XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

21 Mart 2018 - 12:02

Rasim Musabəyov:“İran üçün çıxış yolu  Azərbaycandır”

 

"Azərbaycan-Gürcüstan-İran-Türkiyə dördtərəfli əməkdaşlıq formatının yaradılmasının bir sıra səbəbləri var. Əsas səbəblərdən biri isə təhlükəsizlikdir". 

Bu barədə politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov Bakıda keçirilən Azərbaycan, Gürcüstan, İran və Türkiyənin xarici işlər nazirlərinin ilk dördtərəfli görüşünü şərh edərkən bildirib. Onun sözlərinə görə, qeyd edilən bu dörd dövlət regionda sabitliyin və təhlükəsizliyin qorunmasında maraqlıdır: "Bu baxımdan hesab edirəm ki, belə bir görüş hər kəsin marağındadır. Əlbəttə ki, regionda təhlükəsizlik və əməkdaşlıq xarici işlər nazirlərinin səlahiyyətinə daxildir. Bununla yanaşı, tərəflər dialoqa ehtiyacı olan bir sıra sahələrdə, o cümlədən, nəqliyyat və enerji sahəsində çoxtərəfli əməkdaşlıq planlaşdırır". Politoloqun fikrincə, bu cür görüşlər davam edəcəkdir: "Bəlkə də artıq daimi diplomatik vasitəyə çevrilmiş üçtərəfli danışıqlar kimi surətli deyil, amma hər halda davamlı olacaq".

İranın artıq mövcud olan Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatına qoşulma məsələsini şərh edən R. Musabəyov bunun Tehranın beynəlxalq sanksiyalardan azad edilməsindən irəli gəldiyini vurğulayıb: "İndi İrana Avropa istiqamətində iqtisadi və mədəni əlaqələri inkişaf etdirməyə imkan verən yeni əlaqələr lazımdır. İran üçün çıxış yolu ümumiyyətlə Azərbaycandır. İran Bakı-Tiflis-Qars dəmir yolundan istifadə edib, Qara dəniz limanlarına və Türkiyəyə çıxışda maraqlıdır". O qeyd edib ki, Ermənistan daima özünü İrana qərb istiqamətində çıxış kimi təqdim etməyə çalışır, amma kommunikasiyalar inkişaf etdirilmir: nə bir dəmir yolu var, nə də onun tikintisi üçün vasitələrə malikdir.

Dördtərəfli əməkdaşlıq layihəsinin İrana qarşı sanksiyaların geri qaytarılması ehtimalı ilə bağlı olub-olmadığına gəlincə, R. Musabəyov deyib ki, birincisi, sanksiyaların geri qaytarılması asan olmayacaq: "Çünki ABŞ-ın Avropa tərəfdaşları, eləcə də Çin və Rusiya İranla nüvə proqramı ilə bağlı razılaşmaların yenidən baxılmasına etiraz edirlər. İkincisi, biz İranı heç bir yerə cəlb etmirik, yalnız ona qoşulma üçün imkanlar açırıq, çünki Azərbaycan-Gürcüstan-Türkiyə bütün layihələr İranın birbaşa iştirakı olmadan həyata keçirib və keçirməkdədir. Yalnız Rəşt-Astara dəmir yolunun tikintisindən sonra İranın bu layihələrlə Gürcüstan-Türkiyə istiqamətində birləşməsi üçün əlavə imkanları yaranacaqdır. Beləliklə, biz istənilən halda heç bir şey itirmirik, ABŞ-ın hər hansı məhdudiyyəti, məsələn, yolun qalan hissəsinin tikintisi üçün İrana kredit verilməsi də daxil olmaqla, heç kim dayandıra bilməz. Ona görə də, əlbəttə ki, layihələrimizi geriyə baxmadan həyata keçirəcəyik".

O, əmindir ki, dördtərəfli format çərçivəsində başlayan Cənub-Qərb nəqliyyat dəhlizi Azərbaycana böyük fayda gətirəcək: "Azərbaycan üçün əlavə valyuta mənbələrindən biri Şimali, Cənub, Şərq və Qərbin kəsişməsində özünün əlverişli coğrafi mövqeyinin olması və bundan istifadə etməsidir. Əlbəttə ki, mövcud kommunikasiyalar, əsasən, dəmir yolu xətlərinin olduqca intensiv şəkildə istifadə edilməsində maraqlıyıq. Bu baxımdan, bizim pul ayırdığımız Rəşt-Astara dəmiryolunun qalan hissəsinin tikintisindən sonra cənub istiqamətindən əlavə yüklər çıxış imkanı olacaq. Biz bunu İrana xeyriyyəçilik məqsədi ilə etməmişik. Kredit ayırmışıq və nəticə olaraq həmin pullar artıqlaması ilə geri qaytarılacaq, yəni inşa ediləcək dəmir yolu təkcə İran deyil, hətta Pakistan və Hindistandan da çox böyük yükləri təkcə Rusiyadan Şimali Avropaya deyil, həm də Azərbaycandan Gürcüstana, Avropanın cənubuna daşıyacaq. Bu marşrut cəlbedici ola bilər".

Politoloq əlavə edib ki, bu marşruta alternativ olaraq yükləri dəniz vasitəsilə daşıyan Suveyş kanalı var: "Lakin bir çox yük var və onların dəmir yolu ilə çatdırılması daha qısa və daha sürətli ola bilər və buna görə də qeyd edilən yoldan fəal istifadə edilə bilər. Biz inşa etdiyimiz infrastrukturun, xüsusilə də, dəmir yolunun effektiv və intensiv şəkildə istifadə olunmasında maraqlıyıq".

Qeyd edək ki, dörd ölkənin xarici işlər nazirlərinin Bakı görüşü martın 15-də keçirilib. XİN rəhbərləri bir sıra vacib məsələləri müzakirə edib, sonda isə Bakı bəyannaməsi qəbul olunub. Nazirlər növbəti dördtərəfli görüşün Gürcüstanda keçirilməsi barədə razılığa gəliblər. (525.az)