XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

24 İyul 2018 - 19:56

Polkovnikdən ermənilərin hədəsinə reaksiya:""Mingəçevir SES-i hansı silahlarla hədəf alacaqlar?"

“Ermənilərin belə çıxışları, əsassız hədə-qorxuları daxili auditoriyaya hesablanıb”.

Bu sözləri Qarabağdakı erməni silahlı terrorçuların rəhbəri Levon Mnatsakanyanın ehtiyac yaranacağı təqdirdə Mingəçevir Su Elektrik Stansiyasına zərbə endirə biləcəkləri haqqında açıqlamasına münasibət bildirən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

O bildirib ki, bu açıqlamanı verən şəxs heç Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaq və sıradan çıxarmaq üçün nə lazım olduğunu belə bilmir:

“Digər tərəfdən, əgər bu gün Ermənistan və Qarabağdakı separatçı qüvvələr hansısa istiqamətdə Azərbaycana zərər vuracaqlarını bilsəydilər, bunu dərhal həyata keçirərdilər. Bu gün separatçı qüvvələri qorxu içində saxlayan rejimin yersiz vədlər verməsinin əsas səbəbi daxili auditoriyadan narahatlıqdır. Azərbaycanın keçirdiyi paraddan, hərbi təlimlərdən sonra Ermənistan əhalisi Azərbaycanın Silahlı Qüvvələri haqqında tam məlumatlıdır və Ordumuzun nəyə qadir olduğunu bilir. Ona görə də separatçı qüvvələr, hətta Ermənistanda da güc strukturlarının rəhbərləri bəzən yersiz, hədə-qorxu tipli vədlərlə öz əhalisini sakitləşdirmək istəyir”.

Polkovnik vurğulayıb ki, parad zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanı İlham Əliyev bütün dünyaya açıq şəkildə strateji hədəflərimizin Azərbaycan Ordusunun nəzarəti altında olduğu mesajını verdi:

“Ali Baş Komandan bunu Ordumuzun nümayiş etdirdiyi silahın, texnikanın qarşısında bəyan etdi. Bu gün Ermənistanın və erməni separatçı qüvvələrinin təlimlərə çıxartdığı silah-sursat 30-40 il bundan öncə istehsal olunub. Separatçı qüvvələr bu gün Mingəçevir Su Elektrik Stansiyasını hansı silahlarla hədəf alacaqlar? O silahı bir göstərsinlər, görək”.

Polkovnikin sözlərinə görə, erməni separatçıları Azərbaycana qarşı təxribat törətmək üçün axtarışdadır:

“Son Qazax hadisələri və Qazaxda ələ keçirilən erməni hərbçinin etirafları bunu bir daha sübut edir. Onların bu təxribatlarının qarşısını məhz Azərbaycan Ordusu alır. Bu gün cəbhə bölgəsində və təmas xəttində söz sahibi bizik. Ermənistan ordusu heç vaxt Azərbaycan Ordusu ilə müqayisə edilə bilməz. Ermənistan ordusunun Azərbaycan Ordusuna çatma imkanları da həddindən artıq azdır”.

Polkovnik qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və Müdafiə naziri David Tonoyan öz oğullarını Qarabağa göndərməsi də populizmdir:

Populizmlə ordu qurulmaz, inkişaf etməz. Büdcəsi olmayan, korrupsiya içində boğulan, Rusiyanın verdiyi bir neçə milyonluq köhnə, ianə silahların umuduna qalan Ermənistan ordusu səngərdə durmağa əsgər tapmır, əvəzində populizmi davam etdirir. Azərbaycan hədələmir, Aprel savaşında və bu il Günnüt əməliyyatında olduğu kimi, vaxtı çatdıqca, sözünü deyir”.

Qeyd edək ki, Qarabağın silahlı terrorçularının rəhbəri Levon Mnatsakanyan bu gün jurnalistlərə açıqlamasında ehtiyac yaranacağı təqdirdə Mingəçevir Su Elektrik Stansiyasına zərbə endirəcəklərini deyib.

Azərbaycan Müdafiə Nazirliyi isə Ermənistanda starateji obyektlərin yerləşdiyi əraziləri yüzillərlə yaşanılmaz hala gətirə biləcəyini bildirib/Axar.az.