Bu günlərdə Rusiya Ermənistana yeni müqavilə əsasında silahlar verəcəyini açıqlayıb. Bu haqda jurnalistlərə aprelin 1-də Rusiyanın Hərbi-Texniki əməkdaşlıq üzrə federal xidmətinin direktor müavini Vladimir Drojjov bildirib. Kredit 15 illiyə 3 faizlə verilir.
Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bildirib ki, Yerevan Rusiyadan "strateji önləmə silahları" almağa çalışır.
Millət vəkili Rasim Musabəyov Azadlıq radiosuna verdiyi açıqlamada deyib ki, Ermənistanın rusiyadan alacağı yeni silahlar hərbi balansı dəyişə bilməyəcək, amma ümimilikdə münaqişənin həllinə mənfi təsir göstərəcək: "Azərbaycan öz puluna 5 dəfə, bəlkə də 10 dəfə daha çox silah almaq iqtidarındadır. Özü də təkcə Rusiyadan yox, İsrail, Türkiyə və Pakistan, Ukrayna bazarından silah ala bilər. Azərbaycan öz hərbi-texniki üstünlüyünü təmin etmək iqtidarındadır. Amma təbii ki, Rusiyanın kredit adı ilə Ermənistana verdiyi müftə silahlar vəziyyətə mənfi təsir göstərəcək".
Rasim Musabəyovun fikrincə, münaqişənin yenidən alovlanması riski olduqca yüksəkdir.