Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi hadisələr əsas müzakirə obyekti olub.
Bu barədə Strateq.az-a ADP mətbuat xidmətindən məlumat verilib.
Tolantı iştirakçıları ilk növbədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədər ölkədə keçirlən tədbirlərə münasibət bildirib və bu yubleyin istiqlal məfkurəsinə uyğun şəkildə, daha əzəmətli, daha yadda qalan, milli ruhun oyanışını özündə ehtiva edəcək şəkildə qeyd olunmamasından təəssüfləndiklərini diqqətə çatdırıblar. ADP İdarə Heyəti hakimiyyəti, Azərbaycan Xalq Cümhurriyyətinin bütün rəhbər şəxslərinin adlarının əbədiləşdirilməsi və xatirələrinin əziz tutulması üçün real addımlar atmağa çağırıb.
İdarə Heyəti Cümhuriyyətin 100 illiyinin qeyd olunduğu bir vaxtda Real partiyasının və AXCP fəallarının müxtəlif bəhanələrlə həbsə atılması, onlara işgəncələr verilməsi faktından ciddi narahatlıq keçirdiyini qeyd edib, baş verən həbslərin siyasi motivli olduğunu, insan hüquq və azadlıqları ilə bir araya sığmadığını qeyd edib, hakimiyyəti həbs edilən siyasi fəallara qarşı tətbiq edilən işgəncə hallarına son qoymağa, onları azad etməyə çağırıb.
İdarə Heyəti ölkəmizin Avroatlantik məkana inteqrasiyasında bir vəsilə olan Trans-Anadolu qaz kəmərinin(TANAP) tikintisinin əsasən başa çatmasını təqdir edib və bu layihənin gerçəkləşməsi nəticəsində Azərbaycanın dünyadakı iqtisadi çəkisinin arması və əldə edilən gəlirlərdən xalqımızın rifah halının yaxşılaşdırılması işinə töhfə olacağına inamını ifadə edib.
İdarə Heyəti İsrail parlamentində qondarma erməni soyqırımının qəbul edilməsi ilə bağlı edilən cəhdlərin qarşısının alınması, Knesset üzvlərinin Azərbaycanın haqlı mövqeyini müdafiə etməsindən məmnun olduğunu qeyd edib və adı çəkilən ölkənin parlament üzvlərinə minnətdarlığını ifadə edib.
İdarə Heyəti ölkə prezidentinin Respublika günü ilə bağlı verdiyi əfv fərmanı ilə onlarla insanın azadlığıa çıxmasını müsbət dəyərləndirib eyni zamanda bu fərmanın daha çox məhbusu əhatə etməməsindən, siyasi məhbuslara şamil edilməməsindən təəssüfləndiyini qeyd edib və ölkə başçısını növbəti mərhələdə bu istiqamətdə daha humanist addım atmağa çağırıb.
İdarə Heyəti Suriyanın Minbiç bölgəsinin PKK və və onun uzantısı olan digər terror təşkilatlarından təmizlənməsi ilə bağlı ABŞ və Türkiyə rəsmiləri arasında əldə edilən razılaşmanı müsbət dəyərləndirib, bu addımın bölgədə və eləcə də dünyada sülhə, təhlükəsizliyə böyük töhfə olacağına inamını ifadə edib.