XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

10 May 2018 - 16:40

ABŞ-da ReAL-a tərif, ənənəvi müxalifətə qınaq  –Milli Şuranın üzvündən etiraz    

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Helsinki Komissiyası kimi tanınan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası, mayın 9-da Azərbaycanda seçkilər və fundamental azadlıqlar mövzusunda dinləmələr keçirib.

Helsinki Komissiyasının siyasi müşaviri Everett Price bildirib ki, Azərbaycan hökumətinin fəaliyyəti narahatlıq doğurur: “2015-ci ildə konqsmen Kris Smit demokratiya aktını təqdim edib. Buna baxmayaraq, hakimiyyət 2016-cı ildə referendum keçirib, öz səlahiyyətlərini genişləndirib. 2017-ci ildə vəziyyət daha pisləşib. Bütün müstəqil media bloklanıb, müstəqil jurnalistlərin ölkədən çıxışı məhdudlaşdırılıb”.

ABŞ Massaçuses Universitetinin tarix professoru Audrey L. Altstadt isə deyib ki, Azərbaycan getdikcə demopkratiyadan uzaqlaşır. Alim bildirib ki, seçkilərdə əsas müxalifət uzaqlaşdırılıb, nəzarət artırılıb. Onun fikrincə, ölkədə turizm, tikinti vasitəsilə varlananlar olsa da, hələ də çox sayda köçkün və yoxsullar var. Audrey L. Altstadt Azərbaycan müxalifətinin hazırkı vəziyyətindən də söz açıb. O deyib ki, müxalif siyasi partiyaların arasında ReAl xüsusilə seçilir, çünki onun üzvlərinin əksəriyyəti 40 yaşından cavan olanlardır. Onun sözlərinə görə, başqa müxalifət partiyaları yaşlılardan ibarətdir və onların prosesdə iştirak üçün resursları yoxdur: “Belə görürəm onlar uzun illərdir ki, mübarizədədirlər və irəli çıxmağa heç bir şansları olmayıb”.

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu, tədbirdə ənənəvi müxalifət barədə səslənən fikirlərə münasibət bildirib. T.Yaqublu Strateq.az-a açıqlamasında deyib ki, xanım Audrey L. Altstadtla razılaşmaq olmaz: “ReAI-ın tərkibinin daha çox gənclərdən ibarət olmasını hansı əsaslarla demək olar? Bunu rəhbər orqanlarda təmsil olunan insanların yaşına baxanda, yoxsa ümumi üzvləri bir-bir müqayisə edib deyirlər? ReAL-ın rəhbəri İlqar Məmmədovdur, o da aşağı-yuxarı Müsavat başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli ilə həmyaşıddır. Elə rəhbər orqanların tərkibinə də baxsaq, fərq görmərik. Mən düşünmürəm ki, Müsavat Partiyasının Divan üzvləri, AXCP-nin Rəyasət Heyətinin üzvləri ReAL-ın İdarə Heyətində təmsil olunanlardan daha yaşlıdırlar”.

T.Yaqublu bu məsələdə yersiz spekuliyasiya olduğu qənaətindədir: “Yaxşı idarə etmək, yaşla bağlı deyil. Əlbəttə, yaşın bəzi sahələrdə önəmi var. Məsələn, 18-20 yaşdakı gənc 60 yaşda olan insandan daha bərk qaça, daha yaxşı dırmaşa, yaxud daha çox yük qaldıra bilər, bu aydın məsələdir. Amma mübarizə aparmaq, prosesi idarə etmək başqa bir məsələdir. Biz deyə bilərikmi, gənc şair, bəstəkar, yazıçı, heykəltaraş yaşlı həmkarlarından daha yaxşı sənət nümunələri  yaradırlar. Bu, gəncliklə bağlı məsələ deyili.  Bizim xalqın yaxşı bir ata sözü var: ağıl yaşda deyil, başdadır. Bu konkret məsələdir, ola bilər, gənc bir insan yaşlılardan daha qabiliyyətli, bacarıqlı, uğurlu olsun, yaxud əksinə. İnsanın nəyə qadir olduğuna baxmaq lazımdır. Adam var ki, yaşlıdır, məşədi İbadın sözü olmasın, min cavana dəyər. Baxın, ABŞ-ı bir qayda olaraq yaşlı insanlar idarə edir. Dünyada nə qədər səfeh dövlət başçıları var, gəncdirlər, amma baxın, ölkələrini nə günə qoyublar. Ona görə də belə söhbətləri ortaya atıb spekuliyasiya etmək lazım deyil”.

Milli Şura təmsilçisi daha sonra deyib ki, yaşa deyi, aparılan mübarizənin mahiyyətinə fikir vermək lazımdır: “Kim doğru mübarizə aparır, enerjilidir, yenilməzdir, prinsipialdır, əzmkardır və s. Bunu görmək, demək lazımdır. Mən müxalifətdə olan bütün təşkilatlara dərin hörmət göstərirəm. Azərbaycanın demokratikləşməsi üçün kim nəyi bacarır, ortaya qoymalıdır. Kənardan verilən belə qiymətləndirmələrlə qətiyyən razılaşmaq olmaz. Hətta ReAL üzvlərinin daha gənc olması aşkar olunsa belə, bu, üstünlük sayıla bilməz. Aparılan mübarizənin keyfiyyətinə, məzmununa baxanda aydın görürük ki, bu işi Azərbaycanda klassik müxalifət partiyaları hamıdan daha yaxşı görürlər”-deyə T.Yaqublu fikirlərini yekunlaşdırıb.

Turqut