XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

17 İyul 2018 - 13:37

Partiya sədri 50-yə yaxın partiyanın ləğvini tələb edir –"Onlardan heç biri  xalq qarşısında vəzifələrini yerinə yetirmirlər"

“Azərbaycanda faktiki olaraq 6-7 partiya geniş və ya məhdud şəkildə  fəaliyyət göstərir, yerdə qalan partiyaların mövcudluğuna, qeydiyyatda saxlanmasına ehtiyac yoxdur”.

Strateq.az  xəbər verir ki, bunu Azərbaycan Demokrat Partiyasının sədri  Sərdar Cəlaloğlu modern.az-a açıqlamasında deyib.

Sərdar Cəlaloğlu düşünür ki,  fəaliyyətsiz partiyalarla  bağlı qanunda ciddi boşluq var:

“Əvvəla onu deyim ki,  demokratiyanın iki böyük qüsuru qeyd olunub. Biri  demokratiyadan sui-istifadədir, digəri isə “demokratik bataqlıq” deyilən anlayışdır. Hər ikisi demokratiyanı zəiflətmək üçün üsuldur. Demokratiyadan sui-istifadə bəzi demokratik qüvvələrin fəaliyyətində  meydana çıxır. Tutaq ki, xalq uğrunda mübarizə aparırlar, ancaq sonda öz maraqlarına  xidmət edirlər. İkinci üsuldan hakimiyyət istifadə edir. Düşünülmüş şəkildə çoxlu fəaliyyəti olmayan siyasi təşkilatlar yaradılır və beləliklə insanlarda da çaşqınlıq yaranır ki, ölkədə 55 siyasi partiyanın olmasına baxmayaraq,  onlardan heç biri  xalq qabağında  vəzifələrini yerinə yetirmirlər”.

S.Cəlaloğlu qeyd edir ki, bu partiyaların böyük əksəriyyəti 1993-cü  illərdə qeydiyyatdan keçib: “20-30 il keçməsinə baxmayaraq, demək olar ki, partiyaların fəaliyyətsizliyi müşahidə edilir. Mən də siyasi partiya sədriyəm, lakin 6-7 partiyadan  başqa digərlərinin  adını bilmirəm, nəinki onların fəaliyyəti barədə. Həmin siyasi təşkilatların rəhbərləri yoxdur, ölkənin ictimai-siyasi həyatı ilə bağlı bu günə qədər nə bir bəyanatları, çıxışları, nə də münasibətləri var. Bu partiyalar bir növ “ölü canlar” kimi saxlanılır. Bu da Azərbaycanda guya çoxpartiyalı siyasi sistemin mövcudluğunu imitasiya edir”.

Partiya sədri  deyib ki,  uzun illər ərzində funksiyalaşmayan partiyaların qeydiyyatı avtomatik ləğv olunmalıdır:

“Sən necə partiyasan ki, 30 ildə bir dəfə də ölkənin nə xarici , nə də daxili siyasəti ilə əlaqəli bir kəlmə də olsun mövqe ortalığa qoymamısan? Qanunda boşluq var və bu da  Ədliyyə Nazirliyinə fəaliyyət göstərməyən partiyaların qeydiyyatını ləğv etməyə imkan vermir. Qanunda qeyd olunmalıdır ki, hər hansı partiya  təsis olunursa, mütləq ölkənin  ictimai-siyasi həyatında iştirak etməlidir. Seçkilərdə iştirak etməyən partiyaların ləğv olunacağını deyirdilər.  Lakin bu təkcə seçkilərlə bağlı olmamalıdır. Seçki partiyanın seçimindən asılıdır.  Yaxşı fəaliyyət göstərməyən, ən azı ictimai rəyi tənzimləməyən partiyalar əlbəttə, ləğv olunmalıdır. Həmin partiyalar ləğv edilsə də, buna kimsə etiraz etməyəcək. Onsuzda onlar  yoxdurlar, sadəcə  hər şey kağız üzərindədir. Gərək  bu cür formal vəziyyət aradan qaldırılsın”.

ADP sədri xatırladıb ki, Polşa müstəqillik əldə edəndən sonra 330 partiya yaradılmışdı: “Demokratiya azadlıq verəndə insanlar  düşünürlər ki, hər şeyi edə bilərlər. O cümlədən, Azərbaycanda da çoxlu partiyanın yaranması dediyim kimi 90-cı illərin əvvəllərinə təsadüf edir. O zaman ölkədə demokratikləşmə prosesi başlamışdı və hamı öz partiyasını yaradıb nəyəsə nail olmaq istəyirdi. Amerika kimi yerdə ölkənin siyasi həyatını müəyyən edən  iki rəsmi partiya , 4-5 elə-belə partiya var.   Bu o deməkdir ki, partiyanın çoxluğu demokratiya əlaməti deyil”.