XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

22 May 2018 - 09:00

Zənginliklə yoxsulluq arasında itib-batan maraqlar… –Siyasi inkişafdan geri qalan Azərbaycan haraya gedir?

Elçin RÜSTƏMLİ

“Strateq.az”

 

Neft gəlirləri Azərbaycanın simasını dəyişib – bu, mübahisəsiz məsələdir. Paytaxt, bölgə mərkəzləri müasirləşib, nəqliyyat infrastrukturu inkişaf edib, avtoparklar ən bahalı avtomobillərlə dolub-daşır, bahalı brend mağazalar, restoranlar, otellər və başqa xidmət sahələri dəbdəbəsinə görə postsovet məkanında, bəlkə də, ən üst səviyyədədir. 

Neft pulları Azərbaycana bəxş etdiyi bu zənginliklə bərabər, çoxsaylı problemlər də gətirib. Korrupsiya, sosial təbəqələr arasında uçurumun astronomik həddə dərinləşməsi, işsizlik, yoxsulluq, iqtisadiyyatın neftdən kənar sahələrinin inkişafdan qalması, mənəvi dəyərlərin deqredasiyası və s. kimi neqativ hallar inkarolunmazdır.

Təsvir etdiyimiz iki rəng Azərbaycan cəmiyyətinin real durumunu əks etdirir. Amma bizim haqqında danışmadığımız başqa, özü də çox ciddi problemlərimiz var. Təəssüf ki, onlar haqqında daha az düşünürük, dəbdəbənin və həyat uğurunda mübarizənin yollarında batıb qalmışıq.

İstər daxildən, istərsə də regionda cərəyan edən hadisələrin fonundan baxsaq, Azərbaycanın siyasi inkişafdan sürətlə geri qaldığını görürük. Sanki, getdikcə cəmiyyət dövlət idarəetməsindən kənara itələnir. Ölkənin bu günü və sabahı üçün məsuliyyət daşıyan kadrlar siyasi mərkəzlərdən, partiyalardan, vətəndaş cəmiyyəti institutlarından çıxmır, irəli çəkilmir. Siyasi rəqabət yoxdur, vətəndaş cəmiyyəti də çox kiçik, fərdi maraqlar uğurunda mübarizəyə köklənib. Medianın problemləri isə o qədər böyüyüb ki, bunu milli təhlükəsiziliyi təhdid edən risklərdən bir də adlandırmaq olar. 

Prezident seçiklərindən sonrakı təyinatlara baxsaq, YAP elitasından nazir postu, yaxud nazir müavinləri vəzifəsi alan kadrlar görmədik. Təyinatlarda gənc, bacarıqlı kadrlar ola bilər, amma onlar harada yetişiblər, hansı siyasi mübarizələrdən keçib gəliblər? Başqa siyasi qüvvələri kənara qoyaq, hakim partiya niyə dövlət idarəetməsini kadrla təmin edə bilmir? Yüksək etimad göstərilən şəxsləri biz niyə hakim partiyanın ofislərində, siyasi qovğalarında görməmişik? 700 minlik partiyada niyə bir daxili mübarizə yoxdur, niyə hakimiyyətdə təmsil olunmağa, parlament üzvü seçilməyə iddia edən siyasətçilər mövcud deyil? YAP-da belə bir görsəniş olsaydı, bəlkə də ümumilikdə ölkənin siyasi mənzərəsinə öz töhfəsini verən stimul olardı.

Dövlət idarəetməsində çalışanların yaxşı təhsili ola bilər, hətta Harvarddan, MİT-dən diplomları da. Amma bu bir həqiqətdir ki, ən yaxşı kadrlar həm də siyasi mübarizələrdə yetişib üzə çıxan, rəqabət qabiliyyətli, dövlət maraqlarını, milli mənafeləri dərk edən, mübarizə aparan şəxslər arasından çıxır.

Bizdə neft pullarının bir hissəsi cəmiyyətin siyasətsizləşdirilməsinə yönəlib. Bu enerjinin mənfəəti hakim siyasi qüvvənin hakimiyyətini uzunömürlü edə bilər, amma zərbələrini gözardı etmək olmaz. Çünki siyasi mübarizələrdən imtina, monoton, inzibati idarəetmə strateji baxımdan ölkəni siyasi inkişafdan saxlayan amildir.

Bu gün Azərbaycan siyasi sistemində mübarizə yox səviyyəsindədir. Fərqi yoxdur, öz içində, parlamentdə, yaxud müxalifətdə – hökumət belə bir mübarizəni antidövlət fəaliyyəti kimi qiymətləndirir. Cəmiyyətdə, elə hakimiyyətin öz içərisində fərqli baxışları olan qüvvələrin, hətta radikal qrupların olması normaldır. Cəmiyyətin münasibət bildirməsi ilə –  yəni bir seçimdə siyasi sistemdə onların yerləri təyin olunacaq, nəticədə haqqında qorxulu yalanlar söylənilən xaotik situasiya yaranmır.

Təəssüf ki, bizdə uzun illərdir bu tablo dəyişmir. Hətta hakim partiya, obrazlı desək, siyasətlə məşğul olmağı yadırğayıbsa, gənc nəsil siyasəti özünə peşə seçərmi? Ələbəttə, yox! Nəticədə nə baş verir: siyasət peşəsi Azərbaycanda arxaikləşir, əhəmiyyətini itirir, halbuki gəncliyin öz imkanlarını ən yüksək səvəyyədə  reallaşdırdığı sahə bura olmalıdır. Dövlətin gələcəyi daha çox ağıllı siyasətçilərin üzərindədir.

Qonşu Gürcüstanda və Ermənistanda siyasi dinamika bu ölkələrin inkişafını stimullaşdıran başlıca amildir. Bu cəmiyyətlərdə bir rəqabət var, istənilən sahədə insanlar mübarizə içərisindədirlər. Seçimlər hər yerdə daha yaxşıların üst səviyyəyə çıxmasını təmin edir. Bu da nəticə etibarilə qabiliyyətli şəxslərin dövlət idarəetməsinə transferini şərtləndirir. Ölkəni gücləndirən, rəqabət qabiliyyətini artıran faktor budur!

Nəzərə alsaq ki, Azərbaycan çox mürəkkəb geosiyasi şəraitdədir, qonşu ölkələrlə müharibə, rəqabət halındadır. Rusiyanın bizə münasibəti bəllidir  – Ermənistanın arxasında dayanıb ölkəmizin beşdə birini işğal edib. İran zatən Azərbaycanın güclü, parlaq, demokratik dövlət olmasını öz milli təhlükəsizliyinə təhdid kimi qəbul edir. Gürcülərə gəldikdə, onlar bizim avtoritar, miskin, amma pullu dövlət olmağımzı istəyirlər ki, maksimum faydalana bilsinlər. Bəs biz özümüz üçün nə istəyirik? Öz imkanlarımızı necə dəyərləndiririk, potensialımızı necə reallaşdırmağa çaılışırıq?

Əldə etdiklərimizə və itrdiklərimizin miqyasına baxanda, belə bir təsəvvür yaranır: Azərbaycan Tanrının bəxş etdiklərinə görə ayaq üstədir, bizə qalsa, heç nəyin qədrini bilməyən, hətta bu Cümhuriyyəti bəxş edən liderləri 100 illik yubileyində belə anmaq istəməyən, onları kölgələməyə çalışan, şəbədə qoşan bir toplum nəyə varar, bilmirəm.

Bu gün neft pulları hesabına bizim nə qədər geridə qaldığımız çox da gözə çarpmır. Binalar, yollar, körpülər otellər, infrastruktur, bir də onların böyrünə qoşduğumuz “müasir dövlət” yarlığı ilə öyünürük. Gerçək siyasi prosesdə bu parıltı səhnədən bir anda yox ola bilər, nəticədə, biz kölgədə saxlamağa çalışdığımız real mənzərə ilə üz-üzə qala bilərik.

Hələ çox da gec deyil, bütün imkanlar itirilməyib, cəmiyyətin öz inkişaf yolunu tapması üçün süni maneələr aradan götürülməlidir. Və bu, çox böyük risklərlə üz-üzə qalmış Azərbaycan dövləti naminə edilməlidir!