XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 February 2018 - 17:05

Azərbaycanın İrandakı səfirliyində Xocalı soyqırımının ildönümü qeyd edilib –FOTO

Azərbaycanın İrandakı səfirliyində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndəsi, İraq və Türkiyənin İrandakı səfirləri və Venesuelanın İrandakı səfirliyinin nümayəndələri iştirak edib. Mərasimdə Xocalı şəhidlərinin ruhuna dualar verilib.

Daha sonra Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov çıxış edib. Bildirib ki, Azərbaycan cəmiyyəti bu soyqırımına ədalət tələb edir. Mərasimdə Xocalı haqqında sənədli film nümayiş edilib.

Tədbirdə Azərbaycanın İrandakı səfirliyinin bəyanatı səsləndirilib. Bəyanatda bu soyqırımının Azərbaycana qarşı işğalçılıq siyasəti olduğu deyilib. Mərasimdə İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin də iştirak edib.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim Xocalı şəhərinin üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar.

Xocalı soyqırımının qanlı statistikası belədir: Hücum zamanı şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə – azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.