Bu gün ADP Mərkəzi Qərərgahında “Qarabağ” Blokunun növbəti iclası keçirilib. İclasda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
Strateq.az xəbər verir ki, blok üzvləri ilk növbədə Avropa Parlamentinin qondarma erməni “soyqırımı”nın tanınması ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirib və tarixi reallıqlara söykənməyən, anti-türk, anti-müsəlman övqatı özündə əks etdirən bu qətnaməni qətiyyətlə pisləyib. Blok üzvləri bu qərarın qardaş Türkiyəyə və Azərbaycana qarşı siyasi təzyiq vasitəsi olaraq qəbul edildiyini, Avropa Birliyinin öz əcdadlarından miras aldığı xristian təəssübkeşliyindən qaynaqlandığını, bir zamanlar Osmanlı Türkiyəsində “sadiq millət” adı qazanan erməniləri siyasi alətə çevirərək, onlara ağır müharibə şəraitində olan Türkiyədə köç faciəsi yaşatmasından dolayı kompensasiya məqsədindən irəli gəldiyini bildirib və bu məsuliyyətsiz addımı çanaqqala döyüşündə məğlub olan Avropa dövlətlərinin revanşist hərəkəti kimi dəyərləndirib.
Strateq.az-ın məlumatına görə, blok üzvləri prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Ukrayna və Azərbaycan arasında analogiya apararaq qərbə radikal inteqrasiyanın geopolitikada ciddi problemlər yaradacağı ilə bağlı fikrlərini bölüşüb və hazırkı şərtlər daxilində Avropa ilə sıx inteqrasiya meyllərinin arzuolunmaz nəticələrə gətirəcəyini bildib. Eyni zamanda, blok üzvləri Avropa ilə inteqrasiyanın ölkə daxilində demokratikləşmənin ləngidilməsi, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması anlamına gəlməyəcəyi qənaətində olduğunu qeyd edib.
Strateq.az