“Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza ilə bağlı ciddi araşdırma aparılmalı və buna reaksiya verilməlidir”.
Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib. Onun sözlərinə görə, bu məsələ ölkə başçısının nəzarətindədir: “Düzdür, son illər Azərbaycanda elektrik enerji təchizatına xeyli irəliləyişlər olub. Lakin dünən gecə ölkə ərazisində işıqların olmaması ciddi hadisədir. Araşdırıldıqdan sonra günahkar qurumlar cəzalandırılmalıdırlar ki, bir daha belə xoşagəlməz hallar təkrar olmasın”.
V.Əhmədov həmçinin qeyd edib ki, ölkə üzrə elektrik enerji təchizatının dayanması iqtisadi tərəfdən də itkilərə məruz qalmasına gətirib çıxarıb: “İqtisadi tərəfdən itkiləri də hesablamaq lazımdır. Çünki hər dəqiqənin bir hökmü var. Bəzi müəssisələrin alternativ enerji mənbələri var. Buna baxmayaraq istənilən halda iqtisadi itkilərin olması da istisna edilmir”.
Deputat Fazil Mustafa da həmçinin əlavə edib ki, ərazilərimizin 20 faizindən çoxu düşmən tapdağı altındadır və ölkəmiz müharibə aparan tərəf kimi belə bir hadisənin baş verməsi təəssüfləndiricidir:
“İşıq sahəsində ölkəmizdə xeyli irəliləyişlər olub. Əvvəlki illərdən fərqli olaraq bəlkə də problem olmayan sahə bu idi. Amma gecə baş verən hadisə bu sahədə də problemin hələ də olmasından bizi bir daha xəbərdar etdi. Hər halda, bunu araşdırmaq lazımdır. Bütün sahələrdə olduğu kimi, enerji sahəsində də məsuliyyətlə yanaşılmalıdır. Biz müharibə aparan dövlətik. 7-8 saat işığın olmaması ciddi siqnaldır. Araşdırıldıqdan sonra günahkarlar cəzalandırılacaq. Düşünürəm ki, bundan sonra belə hallar olmayacaq”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalıbaş verən hadisənin araşdırıldığını dilə gətirib: “Əminəm ki, aparılan araşdırmalar buna tam aydınlıq gətirəcək. Hadisədə “Azərenerji” ASC məsuliyyət daşıyır və bu qurum günahkardır. Araşdırmalardan sonra isə ciddi addımlar atılmalıdır. Belə halların növbəti dəfə təkrarlanmaması üçün kimsə və ya hansı məmurun günahı varsa, ona güzəştə gedilməməlidir. Çünki İstilik Elektrik Stansiyası olduqca strateji əhəmiyyət daşıyan mühüm dövlət əhəmiyyətli obyektlərdən biridir. Belə halların baş verməməsi üçün vacib tədbirlər görülməlidir. Baş verən hadisə məni çox təəssüfləndirir”.
Qeyd edək ki, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevdir. (Unikal.org)