XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

11 Aprel 2018 - 14:53

MSK sədri:"İndiyədək seçki prosesi ilə bağlı heç bir qanun pozuntusu qeydə alınmayıb"

Bu saata qədər seçki prosesi ilə bağlı rəsmi şəkildə heç bir qanun pozuntusu qeydə alınmayıb.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə deyib.

O qeyd edib ki, daxil olan müraciətlər əsasən sorğu xarakterli olub.

M.Pənahov bildirib ki, Azərbaycanda prezident seçkiləri ilə bağlı səsvermə prosesi tam şəffaf şəkildə həyata keçirilir.

MSK sədri, eyni zamanda, 36 saylı Seçki Dairəsinin 3 və 4 saylı seçki məntəqələrində jurnalistlərdən prosesi izləmələri üçün arayış istənilməsi məsələsinə də toxunub. Qeyd edib ki, bununla bağlı MSK-ya müraciət daxil olmayıb: “Bu, qanunazidd addımdır. Polisin və seçki komissiyasının belə hüququ yoxdur”.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 12:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 39,39 faizi, yəni 2 093 343 seçici səs verib.