XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

27 Mart 2018 - 09:50

Seçkidən sonra əfv sərəncamı veriləcək? –Açıqlamalar

Novruz bayramında əfv sərəncamının verilməməsi ilə bağlı müzakirələr səngimək bilmir. 2005-ci ildən bu yana demək olar ki, hər ilin martında şahidi olduğumuz sərəncamın bu il imzalanmaması çoxsaylı suallar yaradıb.

Doğrudur, Əfv Komissiyasının üzvlərinin sərəncamın verilməməsi ilə bağlı yetərli mövqeləri var. Onlar əsas səbəb kimi müraciətlərin hamısına komissiyanın vaxt çatdırıb baxa bilməməsini göstərirlər.

May ayında mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 və Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı həm amnistiya aktının qəbulu, həm də əfv sərəncamının imzalanacağı gözlənilir. 

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, əfv sərəncamının nə vaxt imzalanması prezidentin müstəsna səlahiyyətidir: “Qanunvericilikdə hansı müddətlərdə konkret olaraq, əfv sərəncamının verilməsi ilə bağlı göstəriş yoxdur. Əfv institutunun hüquqi təbiəti buna yol vermir ki, konkret müddət  olsun. Prezident istədiyi vaxt bu instituta müraciət edib, konstitusiyanın verdiyi hüquqlardan istifadə edə bilər. Əfv Komissiyasına edilən müraciətlər hərtərəfli araşdırılır. Bu sadə bir iş deyil. Hər bir müraciətə rəylər alınır, arayışlar təqdim olunur. Hər müraciətlə bağlı mənfi və ya müsbət rəyin verilməsi ciddi araşdırma tələb edir. Əfv Komissiyasının iclaslarındakı müzakirələr hər zaman açıq müzakirə şəraitində keçir. Komissiyanın sədri bütövlükdə hər kəsin fikrini diqqətlə izləyir və hər kəs də müraciətlə bağlı fikrini ifadə etmək imkanına malikdir.

Təsəvvür edin ki, hər il yüzlərlə müraciətlər daxil olur. Bu müraciətlərə baxılma uzun zaman tələb edir. Bilirsiniz ki, cənab prezident tərəfindən komissiya üzvü kimi dövlət və ictimai xadimlər təyin olunub. Bütün maraqlı tərəflərin mövqeləri orada olmalıdır ki, ortaq məxrəcə gəlinsin. Komissiyaya üzv şəxslər müxtəlif funksiyaları da yerinə yetirirlər. Son zamanlar Azərbaycanda çoxsaylı ciddi tədbirlər həyata keçirilir. Bu tədbirlərdə iştirakla bağlı məsələlər var. Unutmaq olmaz ki, Əfv Komissiyasının katibliyi daim fəaliyyət göstərir. İclaslarımız davam edir. İndiyə qədər çoxsaylı iclaslarımız olub, yüzlərlə müraciətlərə baxılıb. Sadəcə olaraq, müzakirələr tam yekunlaşmadığı, müraciətlərlə bağlı məsələ davam etdiyi üçün istisna etmirəm ki, may ayında bu müraciətlərə baxılma başa çatacaq və Cümhuriyyətimizin yüz illiyi, mərhum prezidentimiz Heydər Əliyevin anadan olmasının 95 illiyi ərəfəsində əfv sərəncamı imzalana bilər. İstənilən halda düşünmək düzgün deyil ki, mütləq Novruz bayramı ərəfəsində əfv verilməlidir. Doğrudur, əvvəlki illərin təcrübəsində əfv sərəncamları daha çox mart ayına təsadüf edib. Lakin digər bayramlarda da sərəncamların verilməsini unutmamalıyıq”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hesab edir ki, əfv sərəncamının verilməməsinə müxtəlif səbəblər əsas olub: “Göründüyü kimi, bu ərəfələrdə beynəlxalq aləmdən də təzyiqlər olmadı. Ola bilsin ki, bayram günlərinin çoxluğu, eləcə də müxtəlif işlərin çox olması komissiyaya müraciətlərə tam baxmağa imkan vermədi. Ümid var ki, prezident seçkiləri başa çatandan sonra ilk verilən sərəncam əfv olsun. Komissiya üzvü olan və dövlət orqanlarında çalışan şəxslərin seçkilər öncəsi işlərinin nə qədər çox olduğunu unutmamalıyıq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”