Azərbaycan gələn il Avropa Gənclər Olimpiya Festivalına (AGOF) ev sahibliyi edəcək.
Prezident İlham Əliyev Təşkilat Komitəsinin yaradılması ilə bağlı sərəncam imzalayıb. Festival Avropa Olimpiya Komitələrinə üzv olan dövlətlər arasında, özü də iki ildən bir keçirilir. Bu tədbirə, adətən, 14-18 yaşlılar qatılır.
AGOF-un yaşı elə də çox deyil. İlk dəfə 1991-ci ildə Brüsseldə keçirilib. Festival Azərbaycanın qonşuları Türkiyə (2011) ilə Gürcüstanda da (2015) baş tutub.
Hələ iki il öncə açıqlanan məlumatda deyilirdi ki, Azərbaycanda keçiriləcək festivala 4 minə yaxın iştirakçının qatılması nəzərdə tutulur. 50 Avropa olimpiya komitəsi və 50 dünya olimpiya komitəsinin bu festivalda iştirakı gözlənilir. Festivalda 9 idman növü üzrə yarışlar keçirilməlidir.
Adətən, bu cür beynəlxalq tədbirlər, xüsusən də Bakı Birinci Avropa Oyunları, İslam Oyunları, Formula-1 ölkədə tənqidlə, iradla qarşılanır. Yerli iqtisadçılar bu cür idman yarışlarına milyonların, bəzən milyardların xərcləndiyini, amma əvəzində onun ölkəyə nə maddi, nə də mənəvi heç nə qazandırmadığını iddia edirlər. Bu cür mübahisələr 2015-ci ildə keçirilmiş Bakı Birinci Avropa Oyunları zamanı daha qızğın gedirdi. Hakimiyyət isə hər zaman beynəlxalq yarışların ölkənin imicinə, tanınmasına xidmət etdiyini bildirir.
«Bizim təşkilatçılıq qabiliyyətimiz çox yüksəkdir. Bizi dünya tanıyır. Azərbaycanı tanıtmağa ehtiyac yoxdur», – bunu Milli Olimpiya Komitəsinin baş katibi, hakim Yeni Azərbaycan Partiyasının Milli Məclisdəki təmsilçisi Ağacan Əbiyev “Azadlıq” radiosuna açlıqlamasında deyib. Tənqidlərlə razılaşmayan MOK baş katibinin qənaətincə, belə bir yarışın Azərbaycanda keçirilməsi ölkə üçün sadəcə, komplimentdir: «Belə festivalın keçirilməsini hər ölkəyə etibar etmirlər. Düz 20 ölkə bu yarışın keçirilməsi üçün xahiş edir. Ancaq bunu inkişaf etmiş, idmanı yüksək səviyyədə olan ölkələrə keçirməyə icazə verirlər. Azərbaycan da həm inkişaf etmiş, həm də idmanı yüksək səviyyədə olan ölkədir. Bu yarışın keçirilməsi ölkə üçün komplimentdir».
Başqa bir iqtisadçı, AXCP Rəyasət Heyətinin üzvü Nemət Əliyevsə hesab edir ki, gənclərlə bağlı tədbirlərin keçirilməsi təqdirəlayiqdir. Ancaq ona təəssüflənir ki, bunun «deqradasiyaya uğrayan» Azərbaycan gəncliyinə bir faydası yoxdur. İqtisadçının fikrincə, beynəlxalq idman tədbirlərinə xərclənən vəsait gənclərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəldilsə, xüsusən də mənzil probleminin, işsizliyin aradan qaldırılması daha yaxşı olardı.
A.Əbiyev isə Azərbaycanın Avropa Gənclər Olimpiya Festivalına böyük məbləğdə pul xərcləməyəcəyini bildirir: «Gələnlər öz hesablarına gəlir, mehmanxana pulunu-zadı özləri verəcəklər. İkincisi, biz ancaq təşkil edirik. Təşkilatçı kimi isə bizə heç nə lazım deyil. Azərbaycandakı idman infrastrukturu Avropada belə yoxdur. Bilməyənlər danışmasın. Elə bilirlər, burda alver gedir, pul xərcləyirik. Amma artıq bir dəfə infrastrukturu qurmağa, stadionlar, komplekslər tikməyə pul xərcləmişik. Biz indi ancaq yarışların keçirilməsinə pul xərcləyirik».
Xatırladaq ki, Avropa Gənclər Olimpiya Festivalı 2019-cu ilin 20-28 iyulunda Bakıda keçiriləcək.