XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

08 İyun 2018 - 02:07

Ankara Universitetinin araşdırmaçısı:"25 iyunda Türkiyə yeni bir günə oyanacaq"

Ankara Universitetinin araşdırmaçısı, siyasi ekspert Hüseyn Paşayi Türkiyədəki prezident seçkilərində prezident Ərdoğanın əsas rəqibləri olan Muharrem İnce və Meral Akşenerin yürütdüyü seçki kampaniyalarını “olduqca uğurlu” adlandırıb.

Strateq.az xəbər verir ki, ekspert Amerikanın Səsinə müsahibəsində Türkiyədə qarşıdan gələn prezident və parlament seçkilərini dəyərləndirib və deyib: “Nəticə hər nə olur-olsun, 25 iyunda Türkiyə yeni bir günə oyanacaqdır”.

Hüseyn Paşayi ilk dəfə olaraq prezident Ərdoğanın qarşısına çıxan liderlər- Muharrem İnce, Meral AkşenerTemel Karamollaoğlunun Türkiyədəki siyasi-ictimai bazaları və nüfuzlarını dəyərləndirib.

Ekspert Muharrem İncenin əsas müxalifət CHP tərəfindən namizədliyinin irəli sürülməsindən əvvəl, müxalif partiyalar arasında yürüdülən ittifaq müzakirələri və sabiq prezident Abdullah Gülü müxaliflərin vahid namizədi kimi meydana çıxarmağa dair cəhdlərə diqqət çəkir: “Bir çox səbəbə görə bu cəhdlər uğursuz qaldı. Sonra buna qərar verildi ki, hər partiya öz namizədini çıxarsın. Səadət Partiyasi lideri Temel Karamollaoğlunu, İYİ Partiya isə lideri Meral Akşeneri namizəd göstərdi. CHP-də bir neçə namizəd gündəmə gəldi və nəhayətdə, Muharrem İncenin namizədliyinə qərar verildi”.

Paşayi CHP lideri Kemal Kılıçdaroğlunun partiyadaxili seçkilərdə öz rəqibi olan Muharrem İnceni prezidentliyə namizəd göstərməsini sürpriz bir olay kimi qiymətləndirib.

O, nitq söyləmək və meydanlarda coşğu yaratmaq baxımından Muharrem İncenin xarakterinin prezident Ərdoğana yaxın olduğunu deyir: “Muharrem İnce CHP-də Ərdoğana ən yaxın şəxsiyyətdir. Danışma tərzi, meydanları coşdurması və kütləni hərəkətə gətirməsi ilə, demək olar ki, Ərdoğana yaxın bir şəxsiyyətdir. O, 3 dəfə CHP-nin başqanlıq seçkilərində Kemal Kılıçdaroğluya qarşı namizəd olmuşdu… İndi CHP tərəfindən namizədliyi irəli sürülməsi sürpriz olay oldu.”

Hüseyin Paşayinin dediklərinə görə, hazırkı seçkilərdə prezident Ərdoğanın əsas rəqibi olan Muharrem İncenin performansı göstərir ki, bu seçkilər sadəcə prezident ya parlament seçkiləri üçün rəqabət deyil: “Bəlkə, CHP daxilində də bir rəqabət var.”

O, əlavə edir: “Hərçənd Muharrem İnce dedi ki, artıq partiya başqanı Kılıçdarğluya qarşı namizəd olmayacaq. Lakin həm anketlərdə, həm də CHP tərəfdarları arasında yaradılmış coşğu və İncenin mühafizəkar siniflərə müraciətinə baxanda, mənim fikrimcə, seçkilərin nəticəsi hər nə olur olsun, CHP-nin içində Muharrem İnce mehvərində böyük dəyişikliklər olacaq.”

Siyasi ekspert hesab edir ki, xüsusilə Muharrem İnce ve Meral Akşenerin yürütdüyü uğurlu kampaniyalar nəticəsində keçmiş seçkilərdə səs verməyən əhalinin böyük bir kəsimi də səs vermək üçün sandıqların başına gedəcək.

Hüseyin Paşayi deyib: “Bu seçkilərin nəticəsi hər nə olur-olsun, Türkiyənin demokratiyası qazanacaq… Muharrem İnce ve Meral Akşener hər ikisi partiyalarının müxalif səsləri idilər. İndi onlar prezidentliyə namizəd olub çox uğurlu kampaniyalar yürüdürlər… Yeni seçki qanunlarından istifadə edərək müxalif partiyalar parlament seçkilərində birləşə bilib. Nəzərə gəlir ki, məclisdə, böyük bir üstünlük deməsək də, böyük bir qazanc əldə edə biləcəklər.”

O, əlavə edir: “Fəaliyyətləri, anketləri və meydanları dəyərləndirəndə görünür ki, 25 iyunda Türkiyə yeni bir günə oyanacaqdır.”