“Ermənistanın Azərbaycana təcavüzü, Azərbaycan torpaqlarının işğalı ilə nəticələnən hərbi münaqişə dondurulmuş vəziyyətdə deyil”.
Bunu "Sherg.az”a Milli Təhlükəsizlik Nazirliyinin sabiq birinci müavini, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyib.
O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi özündə hərbi, qaynar fazaya keçmək potensialı daşıyır: "Həmçinin təmas xəttində beynəlxalq sülhməramlı qüvvələr yoxdur. Hərbi münaqişə təhlükəsi yaranarsa, ortada neytral beynəlxalq güc yoxdur. Xüsusilə, nəzərə almaq lazımdır ki, qonşu regionda müharibələr gedir. Bir tərəfdə, Rusiya, İran, Türkiyə, digər tərəfdə isə Amerika Birləşmiş Ştatları və İsrail münaqişəyə birbaşa daxil olublar. Kürd faktorunu da götürsək, münaqişənin bütün regiona yayılma potensialı var”.
S.Əkbərin fikrincə, Suriya müharibəsinin genişlənib, regiona yayılması, İran məsələsinin gündəmə gəlməsi göstərir ki, Ermənistan-Azərbaycan münaqişəsinin yeni fazaya daxil olmasında da maraqlı tərəflər var: "Bu tərəflər Rusiya və Amerikadır. Azərbaycan hər iki dövlət üçün strateji baxımdan önəmlidir, çünki Rusiya və İran arasında yerləşir. Ona görə, Rusiya bu il ərzində Azərbaycanda legitim olaraq hərbi iştirakına nail olmağa çalışacaq. Bunu ya Azərbaycanla razılaşaraq, ya da Ermənistanla Azərbaycanı vuruşmağa təhrik etməklə əldə edə bilər”.
Amerika və onun müttəfiqlərinin Dağlıq Qarabağ münaqişəsində maraqlarına gəlincə, S. Əkbər vurğulayıb ki, onlar münaqişəsinin alovlanmasına çalışacaqlar: "ABŞ bura müdaxilə etmək imkanı qazanmaq istəyir. Çünki Azərbaycanda yerləşmək, İranla Azərbaycan arasındakı sərhədlərə nəzarət etmək strateji baxımdan mühümdür. Ona görə, qarşıdakı dövrdə, bu ildən münaqişənin yenidən alovlanması riski yüksəlib”.
Qeyd edək ki, ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Deniel Kouts Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ ətrafındakı gərginliyin 2018-ci ildə genişmiqyaslı hərbi münaqişəyə səbəb olacağını deyib.