XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

25 İyun 2018 - 16:56

ADP ölkədə süni bahalaşma yaradanların həbs olunmasını tələb etdi –İqtidara müraciət olundu

ADP İdarə Heyəti özünün növbəti toplantısını keçirib. Toplantıda ölkədə və dünyada baş verən bir sıra ictimai-siyasi hadisələr müzakirə olunub.

İdarə Heyəti ilk öncə ötən gün qardaş Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərini müzakirə edib. Toplantı iştirakçıları qardaş Türkiyə üçün istər daxildən, istərsə də xaricdən ciddi təhlükələrin olduğu bir vaxtda növbədənkənar prezident və parlament seçkilərinin əmin-amanlıq şəraitində baş tutmasını Türkiyə dövlətinin daxili siyasətinin uğuru və Türkiyə vətəndaşlarının siyasi sayıqlığının əlaməti kimi dəyərləndirib. İdarə Heyəti AKP lideri R.T.Ərdoğanı Prezident seçilməsi münasibəti ilə təbrik edib və baş tutmuş seçkilərin Qardaş Türkiyə üçün xeyirli və uğurlu olacağına, ölkənin daha da demokratikləşməsinə gətirib çıxaracağına, Türkiyə-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. İdarə Heyəti eyni zamanda R.T.Ərdoğanı növbəti prezidentlik dönəmində Türkiyə-Azərbaycan Konfederasiyası istiqamətində ciddi addımlar atmağa çağırıb.

İdarə Heyəti 26 iyun 2018-ci il tarixdə Azərbaycan Milli Ordusunun yaranmasının 100 illik yubileyi münasibəti ilə Azərbaycan xalqını təbrik edib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən soydaşlarımıza Allahdan rəhmət diləyib. İdarə Heyəti Azərbaycan Milli Ordusunun 100 illik yubileyi münasibəti ilə keçiriləcək hərbi paradda qardaş Türkiyənin də silahlı qüvvələrinin iştirak edəcəyini təqdir edib, iki qardaş dövlət arasındakı bu əməkdaşlığın vahid Türk Ordusunun yaradılması istiqamətində inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

İdarə Heyəti həmçinin qeyd edib ki, Azərbaycan Milli Ordusunun 100 illik yubiley tədbirləri ilə əlaqədar təkcə son 100 ilin deyil, eyni zamanda imperiya tariximizdəki hərbi qələbələrimiz təbliğ olunmalı, tarixi Azərbaycan ərazilərinin işğaldan azad olunmasında və separatizmə qarşı mübarizədə misilsiz xidmətləri olmuş xalqımızın tarixi şəxsiyyətləri və sərkərdələri Nadir Şahın və Şah Qacarın adına ordenlər təsis edilməlidir.

İdarə Heyəti müstəqil düşüncəli, peşəkar vəkil İradə Cavadovanın Vəkillər Kollegiyasından uzaqlaşdırılması ilə bağlı qəbul edilmiş qərara da münasibət bildirib. İdarə Heyəti hesab edib ki, son zamanlar müxtəlif adlar altında müstəqil vəkillərin siyasi motivlərlə Vəkillər Kollegiyasından xaric edilməsi bir ənənə halını alması dözülməzdir, müstəqil düşüncəli vəkillərin ölkənin hüquq müdafiə sistemindən kənarlaşdırılması Azərbaycan vətəndaşlarının effektiv müdafiə hüququndan məhrum olunmasına xidmət edir. İdarə Heyəti ölkə başçısını baş verənlərə münasibət bildirməyə və müstəqil düşüncəli vəkilləri siyasi motivlərlə Vəkillər Kollegiyasından xaric edilməsinin qarşısının alınması istiqamətində addımlar atmağa çağırıb.

İdarə Heyəti son zamanlar pambıq tarlalarında çalışan fəhlələr arasında baş verən kütləvi zəhərlənmə hadisəsindən dərin narahatçılıq keçirdiyini ifadə edib. İdarə Heyəti hüquq mühafizə orqanlarından baş verənləri obyektiv şəkildə araşdırmağı, bu hadisədə təqsiri olan vəzifə sahiblərini cəzalandırmağı tələb edib. İdarə Heyəti eyni zamanda Azərbaycan hakimiyyətindən ölkədə kadr siyasətində proteksiyanı və qohumbazlıq prinsiplərini aradan qaldırmağa, kənd təsərrüfatını müasir texnikalar ilə təmin etməyə və aqroxidməti günün tələbləri səviyyəsinə qaldırmağa çağırıb.

İdarə Heyəti son zamanlar islahat adı altında tikinti materiallarının istehsal sahələrinə yüksək vergilərin tətbiq olunmasından dolayı tikinti bazarındakı qiymətlərin astronomik səviyyəyə gəlib çıxmasından narahatlığını ifadə edib, ölkədə süni bahalaşma yaradanların məsuliyyətə cəlb olunması istiqamətində müvafiq dövlət orqanlarını tədbirlər görməyə çağırıb.