XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

26 Mart 2018 - 19:30

Prezident seçkilərində polisin fəaliyyətinə dair müşavirə keçirilib –FOTO

Martın 26-da Gəncə şəhərində 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunmuş regional seminar-müşavirə keçirilib.

Mərkəzi Seçki Komissiyası (MSK) və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi, polis polkovnik-leytenantı Hamlet Hümbətəliyev, MSK-nın nümayəndələri, Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, polkovnik Faiq Şabanov, eləcə də respublika üzrə 33 dairə seçki komissiyalarının sədrləri və 24 şəhər və rayon polis orqanlarının nümayəndələri iştirak ediblər.

Tədbiri açan Ombudsman Elmira Süleymanova bildirib ki, prezident seçkiləri ərəfəsində vətəndaşların seçki hüququnun təmin olunması böyük əhəmiyyət kəsb edir. Bununla bağlı olaraq MSK tərəfindən seçkilərin hazırlanması və keçirilməsi üzrə təqvim planı təsdiqlənib və həmin plana uyğun olaraq respublikanın bütün bölgələrində bu cür tədbirlərin təşkil edilməsi nəzərdə tutulub. Bu tədbirlərin təşkilində məqsəd Prezidentin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsidir.

Sonra Ombudsman tərəfindən seçki qanunvericiliyinə əsasən polis əməkdaşlarının xidməti vəzifəsinin təşkili, xüsusən polisin üzərinə düşən vəzifələr, yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyət, eləcə də qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələr haqqında seminar iştirakçılarına ətraflı məlumat verilib.

Şəxsiyyəti təsdiq edən hər hansı sənədi olmayan vətəndaşlara pasport və qeydiyyat şöbəsi tərəfindən şəxsiyyət vəsiqəsinin verilməsi, seçki günü hüquq mühafizə əməkdaşlarının təhkim olunduqları seçki məntəqələrində ictimai asayişin qorunması istiqamətində görüləcək işlər diqqətə çatdırılıb.

Tədbirdə MSK-nın üzvü Tofiq Qasımov seçki qanunvericiliyi, seçki sistemi, səsvermə prosesi, onun mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları haqqında məruzə ilə çıxış edib.

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi, polis polkovnik-leytenantı Hamlet Hümbətəliyev seçki kampaniyası dövründə və səsvermə günü ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələrindən, səsvermədən sonrakı dövrdə seçki bülletenlərinin və digər seçki sənədlərinin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülməsindən danışıb.

MSK katibliyinin əməkdaşı Faiq Bəşirov seçki subyektləri, onların hüquq və vəzifələri, qanunsuz müdaxilənin yolverilməzliyi haqqında çıxış edib. Sonda seminar-müşavirə iştirakçılarının sualları cavablandırılıb. (AZƏRTAC)