XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

17 İyul 2018 - 12:29

“Hökumət neçə illərin səhvlərini təkrar edir” –Ekspert nəzarətçi qurumların sayının artırılmasını faydasız sayır

«Əslində, bu fərmanın son zamanlar elektrik enerjisi sahəsindəki problemlərdən qaynaqlandığı açıq-aydın görünür».

Strateq.az azadliq.org-a istinadən xəbər verir ki, bunu REAL Partiyasının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli dövlət başçısı İlham Əliyevin son fərmanını şərh edərkən deyir. Fərmanla elektrik və istilik enerjisi, qaz təchizatı sahəsində nəzarəti həyata keçirmək səlahiyyəti Energetika Nazirliyi tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinə verilib.

Ekspert hesab edir ki, təkcə nəzarət funksiyası daşıyan qurumların sayını artırmaqla bu problem aradan qalxan deyil: «Bu problemin təkcə hansısa qurum yaradılması ilə aradan qalxması mümkün deyil. Ona qalsa, bir-birinə nəzarət edən orqanlar kifayət qədər var, amma problemlər davam edə-edə gəlir».

N.Cəfərli hesab edir ki, burada kompleks tədbirlər həyata keçirilməlidir. O, misal olaraq sözügedən sahələrin özəlləşdirilməsini, idarəetmədə dəyişiklikləri təklif edir. Ekspert təəssüflə bildirir ki, bu neçə illərin səhvi indi də təkrar edilir, hökumət isə bu səhv siyasətindən əl çəkmək istəmir.

Xatırladaq ki, bu il iyulun 3-də Mingəçevir İES-də qəza baş verib. Ölkənin əksər hissəsi uzun müddət elektriksiz qalıb. Növbəti günlərdə də elektrikin verilməsində bir neçə saatlıq fasilələr olub. Hadisənin araşdırılması üçün xüsusi dövlət komissiyası yaradılıb.

Prezident İlham Əliyev bildirib ki, son illər istifadəyə verilmiş stansiyalar tam gücü ilə işləmir və bunun səbəbi araşdırılmalıdır. O, enerji sistemində struktur islahatları ilə bağlı işlər aparılacağını da vurğulayıb: «Artıq göstəriş verilib, həm Bakıda, həm bölgələrdə bu il və gələn il yeni yarımstansiyaların tikintisi təmin ediləcək. Vaxtilə, sovet dönəmində tikilmiş enerji təsərrüfatının müasirləşdirilməsi üçün əlavə vəsait ayrılır. Biz vəsaiti ayırırıq, amma əsas məsələ ondadır ki, bu vəsaitdən səmərəli şəkildə istifadə edilsin və elə bir sistem qurulsun ki, enerji dayanıqlılığı təmin olunsun».

Mütəxəssislər qəzanın səhlənkarlıq və korrupsiya ucbatından baş verdiyini deyirlər.