XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

17 İyul 2018 - 21:03

“TRAMP PUTİNİN AYAĞI ALTINA QIRMIZI XALI SƏRDİ”- Almaniya mətbuatı ABŞ prezidentini "topa tutdu"

Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın Helsinkidə ikitərəfli görüşünü Almaniyanın bütün aparıcı KİV-ləri şərh edib. Və əksəriyyəti Ağ Evin sahibini sərt tənqid edib. Onların fikrincə, Trampın Helsinkidəki davranışları Kremlin xeyrinə olub və Birləşmiş Ştatlarla Avropa arasındakı uçurumu bir qədər də dərinləşdirib.

 

“Bütün günahlar Obamadadır”

 

“Rusiya prezidenti üçün Helsinki sammiti siyasi avtoritet qazanmaq üçün vasitə oldu”, – deyə “Frankfurter Allgemeine Zeitung” nəşrinin icmalçısı Klaus-Diter Frankenberger yazır: “Tramp Rusiya ilə Birləşmiş Ştatlar arasında münasibətlərin pis olmasına Rusiyanın Ukraynadakı aqressiyasının yox, ABŞ-ın axmaqlığının səbəb olduğunu deməklə Putinin ayağı altına qırmızı xalı sərmiş oldu”.

Bu detal “Süddeutsche Zeitung”un əməkdaşı Julian Hansın da diqqətindən qaçmayıb: “Trampa görə, münasibətləri pisləşdirən nə Krımın zorakı ilhaqıdır, nə Ukraynaya qarşı savaşdır, nə Rusiyanın zəhərli qazla insanları qətlə edən Əsədi dəstəkləməsidir, nə Rusiyanın raketi ilə vurulan sərnişin təyyarəsinin qəzaya uğramasıdır, nə rus hakerlərin hücumudur, nə də Rusiya dövlət KİV-ləri və “trol ordusunun” ABŞ və Avropada demokratiyaya hücumudur. Bütün bunların günahkarı yalnız Obamadır. Rusiya hökuməti də sevinclə bu tezislə razılaşır”.

“Süddeutsche Zeitung” yazır ki, bundan əvvəl Trampın dilindən Putinin ünvanına səslənən tərifedici bəyanatlar və ABŞ-ın NATO-dakı müttəfiqlərinin kəskin tənqidi o anlama gəlir ki, Putin öz səylərinin bəhrəsini hələ Helsinki görüşündən öncə görməyə başlayıb: “Ötən həftə Tramp NATO-nu sarsıdan ifadələr işlətdi. Yəqin ki, Putin bunun üçün çox səy göstərib. Tramp üçün Putinlə görüş ilk növbədə nüfuz məsələsi idi. ABŞ prezidenti Vaşinqtonda onun ünvanına səslənən bütün ittihamları təkzib etməlidir. Tramp sözdə iddia edir ki, Rusiya ilə pis münasibətlər Obamanın günahı, yaxşı münasibətlər isə öz xidmətidir”.

“Der Spiegel”in yazarı Roland Nelles isə hesab edir ki, əməldə hər şey əksinə oldu: “Putinlə danışıqlar Rusiya ilə münasibətlərdəki kəskin küncləri hamarlamalı idi. Lakin ABŞ prezidenti bu vəzifəni yerinə yetirmək iqtidarında olmadığını Helsinki görüşündə bir daha nümayiş etdirdi”.

 

“Trampın Avropa turnesi fəlakət idi”

 

Nellesin fikrincə, Trampın Avropa turnesi bütün mənalarda fəlakət idi: “O, Almaniya, Böyük Britaniya kimi, köhnə müttəfiqlərin hamısını təhqir etdi. Və Birləşmiş Ştatlarla Avropa arasındakı uçurumu dərinləşdirdi. Helsinki görüşündə Trampın elədiyi demək olar ki, hər şey səhv idi. Vladimir Putin öz ölkəsində insan haqlarını pozur, neçə ildir ki, Suriyada qadınlara və uşaqlara qarşı savaşır. Krımı ilhaq etməklə Rusiya uzun müddətdir ki, beynəlxalq normaları pozur. Putin ABŞ prezidentinin – azad dünyanın liderinin dostluq edəcəyi şəxs deyil. Tramp isə Helsinkidə məhz bunu etdi”.

Almaniya mətbuatı ABŞ-da xüsusi prokuror Robert Müllerin Rusiyanın ABŞ-dakı seçkilərə mümkün müdaxiləsinə dair araşdırmasını da diqqətdən kənarda qoymayıb.

 

“Tramp Putinə daha çox inanır”

 

“Der Spiegel” yazır ki, bu mənada Rusiya-ABŞ prezidentlərinin birgə mətbuat konfransı keçirməsi tam absurd idi: “Putin Trampın rus agentlərin Trampın seçki qərargahı ilə əməkdaşlıq etmədiyinə dair bəyanatını dəstəklədi. Tramp məmnun idi və bundan yaxşı müttəfiq arzulaya bilməzdi. Bu dəhşətlidir”.

FAZ da görüşlə bağlı məqaləsində Müllerin araşdırmasına toxunub: “Tramp öz məxfi xidmət orqanlarından çox Putinə inanır. Bu kabusdur”.

“Der Tagesspiegel” isə məsələyə digər alman KİV-lərindən fərqli yanaşıb. Və hesab edir ki, Ağ Evin sahibi Putinlə taktiki və strateji baxımdan düzgün davranıb. Onu üzə ilə bərabər tutub.

“Gerd Appenzeller” də bu mövqeyi bölüşür və hesab edir ki, Barak Obama əksinə, özünü yuxarı tuturaq Rusiyanı regional güc kimi görmürdü: “Rusiya prezidenti də bunu ehtimal ki, meydan oxumaq kimi qəbul edirdi. Putin Suriya, Krım və Ukraynanın şəriqində Qərbə öz hakimiyyətinin sərhədlərini göstərdi”.

Strateq.az