XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

09 İyun 2018 - 17:53

BQP Siyasi Qurulu iqtidara səsləndi:"Naxçıvana yardımlar hərtərəfli artırılmalı və..."

Bu gün Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun növbəti iclası keçirilib.

BQP-dən Strateq.az-a verilən məlumata görə, partiya başqanı, millət vəkili Fazil Mustafanın sədrliyi ilə keçirilən iclasda partiyadaxili eləcə də, ölkə və dünya gündəmində yer alan bir sıra məsələlər müzakirə olunub.

İclasda partiya başqanının ictimai-siyasi vəziyyətlə bağlı məruzəsi dinlənilib. Təşkilat şöbəsi tərəfindən təqdim edilən BQP-nin rayon və şəhər təşkilatlarında keçirilən növbəti yığıncaqlar, konfrans və tədbirlər barədə məlumat nəzərə alınıb, digər yerli təşkilatlarda keçirilməsi nəzərdə tutulan növbəti konfrans və hesabat- seçki yığıncaqların qrafikləri təsdiq edilib.

Siyasi Qurul Azərbaycan Ordusunun Naxçıvan Əlahiddə Ümumqoşun birləşməsinin may ayında Şərur rayonu istiqamətində dayaq nöqtələrini bir neçə kilometr irəli çəkərək yeni strateji mövqelər tutması, nəticədə 1992-ci ildən bəri düşmən nəzarətində olan Günnüt kəndinin faktiki işğaldan azad edilməsini əhəmiyyətli hadisə kimi dəyərləndirib. Bununla yanaşı, qeyd edilib ki, “Ermənistanın Naxçıvanla bağlı uzun müddət davam etdirdiyi təzavüzkar planlarını son aylar daha da aktivləşdirməsi, Ermənistan-Naxçıvan sərhəddində baş verən son insidentlər, Azərbaycan Ordusunun hərbi qulluqçusunun şəhid edilməsi, hərbi obyektlərimizin fotoşəkillərinin yayılması, Ermənistanın Xarici işlər və Müdafiə nazirlərinin təmas xəttindəki nöqtələrə nümayişkəranə şəkildə səfər etmələri, qarşı tərəfin rəsmi şəxslərinin Naxçıvana olan ərazi iddialarını daha sıx şəkildə səsləndirmələri diqqətdən yayınmamalıdır. Baş verənlər ermənilərin Naxçıvanla bağlı təcavüzkar niyyətlərini həyata keçirmək üçün əlverişli fürsət axtardıqlarından xəbər verir. Bütün bunlar nəzərə alınaraq, ölkənin müvafiq qurumları tərəfindən adekvat addımlar atılmalı, Muxtar Respublika ilə kommunikasiya əlaqələri sıxlaşdırılmalı, hərtərəfli yardımlar daha da artırılmalı, təcavüzkar düşmənlə əhatə olunduğu nəzərə alınaraq Muxtar Respublikaya aviabiletlərin qiymətləri munimuma endirilməli və aztəminatlı təbəqə üçün bu imkanlar əlçatan səviyyəyə gətirilməlidir”.

İclas Ermənistanda baş verən məlum hadisələrdən sonra düşmən ölkənin rəsmi şəxsərinin son zamanlar hərbi ritorikadan daha çox istifadə etmələrini münaqişə nəticəsində yaranan mövcud olan status-kvonun saxlanması cəhdi kimi qiymətləndirib və münaqişənin həlli üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin olunması ilə bağlı ölkəmizin rəsmi mövqeyini dəstkləyib.

Siyasi Qurul Avstriya hökumətinin həmin ölkədəki 6 məscidin bağlanmasına dair qəbul etdiyi qərarını pisləyib:  “Terror bəhanəsi ilə son vaxtlar Avropada 30-adək məscidin bağlanması və din xadimlərinin deportasiya edilməsi Avropalıların hər zaman öyünərək dilə gətirdiyi dəyərlərin, düşüncə və vicdan azadlığının, əsas insan hüquqlarının kobud şəkildə pozulması, irqçiliyin və başqa inanc mənsublarına dözümsüzlüyün nümunəsidir”.

İclas Cənub Qaz Dəhliszinin rəsmən istismara verilməsini Azərbaycan Respublikasının uğuru kimi qiymətləndirib: “Müasir şəraitdə və rəqabətin böyük olduğu bir zamanda çoxlu sayda tərəfdaşla nəhəng enerji layihəsini reallaşdıran Azərbaycan Respublikası Avropanın enerji xəritəsini dəyişmək və onu yenidən tərtib etməkdədir”.

Siyasi Qurulun iclası sonda cari məsələlərin müzakirəsi ilə işini davam etdirib.