XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

20 Aprel 2015 - 06:32

DAK ABŞ-İran yaxınlaşmasına reaksiya verdi

Samir Adıgözəlli: “Azərbaycanın bütövləşməsini tələb etmək bizim mənəvi haqqımızdır”

Aprelin 18-də Türkiyənin İstanbul şəhərində, “The Green Park Hotel Merter”də Dünya Azərbaycanlıları Konqresinin (DAK) sayca XIII qurultayı öz işinə başlayıb.

Qurultaya dünyanın bir çox ölkələrindən, xüsusilə ABŞ, Avstraliya, Almaniya, İsveçrə, Türkiyə, Rusiya, Almaniya, Ukrayna, Gürcüstan, Polşa, çexiya, İraq, Şimali Kipr Türk Respublikası da daxil olmaqla, qonaq və nümayəndə seçilib. Qurultayda Türkiyənin hakim elitasının – AKP-nin, aparıcı müxalifət partiyalarının – CHP, MHP, BBP-nin rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatları, ülkü ocaqlarının, bu ölkədə və dünyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının, Güney Azərbaycan qurumlarının təmsilçiləri, Azərbaycanda fəaliyyət göstərən bir sıra müxalifət partiyalarının sədrləri, QHT rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər, ziyalılar və s. iştirak edirlər. Qurultaya 152 qurultay nümayəndəsi, 100-dən çox qonaq qatılıb. Qurultay türk dünyasının çeşidli bölgələrində şəhid olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla anılması və hər iki qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə açıq elan olunub.

Dünya Azərbaycanlıları Konqresinin (DAK) İstanbulda keçirilən qurultayında Sabir Rüstəmxanlı və Firudin Pərvizniya qurumun növbəti müddətə yenidən həmsədrləri seçiliblər.

DAK-ın mətbuat xidmətindən verilən məlumata görə, bundan əlavə, qurultayda 21 nəfər DAK İdarə Heyətinin və 5 nəfər NTK-nın üzvü seçilib.

Eyni zamanda, Türkiyədəki Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil ünal DAK Məşvərət Məclisinin sədri seçilib.

Samir Adıgözəlli DAK İcra Aparatının sədri seçilib.

Əsas amallarından biri Azərbaycanı bütöv görmək istəyən bu qurumun qurultayı olduqca maraqlı bir məqama təsadüf edir. Hazırda İranla ABŞ və Qərb ölkələri arasında yaxınlaşma meylləri hiss olunur. DAK gələcək fəaliyyətində bu amili nəzərə alacaqmı və bu faktor qurumun fəaliyyətində yeniliyə səbəb ola bilərmi?

DAK İcra Aparatının rəhbəri Samir Adıgözəlli açıqlamasında bildirdi ki, onun hazırda təmsil olunduğu qurum hansısa amilləri nəzərə alıb ərsəyə gəlməyib: “Hazırda biz qurultaydayıq. Prosesin gedişindən də anlaşılır ki, DAK-a böyük rəğbət və ehtiram var. DAK qarşısına hakimiyyətə gəlmək kimi vəzifələri qoymur. Dünyada yaşayan bütün Azərbaycan türklərini ətrafında birləşdirən bu qurum bizim tarixdə itirdiklərimizin bərpası uğrunda da açıq mübarizə aparır. Bəllidir ki, Azərbaycan bir sıra imperialist maraqların ucbatından, eləcə də həmin siyasətin yürüdülməsində böyük dövlətlərə yardım edən bəzi etnosların xəyanəti nəticəsində öz əzəli torpaqlarını itirib. Bizim böyük bir hissəmiz Cənubi Azərbaycandır. Bunu heç kim inkar edə bilməz. Biz kimlərinsə halal torpağına iddia etmirik. Azərbaycanın bütövləşməsini tələb etmək bizim mənəvi haqqımızdır. Situasiyanın necə dəyişməsindən asılı olmayaraq, DAK prinsipial hədəflərindən geri çəkilməyəcək. Bura İranın ABŞ və Qərblə yaxınlaşması faktorunu da əlavə edə bilərik. Digər tərəfdən isə, bizim təşkilatda Cənubdan olan soydaşlarımız da çox təmsil olunur və onlar da bu mübarizənin önündə dururlar”.

Məhəmmədəli QƏRİBLİ