XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

09 Fevral 2018 - 10:15

“Exit-poll” keçirmək istəyənlər üçün akkreditasiya başlanıb –Martın 22-də başa çatacaq

Azərbaycanda aprelin 11-nə təyin edilən növbədənkənar Prezident seçkilərində "Exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin Mərkəzi Seçki Komissiyasında (MSK) qəbul edilməsi müddəti martın 22-də başa çatacaq.

“Report” xəbər verir ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, sənədlərin qəbulu səsvermə gününə ən azı 20 gün qalanadək başa çatmalıdır. MSK isə həmin təşkilatların akkreditasiyası barədə qərarını aprelin 1-dək qəbul etməlidir.

“Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2-ci (“Exit-poll” keçirmək üçün akkreditasiyaya dair tələblər) maddəsinə əsasən, “Exit-poll” keçirmək niyyətində olan təşkilatlar bu sənədləri MSK-ya təqdim etməlidirlər:

1.Təşkilatın hüquqi şəxs kimi qeydiyyatdan keçməsi barədə sənədin notariat qaydasında təsdiq olunmuş surəti,

2. təşkilatın “exit-poll” keçirərkən tətbiq edəcəyi qaydalar, üsullar, resurslar (“exit-poll” keçirən şəxslərin sayı, “exit-poll” keçirilərkən istifadə üçün nəzərdə tutulmuş maddi-texniki vasitələr və s.) haqqında yazılı məlumat.

Hər bir yazılı müraciətə, onun daxil olduğu gündən başlayaraq 10 gün müddətində Mərkəzi Seçki Komissiyası tərəfindən baxılmalı, müraciətlə birgə təqdim olunmuş sənədlər araşdırılmalı və müvafiq təşkilatın akkreditasiyadan keçib-keçməməsi barədə əsaslandırılmış qərar qəbul edilməlidir.

Qeyd edək ki, Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb. MSK növbədənkənar prezident seçkilərini aprelin 11-nə təyin edib.