XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

06 Aprel 2018 - 15:45

Sülhəddin Əkbər:“ABŞ-ın rus milyarderlərinə sanksiyası onları danışıqlara sövq etmək cəhdidir”

 “Həm Rusiya, həm də ABŞ-da Rusiya vətəndaşı olan milyarderlərə təzyiqlərin başlanması təsadüfi deyil. ABŞ-da Rusiyaya sanksiyaların tətbiqi ilə bağlı şərti olaraq “Kreml hesabatı” adlandırılan siyahı çap edilib. Söhbət sanksiya altına salınacaq Rusiya milyarderlərindən gedir. O zaman sual yaranır ki, bu şəxslərə qarşı sanksiya tətbiq edilmirsə, siyahı niyə çap edilib? Bu hesabatın əsas hissəsi qapalı idi. Hesabatın mətbuata açıq olan hissəsindən bəlli olmurdu ki, siyahı hansı məqsədlə çap edilib.

Bu fikirləri Teleqraf.com-a Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik eksperti Sülhəddin Əkbər son günlər həm Rusiya, həm də ABŞ-da bəzi rusiyalı milyarderlərə təzyiqlərin başlanmasını şərh edərkən deyib.

S.Əkbər bildirib ki, burada Vaşinqtonun başlıca məqsədi siyahıda adı olan milyarderləri ABŞ-la danışıqlara sövq etməkdir: “ABŞ-ın əsas məqsədi bu milyarderlərin “Rusiya işi” ilə əlaqədar aparılan təhqiqat işi çərçivəsində təhqiqatçılarla sövdələşməyə getməsinə nail olmaqdır. Gələn məlumatlar da bunun qismən doğru olduğunu ortaya qoyur. Bu şəxslərin adı sanksiya siyahısına salınıb. İndi bu oliqarxlar nə etməlidir? Sözsüz ki, xaricdə olan aktivlərini, bizneslərini qorumaq, maliyyə-biznes fəaliyyətini davam etdirmək üçün ABŞ-la dil tapmalıdırlar. Bu mənada görünür ki, Rusiya daxilində və xaricində proses başlayıb. Təbii ki, Rusiya kəşfiyyatı sakit oturmur və bu şəxsləri müəyyən edir. Artıq ABŞ və Rusiya kəşfiyyatının gizli savaşının bir hissəsi də bundan ibarətdir”.

Rusiya daxilində bəzi milyarderlərin dövlət qarşısında öz öhdəliklərini yerinə yetirmədiyi səbəbindən ciddi tənqid olunduğunu xatırladan S.Əkbər deyir ki, əslində, gerçək səbəb ABŞ-ın sanksiyaları ilə bağlı milyarderlərin davranışlarıdır: “Çünki milyarderlər uzun illər ərzində Moskvanın gözü qarşısında olublar. Sözsüz ki, milyarderlərin pulunun bir hissəsi qanunsuz əldə olunan maliyyədir. Bunlar da xüsusi xidmət orqanlarında təsbit edilir və lazım gələndə həmin şəxslərə qarşı təzyiq vasitəsi kimi istifadə olunur. Əslində, ABŞ-ın xüsusi xidmət orqanları, Maliyyə Nazirliyi, Dövlət Departamentinin “Kreml hesabatı” adlı sanksiya siyahısını açıqlamaqda məqsədi rus milyarder qrupunun Putinə təzyiq etməsinə nail olmaq idi. Ancaq bu, baş tutmadı və Rusiyanın öz siyasətini dəyişmək niyyətini görmürük. Odur ki, indi siyahıda olan şəxslərə qarşı addımlar atılır. Təbii ki, bu milyarderlərin bir hissəsi pullarını Putinin dövründə, bir hissəsi isə ondan əvvəl qazanıb. Ancaq bu pulların böyük hissəsi qanunsuz əldə edilib. ABŞ əsasən, Putinə yaxın olan milyarderlərə qarşı addım atacaq”.

S.Əkbər hesab edir ki, həm Rusiyada, həm də ABŞ-da sıxışdırılan milyarderlərin adları son anda üst-üstə düşməyəcək: “Burada ayrılma olacaq. Nəzərə alın ki, bu prosesdə əməliyyat oyunları da baş verəcək. Kimlər ki, ABŞ və onun dövlət qurumları ilə əməkdaşlıq edəcəksə, sözsüz ki, onlara fərqli yanaşma olacaq. Həmin şəxslərlə bağlı rus kəşfiyyatı informasiya əldə edə bilsə, bu milyarderlərə Rusiyada sərt yanaşma ortaya qoyulacaq”.

Qeyd edək ki, ABŞ-da “Rusiya işi”ni araşdıran xüsusi prokuror Robert Müllerin ölkəyə səfər edən üç rusiyalı oliqarxı saxlayaraq, dindirdiyi məlum olub. Bu milyarderlərdən biri Nyu York aeroportunda, şəxsi təyyarəsi yerə enən kimi saxlanılıb və ciddi yoxlanılıb. Sonradan xəbər yayılıb ki, mart ayında ABŞ-a rusiyalı milyarderlərdən Roman Abramoviç, Viktor Vekselberq və Mixail Proxorovun şəxsi təyyarələri uçub. Bununla paralel olaraq Rusiyada da milyarderlərlə bağlı yeni proses başlanıb. Rusiya hüquq-mühafizə orqanları ölkənin nəhəng holdinqlərindən olan “Summa” şirkətlər qrupunun sahibi, dağıstanlı milyarder Ziyavuddin Maqomedovu, qardaşı Maqomedi və holdinqin digər səlahiyyətli şəxslərini həbs edib.

Dünən isə Rusiyada Hesabalama Palatası “Avtodor” dövlət konserni və azərbaycanlı milyarder Araz Ağalarovun “Crocus İnternational” şirkətinin öz öhdəliklərini yarıtmaz yerinə yetirməsi ucbatından Mərkəzi Dairəvi Avtomobil yolunun smeta dəyərinin 15 milyard rubla qədər artdığını, yolun təhvil verilməsi üçün son müddətin isə uzanaraq 2019-cu ilə keçdiyini bildirib. Palata auditin nəticələrini Baş Prokurorluğa, İqtisadi İnkişaf Nazirliyinə və Nəqliyyat Nazirliyinə göndərib və xahiş edib ki, Araz Ağalarovun şirkətinin Mərkəzi Dairəvi Avtomobil yolunun tikintisindəki fəaliyyətini araşdırıb hüquqi qiymət versin.