XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

04 İyun 2018 - 12:49

Əli Əhmədov:“Azərbaycanın yerləşdiyi coğrafi məkanda fövqəladə hallar riski kifayət qədər yüksəkdir”

  

Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov Fəlakət Risklərinin Azaldılması üzrə BMT Ofisinin Avropa regional ofisinin rəhbəri Paola Albriton ilə görüşüb.

Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən “Report”a verilən məlumata görə, baş nazirin müavini Azərbaycanın təbii və texnogen fəlakətlərin qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması istiqamətində beynəlxalq səyləri dəstəklədiyini diqqətə çatdırıb.

Son zamanlar dünyada təbii fəlakətlərin və həmin fəlakətlərdən zərər çəkən insanların sayının artdığını vurğulayan Ə.Əhmədov heç bir ölkənin və hər hansı bir insanın fəlakətlərdən sığortalanmadığını qeyd edib.

“Ölkəmizin yerləşdiyi coğrafi məkanda fövqəladə hallar riski kifayət qədər yüksəkdir. Azərbaycan hökuməti fəlakət risklərinə hazırlıq və onların nəticələrinin aradan qaldırılması sahəsində bir çox beynəlxalq qurumlarla, o cümlədən BMT, Beynəlxalq Mülki Müdafiə Təşkilatı, Avropa İttifaqı, NATO, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq edir. 2015-2030-cu illərdə Fəlakət Riskinin Azaldılması üzrə Sendai Çərçivə Proqramının qəbulunda da Azərbaycan tərəfi iştirak edib. Ölkəmiz Sendai sənədinin icrasında maraqlıdır”, – deyə Ə.Əhmədov bildirib.

Paola Albriton Azərbaycanın dəstəklədiyi və qoşulduğu Sendai sənədi haqqında ətraflı məlumat verərək qeyd edib ki, 7 qlobal məqsədə xidmət edən bu proqramın icrası dövlətlər və cəmiyyətlər üçün mühüm əhəmiyyət kəsb edir.

Görüşdə Azərbaycanın Cenevrədəki BMT Bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov da iştirak edib.