XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

02 Aprel 2018 - 10:38

Fəzail Ağamalı:“Elmar Məmmədyarov istefa verməlidir, işin öhdəsindən gələ bilmir”

 Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Milli Məclisin 30 martda keçirilən iclasında xarici işlər naziri Elmar Məmmədyarovu istefa verməyə çağırıb. Deputat fikirlərini zəruri edən bir neçə arqument önə çəkib. F.Ağamalı bildirib ki, Xarici İşlər Nazirliyi Azərbaycan prezidentinin yürütdüyü hücum diplomatiyasına adekvat işləmir.

Deputatın istefa çağırışının təsadüf olmadığı, 11 apreldəki növbədənkənar prezident seçkilərindən sonra Məmmədyarovun formalaşacaq yeni hökumətdə yer almayacağı qeyd olunur. F.Ağamalı “Yeni Müsavat”a açıqlamalarına bu fikrə  gəlməsini bir neçə səbəblə izah edib: “Öncəliklə deyim ki, bu, sosial sifariş olaraq gündəmdədir. Tək mənim deyil, müxtəlif şəxslərin dilindən də bu fikirlər səslənir. Mən bir ay öncə mətbuata verdiyim açıqlamada Elmar Məmmədyarovun fəaliyyətini tənqid etmişdim. O zaman KİV-lərdə belə bir xəbər getdi ki, ermənilər Kəlbəcər istiqamətindən işğal olunmuş digər torpaqlarımıza yeni yollar çəkirlər. Eyni zamanda, həm yollar ətrafında, daha münasib yerlərdə ticarət obyektləri, yaşayış evləri tikdikləri xəbərləri yayılmışdı. Ermənilərin işğal olunmuş torpaqlarımıza köçürülməsi məsələsinin də gündəmdə olduğu deyildi. Suallara cavab verdiyim zaman fikrimi çox sərt şəkildə ifadə etdim ki, bunlara Xarici İşlər Nazirliyi öz təpkisini göstərmir. İndiyə qədər Elmar Məmmədyarovun tutmuş olduğu yumşaq mövqe ermənilərin bu hərəkətlərinə kifayət qədər rəvac verir. Digər tərəfdən, Minsk Qrupunun fəaliyyəti də hamımıza bəllidir. Lakin onlarla görüşlərdə nazir kimi onun sərt mövqeyinin şahidi olmamışıq. Ölkə prezidentinin işğal olunmuş torpaqlarımızı azad etməklə bağlı çox sərt mövqeyi ortadadır.

Yaxınlarda keçirilən tədbirlərdə prezident İrəvan, Zəngəzur və digər ərazilərin Azərbaycanın tarixi torpaqları olduğunu bir daha önə çəkdi, həmin torpaqlara qayıdışımızın vacibliyini vurğuladı, o torpaqlarımıza qayıdacağımızı  çox böyük nikbinliklə qeyd etdi. Bunları ölkə prezidenti edir, bəs nədən Elmar Məmmədyarov nazir olaraq bu sərt mövqeyi öz fəaliyyətində əsas götürmür? Bunların hamısı hər kəsə bəllidir. Məmmədyarovun fəaliyyəti bu günün tələblərinə cavab vermir. İşğal olunmuş torpaqlarımızın azad edilməsinə cavab verən fəaliyyət aparılmır. Martın əvvəllərindəki fikirlərimdən sonra ayrı-ayrı siyasətçilər, politoloqlar tərəfindən bu və ya digər şəkildə mətbuatda bu tipli açıqlamalar getdi. Sizin qəzetinizdə Eldar Namazovun müsahibəsində belə fikirlərlə tanış oldum. Cəmiyyətin düşündüklərini Milli Məclis səviyyəsində gündəmə gətirdim. Yəqin etdim ki, Elmar Məmmədyarovun xalqımız qarşısında ən böyük xidməti o olardı ki, öz təşəbbüsü ilə istefaya getsin. Görünən odur ki, Elmar Məmmədyarov bu işin öhdəsindən gələ bilmir. Onunla mənim aramda heç bir problem yoxdur və ola da bilməz. Ümumiyyətlə, heç bir məmur, nazirlə şəxsi problemlərim yoxdur. Ölkə prezidentinin siyasətinin həyata keçməsi, ona dəstək verməyim baxımından bu məsələləri önə çəkirəm. Nazirlərin işdən azad olunmaları və yenilərinin təyin olunması ölkə başçısının səlahiyyətindədir. Bu səlahiyyətlərə hörmətlə yanaşmağa borcluyuq”.