XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

03 Mart 2015 - 09:41

Elçibəyin qardaşı oğlu deputat olmaq istəyir – AÇIQLAMA


“Bizim partiyanın martın 27-dən sonra məclisinin yığıncağı olacaq. Həmin toplantıda seçkilərə qatılmaqla bağlı qərar veriləcək”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyasının sədri Hürü Əliyev deyib.

Onun sözlərinə görə, özü də seçkilərdə iştirak edəcək: “çünki prezident seçkilərini çıxmaq şərtilə, bu günə qədər digər seçkilərdə iştirak etmişəm. Bu, həm fərdi, həm də partiya şəklində baş tutub. Bu il də seçkilərə qatılmağım istisna deyil. Bu ilin payızında keçiriləcək parlament seçkilərində mütləq iştirak etmək fikrim var. Təbii ki, seçkilərdə iştirak etməyim proseslərin gedişindən də asılıdır”.

Hürü Əliyev namizəd olacağı dairəni də müəyyənləşdirib: “Parlament seçkilərinə qatılsam çox güman ki, Bakının rayonlardan birindən namizədliyimi verəcəyəm. Bölgələrdəki rayonlardan namizədliyimi vermək fikrim yoxdur”.

“Atanız Almurad Əliyev deputat olmağınızı istəyirmi” sualına Hürü Əliyev belə cavab verib: “Təbii ki, builki parlament seçkilərində iştirak etməyimə atamın razılığı var. Hətta 2-3 il bundan qabaq da bu barədə söhbətimiz olub. Birbaşa atamın xeyir-duası ilə namizədliyimi verəcəyəm. Təbii ki, hər şeydən əvvəl bir yerə toplaşıb, prosesləri dəyərləndirib konkret nəticəyə gələcəyik”.

O, müxalifət cəbhəsində baş verənlərə də münasibət bildirib: “Bizim partiya keçən ilin sentyabrında təsis olundu. 6 ay ərzində 10 illik tarixi olan partiyaların bacarmadığı işi gördük. Aktivliyin son həddinə qədər gəldik. Sadəcə olaraq, müəyyən proseslərə görə gözləmə mövqeyində dayanmağa məcburuq. Prezident seçkilərindən öncə yaranan Milli Şuranın təməlində alilik yoxdur. Bunlar nəyəsə görə seçki öncəsi toplaşmışdılar. Bunu deyəndə bizi günahkar sayırdılar. Guya biz hökumətə yaxınıq. AXCP-dən tutmuş Müsavat və Milli Şuraya qədər dağılıb gedir. Artıq Azərbaycanda müxalifət deyilən bir şey yoxdur”.