“Qarabağ məsələsi qəbul edilməyəcək şəkildə həll edilərsə, Ermənistan sakinlərinin 8,6%-i qarşıdurmalarla müşaiyət olunan nümayişlərdə iştirak etməyə hazırdır”.
Bu barədə 2017-ci ilin dekabrında dərc edilmiş Qafqaz İnstitutunun Analitika Mərkəzinin "Ermənistan və “DQR” cəmiyyətlərində münaqişə necə dərk olunur" adlı məruzəsində deyilir. Sənədə əsasən, rəyi soruşulanların “38,7%-i münaqişə qəbul edilməyəcək şəkildə həll ediləcəyi təqdirdə öz fikrini bildirməz və tədbir görməz, 23,4% dinc nümayişlərdə iştirak edər, 16,2% sosial şəbəkələrdə və dostları arasında etirazını bildirər, 6,2% imzatoplama aksiyasında iştirak edər, 7% nə edəcəyini bilmir, – deyə “Panarmenian” yazır.
2015-ci ildə Qarabağ sakinlərinin 63,7%-i Ermənistana qoşulmaq istəyirdi, 2016-cı il aprel müharibəsindən sonra bu göstərici 50%-ə bərabər olub. 18-30 yaş arası Qarabağ sakinlərinin 60%-dən çoxu müstəqillik istəyir. Eyni zamanda, Ermənistanın 18-30 yaşlı vətəndaşlarının 50%-dən çoxu Qarabağı Ermənistanın tərkibində görmək istəyir.
Ermənistanın 0,3%-i hesab edir ki, Qarabağ Azərbaycanda muxtar olmalıdır. Qarabağda 0,1% Azərbaycanın tərkibində muxtariyyətin tərəfdarı olduğunu bildirib. Eyni zamanda, Ermənistan sakinlərinin 0,6%-i Qarabağın Azərbaycana qoşulmasına, 1,4% 7 rayonun təhvil verilməsinə, 6,2% 5 rayonun təhvil verilməsinə razıdır, 86,4% isə ərazilərin güzəştə gedilməsinə razı deyil.
Sorğuda Ermənistan və Qarabağdan 1600 nəfər iştirak edib. (Turan)