XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

05 İyul 2018 - 19:17

“Ermənistanın yeni hakimiyyəti əvvəlki rejimin səhvlərini təkrar etməyə meyllidir” –Hikmət Hacıyev

“Ermənistanın yeni hakimiyyəti əvvəlki rejimin səhvlərini təkrar etməyə meyllidir”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Brüsseldə çıxan və Avropanın ictimai-siyasi dairələrində geniş oxucu kütləsi olan “Euractive” dərgisində dərc edilən “Ermənistan-Azərbaycan münaqişəsi: Davalı sülh və əbədi müharibə arasında” başlıqlı məqaləsində bildirib.

XİN rəsmisi təəssüflə bildirib ki, Ermənistan Xarici İşlər Nazirliyinin son bəyanatları Ermənistan-Azərbaycan münaqişəsinin həlli və regionun inkişafı ilə əlaqədar hər hansı konstruktiv baxış ortaya qoymur:

“Serj Sarkisyan erasını xatırladan bəyanatlarla çıxış edən Ermənistan Xarici İşlər Nazirliyi gələcəyə baxış olmadan qonşu dövlətlərə qarşı yalnız əsassız iddialarla çıxış edir”.

H.Hacıyev deyib ki, Ermənistan gücdən istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal edib: “Ermənistanda labüd hakimiyyət böhranı baş verəndə Azərbaycan açıqlama ilə çıxış edərək bildirdi ki, yeni hakimiyyət sağlam təfəkkürlü siyasət yürüdərsə, münaqişənin həllində irəliləyiş əldə etmək olar. Amma indiyə qədər görünən odur ki, Ermənistanın yeni hakimiyyəti əvvəlki rejimin səhvlərini təkrar etməyə meyllidir. Ermənistan rəhbərliyi başa düşməlidir ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi və ya ərazi əldə edilməsi cəhdləri qəbuledilməzdir. Ermənistanın işğala əsaslanan mövcud status-kvonu saxlamaq və Azərbaycan ərazilərinin ilhaq etmək cəhdləri heç zaman gözlənilən nəticəni verə bilməz və heç zaman legitim hesab oluna bilməz. İşğalın davam etdirilməsi Ermənistanın geosiyasi və geoiqtisadi tənəzzülünü daha da dərinləşdirəcək. Ermənistanın yeni rəhbərliyi qanunun aliliyi və insan hüquqlarına hörmət etdiyini iddia edirsə, onda Ermənistanın beynəlxalq hüquqi öhdəliklərinə əsl sadiqliyini əməldə nümayiş etdirməlidir. Bu mənada BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalı, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının qarşını almağı dayandırmalı və qonşularla sivil münasibətlər qurmalıdır”.