XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 May 2018 - 21:59

“Erməni xalqı çağırışlar etsə, biz onlara kömək edə bilərik” –Bayram Səfərov

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov Nikol Paşinyanın Ermənistanın baş naziri seçilməsinə münasibət bildirib.

Bayram Səfərov Sfera.az-a açıqlamasında Nikol Paşinyanı işğalçılıq siyasətindən əl çəkməyə çağırıb:

“Nikol Paşinyanın işğalçılıq siyasətindən əl çəkib-çəkməyəcəyini zaman göstərəcək. İstənilən halda gec-tez bu olmalıdır. Əks halda Ermənistan xalqı böhrandan xilas ola bilməyəcək. Mən ötən dəfə də bildirmişəm ki, Azərbaycan dövlətinin və prezidentinin köməyi olmadan erməni xalqı düşdüyü böhrandan xilas ola bilməyəcək. Erməni xalqı Azərbaycandan kömək istəsə, buna çağırışlar etsə, biz də onlara kömək edə bilərik. Hər şey mümkündür. Əsas odur ki, haqsız işğala son qoyulsun”.

İcma rəhbəri Ermənistan əhalisinin böyük böhranlarla üz-üzə qaldığını söyləyib: “İndi ermənilər yeni baş nazir seçiblər. Ancaq onların problemi bitən deyil. Hələ bu xəmir çox su aparacaq. Heç kəs dəqiq bilmir ki, bundan sonra Ermənistanda nələr baş verəcək. Yalnız bir məsələ dəqiqdir ki, ermənilər ağıllanıb işağlçılıqdan əl çəkməsə, onların gələcəyi yaxşı olmayacaq. Bunun üçün də Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir və Azərbaycandan kömək, dəstək istəməlidir. Erməni xalqı bu köməyi istəsə, biz də təmin edə bilərik. Bununla ermənilər də rahat yaşayarlar. Daha indiki kimi ac-yalavac yaşamazlar. İndi Nikol Paşinyan qələbə çalıb, baş nazir seçilib. Bundan sonra Paşinyan elə hərəkət etməlidir ki, camaat onu dəstəkləsin. Yəni o, açıq şəkildə bəyan etməlidir ki, Qarabağın Ermənistana heç bir bağlılığı yoxdur. Ermənistan dövləti heç öz əhalisinin başını girəliyə bilmir, Qarabağı necə saxlayacaq? Bunun üçün Ermənistan birmənalı şəkildə işğalçılıq siyasətindən əl çəkməlidir. Əks halda onların sonu yoxdur”.