XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

27 Mart 2018 - 01:49

Sabiq Daxili İşlər nazirindən İlyas İsmayılovla bağlı maraqlı xatirə:"O dövrdə respublikanın rəhbəri olsaydı..."

Tahir ƏLİYEV,

Sabiq Müdafiə və Daxili İşlər naziri, ehtiyatda olan general

 

Bir neçə gün öncə, mətbuatdan oxudum ki, sabiq Respublika prokuroru İlyas İsmayılovun 80 yaşı tamam olub. Bu xəbəri oxuduqdan sonra İlyas müəllimlə bağlı xatirələrim yadıma düşdü. Həmişə fikirləşirdim ki, İlyas müəllimə ürəyimdə qalan sözləri necə çatdırım? Görünür, Allahın qisməti bu günə imiş.

Xatirələrim həm də Dağlıq Qarabağda baş verən hadisələrlə bağlıdır.

…1988-ci ildə mən DağlIq Qarabağ Muxtar Vilayətinin (DQMV) Daxili İşlər İdarəsinə rəis müavini vəzifəsinə təyin olundum. Təyinatımın tarixçəsini, qısaca da olsa, bildirmək istəyirəm: 1986 – 1988-ci illərdə Moskvada DİN Akademiyasının I fakültəsində oxuyurdum. Akademiyaya Kemerovo Daxili İşlər İdarəsindən oxumağa göndərilmişdim. Akademiyaya qədər mən Novosibirskidə Omsk Ali Milis Məktəbini qurtarmışdım və Kemerovo Daxili İşlər İdarəsində müxtəlif rəhbər vəzifələrində çalışmışdım.

…Təxminən, 1987-ci ilin sonu idi. Kurs rəisi dedi ki, azərbaycanlıları akademiyanın rəisinin yanına çağırırlar. Gedəndə gördüm ki, akademiyada təhsil alan müdavimlərlə Azərbaycan SSR Daxili İşlər naziri Aydın Məmmədov və nazirlikdə yüksək vəzifə tutan Həmid Cəfərovla görüş keçirilir. Görüş zamanı mən özümü təqdim edəndə, bildirdim ki, akademiyaya Kemerovo vilayətindən göndərilmişəm.

Görüş qurtaranda, onlar mənimlə geniş və ətraflı söhbət edəndən sonra “Gələcəkdə Azərbaycanda işləmək istəyərsinizmi?“ – deyə, soruşdular. Mən isə bu barədə fikirləşəcəyimi dedim.

Bu görüşdən bir müddət sonra – 1988-ci ilin əvvəllərində məni akademiya rəisinin otağına dəvət edərək, nazir Aydın Məmmədovun danışmaq istədiyini dedilər. Aydın Məmmədov telefonla Dağlıq Qarabağdakı vəziyyəti danışdı və əgər razılığım olarsa, məni DQMV Daxili İşlər İdarəsinə rəis müavini təyin etmək istədiyini bildirdi. Mən də respublikadan kənarda yaşayan bir azərbaycanlı kimi, Vətənimdə yaranmış problemdən kənarda qala bilməzdim və razılıq verdim. Bakıda Aydın Məmmədovla görüşüb, geniş və ətraflı söhbətdən sonra əmrimi alıb Stepanakertə (hal-hazırki Xankəndinə) getdim. 

Ora gedəndə DQMV Daxili İşlər İdarəsinin rəisi Tumanyans dedi ki, "siz ünvanı səhv salmısınız, bura Dağlıq Qarabağ yox, Artsaxdır". Ermənilər hiylə işlədərək, mənim xidməti otağımı və maşınımı Moskvadan gələn generala vermişdilər. Vəziyyəti belə gördükdə, mən Şuşadan nazir Aydın Məmmədovla əlaqə saxlayaraq, olanları danışdım. O isə cavabında dedi: “Gör, nə edirsən?!”.

Bu arada onu da qeyd etmək istəyirəm ki, rəhmətlik Aydın Məmmədov yaxşı və vətənpərvər insan idi. Onu Daxili İşlər naziri vəzifəsinə Kamran Bağırov təyin etmişdi. Əbdürrəhman Vəzirov respublikaya rəhbər gələndən sonra onun mövqeyi xeyli zəifləmişdi.

Belə olan halda, mən səhəri gün sübh tezdən işə gələrək, xidməti otağımda əyləşdim. Məndən sonra gələn generala isə buranın rəis müavininin otağı olduğunu dedim. Xidməti maşının açarını erməni sürücüdən alıb, əvvəllər o maşını idarə edən azərbaycanlı Arifə verdim…

Bütün bunları ona görə xatırladıram ki, mən Vətənimdə – nə Bakıda, nə də Qarabağda heç kimi tanımırdım.

Qarşıdurma dərinləşdikcə, Stepanakertdə yaşayan azərbaycanlıların əksəriyyəti, yəni, imkanı olanlar şəhəri tərk edirdilər. Qalanlar isə imkansızlar idi. Onlar da küçəyə çıxmağa qorxurdular. Gecələr qapılarının arxasına “kubik” daşları yığırdılar ki, ermənilər gecə evlərə basqın etməsinlər. Baxçalarda hətta 2-3 yaşlı uşaqları da döyürdülər. Qarajlarda azərbaycanlıların maşınlarının təkərlərini kəsir, küçəyə çıxanların üstünə nömrəsiz maşın sürürdülər. Toxuculuq fabrikində, həmçinin başqa müəssisə və təşkilatlarda işləyən işçiləri döyüb, söyür, işə buraxmırdılar. Ermənistandan qovulan azərbaycanlılara xüsusilə əziyyətlər verirdilər, gəldikləri maşınları arxa-arxaya saxlayaraq avtomobillərindən çıxmalarına belə, icazə vermirdilər. Stepanakertdə işləyən azərbaycanlı milisləri də oradan qovmuşdular. Hətta DİN-in Stepanakertdə yaratdığı qərargah tam fəaliyyət göstərə bilmirdi. Şəhərin hər yerində Ermənistanın bayrağını asırdılar. Mən isə sahə inspektorlarını məcbur edirdim ki, onları çıxartsınlar… Bu cür faktları sadalamaqla bitməz.

DQMV-də Prokurorluğunun müavini vəzifəsinə Respublika prokuroru İlyas İsmayılov Boris (Mübariz) Bayramovu təyin etmişdi. Mənim DQMV Daxili İşlər İdarəsinə rəis müavini təyin olunmağım və fəaliyyətim onsuz da ermənilərdə qıcıq yaratmışdı. Və İlyas İsmayılovun məlum təyinatından sonra isə ermənilər lap özlərindən çıxmışdılar. Onlar Stepanakertdə izdihamlı mitinqlər keçirərək, İlyas İsmayılovun əmrinin ləğvini tələb edirdilər.

Mən tam məlumatlıydım ki, Vilayət rəhbərliyi, Azərbaycan SSR-i rəhbərliyi, SSRİ Prokurorluğu öz əmrini dəyişmək üçün İlyas İsmayılova güclü təzyiqlər edirdilər. Ancaq İlyas İsmayılov axıradək prinsipiallıq göstərərk, əmri dəyişmədi və Bayramovu vəzifədə saxladı.

Onun vətənpərvərliyini göstərən digər bir fakt isə elə özümlə bağlıdır.

Məlum olduğu kimi, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-dən çıxıb Ermənistan SSR-ə birləşməsi haqqında qərar qəbul olunmuşdu. Lakin azərbaycanlıların etirazları səbəindən Moskvada Qarbaçovun iştirakıyla Azərbaycan və Ermənistan rəhbərliyinin və ziyalılarının görüşü keçirildi. Görüşdə heç bir sərhəd dəyişikliyinin olmaması barədə qərar qəbul olundu. Bu qərar SSRİ ərazisində, o cümlədən Azərbaycan və Dağlıq Qarabağda çıxan mətbuatda dərc olunmalıydı. Ancaq Stepanakert nəşriyyatının direktoru, “Krunk”un üzvü (təəssüflər ki, soyadını unutmuşam – T.Ə.) müxtəlif bəhanələrlə bu qərarı dərc etməkdən yayınırdı. Mən sonda məcbur olub, onun iş yerinə getdim və qərarı nəyə görə çap etmədiyini soruşduqda, “Yaxşı eləyirəm!” cavabını verdi. Mən də onun qulağından tutub kreslodan qaldırdım və qabağıma salıb Daxili İşlər İdarəsinə gətirdim. Ətrafdakı ermənilər qışqır-bağır salmağa başlamışdılar. İdarədə erməni növbətçilərdən müvəqqəti təcridxananın ( KPZ) açarını tələb etdim. Açarı vermək istəmədilər. Mən, Talıbov Məmmədin yanında zorla açarı onlardan alaraq, nəşriyyatın direktorunu təcridxanaya saldım, sonra da otağıma qalxdım. Bundan sonra ermənilər idarənin önündə izdihamlı mitinqlərə başladılar. Mitinqlərdə onlar deyirdilər ki, guya, mən direktorun qulağını qopartmışam. Xidməti otağımda “VÇ” telefonu var idi. Təxminən, 15 dəqiqədən sonra Ə.Vəzirovun köməkçisi məni onunla birləşdirdi. O, məndən məsələnin nə yerdə olduğunu soruşdu. Mən isə ona direktorun qərarın çapından imtina etdiyini bildirdim. Eyni vaxtda Stepanakertdə, Dağlıq Qarabağda olan vəziyyəti ona danışaraq, hadisələri qaydasına qoymaq üçün Mərkəzi Komitənin bura köçürülməsini, bizim yalnız Azərbaycan milis qüvvəsi ilə birlikdə qayda-qanunu bərpa edə biləcəyimizi dedim. Bu danışıqdan 5 dəqiqə sonra “VÇ” telefonuna yenidən zəng gəldi. Zəng edən İlyas İsmayılov idi. O, məndən Stepanakert nəşriyyatının direktorunu nəyə görə həbs etdiyimi soruşdu, mən də olanları ona danışdım. Biz hər ikimiz bilirdik ki, “VÇ” telefonları dinlənir. O, nə qədər də gizlətməyə çalışsa da, səsindən necə fərəh və qürur hissi keçirtdiyini duydum və həmin səsi hələ də yadımdan çıxmayıb.

Təxminən, 25 dəqiqə keçdikdən sonra növbətçi hissədən mayor mənim yanıma gələrək, nəşriyyat direktorunun qərarı çap etməyə razı olduğunu dedi. Aşağı düşdüm. Direktor qərarı çap edəcəyinə, hətta 3 nüsxəsini də şəxsən mənə çatdıracağına söz verdi və dediklərini də etdi.

Bu hadisədən, təxminən, bir həftə sonra dedilər ki, Ağdamın I katibi Sadıq Murtuzayev mənimlə görüşmək istəyir. Mən də Mardakertə (hal-hazırda Ağdərə) gedəndə, ona baş çəkdim. O, məni çox mehribancasına qəbul etdi və ordakı fəaliyyətimdən məlumatlı olduğunu dedi, ermənilərin məni zəhərləmək, maşınımın əyləcini sıradan çıxartmaq, mənə xidməti otağımda sui-qəsd etmək istəkləri barədə bir çox faktları sadaladı. Həmçinin bildirdi ki, onun özünü də mənimlə görüşməyi İlyas İsmayılov tapşırıb. Sonra o, Respublika prokurorunun danışmaq istədiyini dedi və mən Sadıq Murtuzayevin xidməti otağından İlyas müəllimin özü ilə danışdım. Biz İlyas müəllimlə heç bir zaman görüşməmişdik, amma o, birbaşa telefonunun nömrəsini verdi. Hansı çətin vəziyyətdə çalışdığımı bildiyini  və nə zaman kömək lazım olsa, zəng edə biləcəyimi dedi. Bundan sonra nazirlikdən mənə 5 nəfər milis zabiti təhkim edildi. Biz praktiki olaraq, Stepanakertdə sabitliyi təmin etmişdik, hətta bəzi azərbaycanlılar şəhərə geri dönməyə başlamışdılar. O zabitlərin ad və soyadlarını oxuculara bir başqa materialda təqdim edəcəm.

Mənim Dağlıq Qarabağdan geri çağrılmağım barədə məsələni ermənilər Qarbaçovla həll etmişdilər. məhz ondan razılıq alandan sonra üstündə mənim adım yazılan müqəvvanı şəhər stadionunda yandırdılar. Məsələ ən yüksək səviyyədə həll olunduğuna görə, mən İlyas müəllimi narahat etmədim. Məni Dağlıq Qarabağdan çıxardanda sonra (nazir Aydın Məmmədovun mövqeyi ilə bağlı fikir bildirmişdim) başqa qüvvələrin absurd və gülməli ittihamları ilə qarşılaşdım: məni Dağlıq Qarabağda beynəlmiləlçi olmamaqda və azərbaycanlıları müdafiə etməkdə günahlandırırdılar.

Mən o zaman bu məsələlərlə bağlı qüruruma sığışdırıb, İlyas müəllimə zəng edə bilmədim. Buna baxmayaraq, o özü mənim Dağlıq Qarabağdakı fəaliyyətimi yüksək qiymətləndirərək, bu haqda "Qorotdel"in rəisi Fətulla Hüseynovla və Daxili İşlər naziri Aydın Məmmədovla söhbəti olmuşdu. Hətta Fətulla Hüseynov məni yanına dəvət edib özünə xidmət üzrə müavin də götürmək istəyirdi. Aydın Məmmədov isə özümə demişdi ki, mənimlə bağlı Mərkəzi Komitəyə 3 dəfə bildiriş göndərib və deyib ki, Tahir Əliyev Dağlıq Qarabağda vəzifəsində qalsın və ona əlavə kömək göndərək…

Bir müddət Sumqayıtda rəis müavini vəzifəsində çalışmağıma baxmayaraq, fikrim Dağlıq Qarabağ və sərhəd rayonlarında idi. Ən çətin yerlərə də mən gedirdim…

Sonda bildirmək istəyirəm ki, İlyas İsmayılov o dövrdə respublikanın rəhbəri olsaydı, arxamda dayanıb Dağlıq Qarabağ məsələsini mənə həvalə etsəydi, hesab edirəm ki, biz indi o problemin əziyyətini çəkməzdik.

İlyas müəllim, sizə uzun ömür can sağlığı, işlərinizdə uğurlar, ürəyinizdəki bütün arzuların həyata keçməsini arzulayıram.