XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

03 Aprel 2018 - 16:40

KXDR-in xarici işlər naziri Azərbaycana gələcək:"Bakıda beynəlxalq tədbir olacaq" - XİN təsdiqlədi

Koreya Xalq Demokratik Respublikasının xarici işlər nazirinin Azərbaycana səfəri gözlənilir.

Bunu Qoşulmama Hərəkatının nazirlər toplantısında Şimali Koreya xarici işlər nazirinin iştirakı barədə sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev xatırladıb ki, 5-6 aprel 2018-ci il tarixində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı Bakıda keçiriləcək. Nazirlər konfransına hazırlıq məqsədilə 3-4 aprel 2018-ci il tarixində yüksək vəzifəli məmurlar səviyyəsində iclas keçirilir:

"Konfransda Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatlar iştirak edəcəklər. Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama hərəkatı yanında müşahidəçi statusuna malikdir".

XİN rəsmisi deyib ki, 5-6 aprel tarixlərində keçiriləcək Qoşulmama Hərəkatı nazirlər toplantısında hərəkata üzv olan ölkələrin xarici işlər nazirləri, o cümlədən üzv dövlət kimi Koreya Xalq Demokratik Respublikasının da xarici işlər nazirinin iştirakı gözlənilir: "Həmçinin, nazirlər toplantısında BMT-nin Baş Assambleyasının prezidenti Miroslav Layçak və digər beynəlxalq təşkilatların rəhbər şəxslərinin iştirakı nəzərdə tutulub".

H.Hacıyev qeyd edib ki, BMT Baş Assambleyasından sonra Qoşulmama Hərəkatı dünya dövlətlərini birləşdirən ən böyük platformadır/Trend.