XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 July 2018 - 16:30

“İndi harasa agent göndərib, partlayıcı qoymağa ehtiyac yoxdur” –Sülhəddin Əkbər ölkədəki hadisələrin beynəlxalq güclərin diqqətində olduğunu deyir

“Ölkədə demokratik ictimai nəzarət sistemi olmayanda, dövlət və hakimiyyət orqanları nəzarətdən kənar qalır, nəticədə qanuni vəzifələrini yerinə yetirmirlər. Son iki günün hadisələri qısa zaman kəsiyində gedişatın gözlənilmədən dəyişə biləcəyini göstərir”.

STRATEQ.AZ xəbər verir ki, bunu təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər Meydan.tv-yə şərhində bildirib. O, qeyd edib ki, Mingəçevir qəzasının təxribat olub-olmaması hələlik bəlli deyil, Gəncənin icra başçısının güllələnməsi adi kriminaldır, yoxsa məqsədyönlüdür – bu suallar da açıq qalır: “Proseslərin təhlili üçün dəqiq məlumat yoxdur. Bütün hallarda ictimaiyyətə məhdud, yanlış xəbərlər və dezinformasiya verilir. Hətta doğru məlumat veriləndə də, cəmiyyət inamsız olduğu üçün insanlar arxa planda nəsə axtarırlar”.

Sülhəddin Əkbər hesab edir ki, ölkədə siyasi-hüquqi və sosial-iqtisadi islahatlar keçirilməsə, vəziyyət daha da ağırlaşacaq, sabitlik pozulacaq və nəzarətdən çıxacaq: “Ona görə, hakimiyyət yuxarıdan islahatlara başlamalıdır, amma artıq gecikiblər. Ermənistandakı son bir neçə ayın olayları nəzərə alınsa, Azərbaycan demokratik inkişaf prosesində geri getdiyi üçün beynəlxalq nüfuzu zədələnib”. 

Sülhəddin Əkbər islahatlar deyəndə, siyasi sahədə müxalifətlə, ictimai institutlarla və cəmiyyətlə dialoqu nəzərdə tutduğunu vurğulayıb: “Mövcud durum dəyərləndirilməli və siyasi yol xəritəsi hazırlanmalıdır. Siyasi institutların legitimliyi təmin olunmalıdır. Seçki qanunvericiliyi demokratik şəkildə təkmilləşdirilməli və ardınca azad, ədalətli bələdiyyə, parlament, prezident seçkiləri keçirilməlidir. Bunların ardınca icra orqanlarının üzərində parlament nəzarəti gücləndirilməlidir. Bu, o deməkdir ki, parlament həqiqi şəkildə dövlət büdcəsinə nəzarət etməlidir. Konstitusiyanın birinci maddəsi real şəkildə gerçəkləşməlidir. Sadaladıqlarım olmadan islahat aparmaq qeyri-mümkündür. Çünki islahatların hüquqi bazasını qanunverici orqan hazırlayır, icra hakimiyyəti isə gerçəkləşdirir, mətbuat, QHT sektoru nəzarət edir”.

Sülhəddin Əkbər bildirib ki, İran və Rusiya məsələsinin gündəmə gəldiyi bir zamanda Azərbaycandakı hər hansı hadisə qlobal və regional güclərin diqqət mərkəzindədir: “Onlar arasında mübarizə hər bir ölkə uğrunda gedir, Ermənistanda, Gürcüstanda və İrandakı proseslər də eyni istiqamətdə, bir-birilə əlaqəli və paraleldir. Ona görə Azərbaycandakı hər hansı hadisə baxımından kənar qüvvələrin daxildəki “kolon”ları vasitəsilə hakimiyyətə təzyiqlərin olması təbiidir. Hakimiyyət də zəiflədikcə, xarici qüvvələr qarşısında güzəştə getməyə daha çox meylli olur”.

O, hesab edir ki, əgər bir ölkəyə bir kiber hücum nəzərdə tutulubsa, bütün ölkə buna açıqdır: “Zamanında BTC kəmərinin Türkiyə ərazisindəki hissəsi partladıldı, kompütert idarəçilik sisteminə daxil olub boruda təzyiqi artıraraq, belə partlayış törətmişdilər. Hələ də bunun səbəbi tam açıqlanmadı. Enerji sistemi isə daha həssas olduğundan, bu infrastrukturda kiber əməliyyatlar keçirmək daha rahatdır. Azərbaycanda isə kiber müdafiə yox səviyyəsində olduğundan, bu təhlükə realdır. İndiki dünyada agenti göndərib hara isə partladıcı maddə qoymağa ehtiyac yoxdur, Avstraliyada oturub Azərbaycana kiber hücum təşkil etmək mümkündür”.