XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

11 Yanvar 2016 - 16:57

“Avropa Şurası ölüm cəzasını ləğv etməklə, hümanizmə xidmət etməyib” –İlyas İsmayılov

ilyas-esasİran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin kəskinləşməsinin regiona təsiri, Azərbaycanın bu məsələdə mövqeyi və s. məsələlərlə bağlı  Ədalət Partiyasının sədri İlyas İsmayılov Teleqraf.com-a müsahibə verib.

Strateq.az həmin müsahibəni təqdim edir:

– İlyas müəllim, İran və Səudiyyə Ərəbistanı arasında getdikcə gərginləşən münasibətlər regiona nə vəd edir?

– İki ölkə arasında münasibətlərin pisləşməsinin heç bir müsbət tərəfi ola bilməz. Bu, Yaxın Şərqdə onsuz da kövrək olan durumu daha da pisləşdirdi və yeni münaqişə ocaqları yarada bilər. Regionda dörd aparıcı müsəlman ölkəsi var. Səudiyyə Ərəbistanı, Türkiyə, Pakistan və İran. Bu gün dünyada daha çox müsəlman ölkələrində qan tökülür, insanlar öldürülür, dünyada islamofobiya meylləri güclənib. Amerika kimi ölkədə prezidentliyə namizəd İslam əleyhinə çıxış edir. Mən istəmirəm ki, dünyanın aparıcı dövlətləri region ölkələrini üz-üzə qoysun. Hesab edirəm ki, müsəlman ölkələrinin rəhbərləri ağılla hərəkət edib, yeni münaqişə ocaqlarının yaranmasına imkan veməyəcək.

– Adlarını qeyd etdiyiniz müsəlman dövlətləri – Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan oxşar mövqedən çıxış ediblər, İran isə tək qalıb. Belə olan halda hansı dialoqdan danışmaq olar?

– Hər halda mən arzumu ifadə elədim. İstəyirəm ki, yeni qarşıdurma qansız-qadasız başa çatsın və sadə insanlar bundan əziyyət çəkməsinlər.

– Ümumiyyətlə, Səudiyyə Ərəbistanında şiələrin lideri şeyx Nimr ən-Nimrin edam edilməsinə münasibətiniz necədir?

– Hər bir ölkənin daxili qanunları var və həmin qanunlara hörmətlə yanaşmaq lazımdır. Mən ölüm cəzasının aradan qaldırılmasının tamamilə əleyhinə olmuşam. Öz kitabımda da bu barədə qeydlər etmişəm.

Hesab edirəm ki, Avropa Şurası ölüm cəzasını ləğv etməklə heç də hümanizmə xidmət etməyib. Müəyyən kateqoriyadan olan cinayətləri törədən şəxslər barəsində edam cəzasının kəsilməsi cəmiyyətin maraqlarına tam uyğundur. Amerikanın özündə də edam cəzası aradan qaldırılmayıb. Nimr ən-Nimrin edam edilməsinə gəlincə, məhkəmə işi, hökmlə tanış olmadığım üçün konkret söz deyə bilmərəm.

– İranın özündə də edam cəzası var. Nə üçün İran Səudiyyə Ərəbistanının qərarına sərt reaksiya verib?

– İranın radikal reaksiyalarına sadəcə, təəssüflənirəm. İlk gündən dialoq aparmaq lazım idi. Elə etmək lazım idi ki, vəziyyət bu həddə çatmasın. Səfirliyi, bayrağı yandırmaqla problemi həll etmək olmaz.

– Sizcə, dialoq imkanı artıq əldən verilib?

– Dialoq heç vaxt gec deyil. Yüz illik müharibənin sonunda Fransa və İngiltərə masa arxasına əyləşib sülh bağladılar. Bir-biri ilə münaqişə aparan ölkələr gözlərinin qabağına heç olmasa, Suriyanı gətirsinlər. Suriyada dövlət yoxdur. Qərb və xalq Əsədin getməsini istəyir, İran və Rusiya isə onu müdafiə edir. Nəticə etibarı ilə dövlət dağıldı, xalq səfalət içərisindədir.

– İran-Səudiyyə Ərəbistanı qarşıdurması ilə bağlı Azərbaycannın  mövqeyi necə olmalıdır?

– Bu məsələdə Azərbaycan tərəf tutmamalı, neytrallığını qoruyub saxlamalıdır.

– Səudiyyə Ərəbistanından fərqli olaraq İranın işğalçı Ermənistanla yaxşı əlaqəsi var. Belə olan halda da Azərbaycan tərəf tutmamalıdır?

– İranın Ermənistanla yaxşı münasibətlərinin olmasına heç bir halda bəraət qazandırmaq olmaz. Amma bütün bunlara baxmayaraq, Azərbaycan dövlətçilik maraqlarını qoruyaraq bu münaqişəyə girməməlidir. Hər bir ölkə öz maraqlarını qoruyur.

– Rusiya-İran müttəfiqliyi regionda yeni hərbi qarşıdurmalara gətirib çıxara bilərmi?

– Hesab edirəm ki, ölkə başçıları münasibətlərin korlanmasına rəvac verəcək addım atmayacaqlar. Artıq Suriyada hərbi fəlakət yaşanır. Baş verənlərin əsas günahkarı, şübhəsiz ki, Bəşər Əsəddir. O, dünya siyasətçilərinin mənfi nümayəndəsidir. Atası Hafiz Əsəd və o, son  50 ildə öz şəxsi maraqlarından ötrü minlərlə insanın qanını töküblər. Bəşər Əsədin vaxtı çoxdan keçib. O, hakimiyyətdən getməlidir.  Rusiya və İran müdafiə edir deyə, Əsəd hakimiyyətdən getmək istəmir. Kül Əsədin başına. Rusiya Suriya ərazisini bombalayır, Əsəd isə bundan narahat deyil. Dağılan onun ölkəsidir, qırılan onun xalqıdır. Özünə hörmət edən prezidentə çoxdan istefa vermişdi.

– Nə üçün Rusiya və İran Əsədi müdafiə edir?

– İranın Əsədi müdafiə etməsinin bir neçə səbəbi var. Əvvəla, dini məzhəbləri yaxın olduğu üçün Əsədi müdafiə edirlər. İkincisi, farslar düşünür ki, Əsəd devriləndən sonra növbə İranındır. Rusiyanın isə Suriya ərasizində hərbi obyektləri var və onu qorumaq üçün ərəbləri bombalayır. İran və Rusiyanı nə Bəşər Əsəd maraqlandırır, nə də Suriya xalqı.