XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

19 Aprel 2018 - 14:05

Heydər Əliyevin sabiq müşaviri:"Ənənəvi idarəetmə sistemi köklü surətdə aradan qaldırılacaq..."

“Görünür ki, prezident radikal islahatların tərəfdarıdır. Bu radikal islahatlar idarəetmə aparatını sadələşdirəcək və oranı peşəkarların komandasına çevirəcək. Beləliklə də ölkənin idarə edilməsi çox uğurla aparılacaq. Bu, iqtisadi islahatların gedişinə də müsbət təsir göstərəcək və ölkə regionun lider dövləti kimi daha sürətlə inkişaf edəcək”.

Strateq.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli Prezident İlham Əliyevin aprelin 18-də andiçmə mərasimində çıxışı zamanı siyasi islahatların daha da dərinləşəcəyi ilə bağlı nitqinə münasibət bildirərkən deyib.

O bildirib ki, Azərbaycanda siyasi islahatlara ehtiyac var: “Doğrudur, Prezident çıxışında iqtisadi islahatların da adını çəkdi. Görünən odur ki, Pezident siyasi islahatları daha çox diqqətə çəkib. Siyasi islahatlar dedikdə hazırda əsas məsələ kadrların seçilib yerləşdirilməsi ilə bağlıdır. Yəni burada söhbət peşəkar bir komandanın formalaşdırılmasından gedir. Bu yalnız bacarıq və qabiliyyətinə görə proseslərə fəal müdaxilə etməyi bacaran şəxslərdən ibarət bir komanda olacaq”.

Q.Hüseynli qeyd edib ki, prezident həcmcə şişirdilmiş aparatın təkmilləşdirməsinə diqqət çəkəcək: “Azərbaycanda hələ sovet hakimiyyəti illərindən qalmış nazirlik və komitələr var. Nazirliklərin bəzilərinin olması vacib məsələdir. Amma elə komitələr var ki, büdcədən maliyyələşir, amma onların nə işlə məşğul olduğunu söyləmək çətindir. Ölkənin siyasi kursu var, Prezident İlham Əliyevin çıxışlarında, həmçinin akademik Ramiz Mehdiyev ideoloji prinsipləri əks etdirən məqalələrində Azərbaycan Avropa dövləti olmaq istəyi açıq şəkildə ifadə olunur. İslahatlar da bu yöndə aparılır və prezidentin dediyi kimi, bu dönəmdə daha da dərinləşəcək”.

Q.Hüseynlinin sözlərinə görə, bundan əvvəl də ölkədə siyasi islahatlar keçirilib: “Amma görünür, bu dəfə prezident ənənəvi idarəetmə sistemini köklü surətdə aradan qaldırmaq niyyətindədir”.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində çıxışı zamanı əldə edilmiş nailiyyətlərlə kifayətlənməli olmayacağımızı bildirib: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var”.