil. Prezident postunda istəyir Serj Sarkisyan olsun, istəyir başqası, bu dövlətə ancaq təzyiq edilməlidir. Həm beynəlxalq strukturlar, həm də Azərbaycan Ermənistana təzyiq etməlidir. Biz öz gücümüzü Ermənistana nümayiş etdirməliyik və vaxtaşırı onun təxribatlarına cavab verməliyik”.