XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

30 Yanvar 2018 - 19:08

ABŞ PUTİNİN ƏTRAFINA HÜCUMA KEÇDİ –Siyahıda 114 məmur, 96 iş adamının adı var

Mixail Korostikov, Yelena Çernenko, İvan Safronov, Aleksandra Trifonova

“Kommersant”, Rusiya 30 yanvar 2018-ci il

 

ABŞ Dövlət Departamenti elan edib ki, bu gündən başlayaraq Vaşinqton “Rusiyanın müdafiə və ya kəşfiyyat sektorundan olan təşkilatlarla aparılan əhəmiyyətli əməliyyatlara görə” xarici kompaniyalara və ya şəxslərə sanksiya tətbiq edə bilər. Bununla belə, hələlik konkret olaraq heç kimin adı çəkilməyib.

Vaşinqtonun rəyinə görə, hələlik bu, tələb olunmur, belə ki, ABŞ sanksiyaları altına düşmək riskinin çəkindirici gücü kifayət qədər böyükdür. ABŞ Dövlət Departamenti və Maliyyə nazirliyi Konqresə sanksiyaların təsiri haqqında “gizli hesabat” təqdim edib, lakin hələlik bu informasiyanı ictimailəşdirmək istəmirlər.

Dövlət Departamentinin bəyanatında deyilir ki, “Dövlət Departamenti 29 yanvardan başlayaraq, “ABŞ-ın rəqiblərinə sanksiyalar vasitəsilə əks-təsir etmək” haqqında qanunun (Countering America's Adversaries Through Sanctions Act – CAATSA) 231-ci bölməsinə uyğun olaraq, sanksiyaların tətbiqinə başlaya bilər ”.

Dövlət Departamentinin nümayəndəsi Hizer Nauertin izahatından aydın olub ki, hələlik konkret olaraq heç kimi cəzalandırmayacaqlar. İdarədə hesab edirlər ki, elə ABŞ-ın sanksiyaları altına düşmək qorxusunun özü onsuz da xariciləri Rusiya ilə əməkdaşlıq etməkdən çəkinməyə məcbur edəcək.

Xanım Nauertin sözlərinə görə, “iri hərbi sövdələşmələrlə bağlı müddətin, adətən, uzun olduğunu nəzərə alsaq, bu səylərin nəticələri yenicə aydın olmağa başlayır”.

O, əlavə edib ki, “konkret müəssisələrə və ya fiziki şəxslərə qarşı sanksiyaların tətbiq edilməsi zəruri deyil, belə ki, qanun, faktiki olaraq, çəkindirici tədbir kimi təsir edir”. Bu bəyanat, yəqin ki, CAATSA-nın qüvvəyə mindiyi birinci günün, həmçinin, real əlavə sanksiyaların tətbiq edilməsi günü olacağını fərz edən Amerika “quzğunlarını” dilxor edəcək.

Dövlət Departamentinin nümayəndəsi həmçinin məlumat verib ki, bütün əhəmiyyətli əlavə informasiyalar onların “Konqresə göndərdiyi “gizli hesabat”dadır”.

Hizer Nauert bəyan edib ki, “Biz qanunvericiliyi, Konqresin nəzərdə tutduğu kimi, Rusiyanı Ukraynadakı təcavüzü, suveren dövlətlərin daxili işlərinə müdaxiləsi və insan haqlarını pozması ilə bağlı olaraq bizdə yaranan narahatlıqlara cavab verməyə məcbur etmək üçün istifadə edirik. Xarici hökumətlər və özəl sektora aid kompaniyalar Dövlət Departamenti və ABŞ-ın digər vəzifəli şəxsləri tərəfindən ictimai və xüsusi qaydada, o cümlədən ən yüksək səviyyədə məlumatlandırılıb ki, siyahıda olan Rusiya müəssisələrilə aparılan əhəmiyyətli əməliyyatların nəticəsi sanksiyaların tətbiq edilməsi olacaq”.

Dövlət Departamentində izah edbilər ki, Rusiyanın müdafiə sektorunun müəssisələrinə tətbiq edilən sanksiyaların vəzifəsi – “Rusiyaya öz hərəkətlərinə görə ağır yük qoymaqdır”. İdarə bildirir: “Biz digər dövlətləri Rusiya hərbi və kəşfiyyat texnikasını almaqdan çəkindirməklə, onu belə sövdələşmələrdən gələn gəlirlərdən, – hansını ki, öz ziyanverici təsirli və sabitsizləşdirici beynəlxalq kampaniyalarını davam etdirmək üçün istifadə edə bilərdi, – məhrum edirik. Rusiya, bu sferada qanunvericiliyin qəbuluna gətirib çıxaran öz təhrikçi və sabitsizləşdirici hərəkətləri kontekstində, Konqresə və indiki administrasiyaya doğru addım atmayanadək sanksiya proqramı qüvvədə qalacaqdır”.

Xatırladaq ki, 29 yanvarda CAATSA-dan başqa, əksəriyyəti Müdafiə-Sənaye Kompleksini (MSK) təmsil edən 33 rus müəssisəsinə qarşı 26 oktyabr 2017-ci ildə elan edilən yeni məhdudlaşdırıcı tədbirlər də qüvvəyə minib.

Ən həssas olanı Rusiyanın silah ixracına tətbiq edilən yeni sanksiyalardır. Ötən ilin dekabr ayının sonunda “Rostex”in başçısı Sergey Çermezov “Kommersant”a verdiyi müsahibəsində fərz etmişdi ki, “zərbə yalnız bizim daşımaların logistikasına endirilməyəcək, çox güman ki, bizim tərəfdaşlarımıza da toxunacaq”.

MSK müəssisələrindən birinin bu üst menecerinin sözlərinə görə, sanksiyalar məhsulların sifarişçilərə çatdırılması vasitələrinə problemlərin yaradılmasına, “demək olar ki, təminat verir”: məsələn, silahların daşınması üçün üçüncü tərəfdən kirayə götürülmüş gəmi yalnız Rusiya bayrağı ilə hərəkət edə bilər (ona görə ki, yükü “tamamilə məxfidir” qrifi ilə daşıyır).

“Kommersant”ın müsahibi qeyd edir ki, “Rusiya ilə əməkdaşlığa görə gəmi sahiblərinin sanksiyalar altına düşməsi perspektivi çox böyükdür, onlar üçün risklər həddindən artıq böyük olur”. Onun sözlərinə görə, silahların sifarişçilərə çatdırılması üçün çox vaxt RF Hərbi Dəniz Donanmasının desant gəmilərindən istifadə edilir. Lakin bu vəziyyət hərbçiləri çox da sevindirmir: “Onların əsas tələbatı kommersiya məhsulunu daşımaq deyil, Suriyadakı əməliyyatlar üçün silah və texnika çatdırmaqdır”.

29 yanvarda isə ABŞ Maliyyə nazirliyi Konqresdə “Kreml hesabatı”nı – RF prezidenti Vladimir Putinə yaxın olan vəzifəli şəxslər və iş adamları və Rusiya hakimiyyətilə sıx əlaqələri olan “yarımdövlət kompaniyaları” haqqında hesabat təqdim edib. Siyahıya cəmi 210 ad – 114 məmur və 96 iş adamı düşüb. Ona düşmək avtomatik olaraq sanksiyaların tətbiq edilməsi demək deyil, ancaq bu, sonra baş verə bilər. Siyahıya xüsusilə də bu adamlar daxil edilib: Dmitri Medvedev, İqor Şuvalov, Vitali Mutko, Alişer Usmanov, Roman Abromoviç, Süleyman Kərimov, Anton Vayno, Aleksey Qromov, Dmitri Peskov, Vladislav Surkov, Dmitri Kozak.

Siyahıya həmçinin Valentina Matvienko, Vyaçeslav Volodin, İqor Seçin, Aleksey Miller, Sergey Narışkin, Gennadi Timçenko, Aleksandr Bortnikov, Pyotr Aven, Vladimir Potanin, Qerman Qref və Andrey Kostin də salınıb.

Tərcümə Strateq.az-ındır